Mərkəzi Bankın İdarə Heyəti bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi və bu normativin 01 mart 2025-ci il tarixindən sonra tətbiqinə başlanması ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq Qaydalara uyğun olaraq əsasən kredit “gap”i göstəricisinin 2%-i üstələməsi nəzərə alınaraq qəbul olunub. Əlavə olaraq, bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri də buferin tətbiqini şərtləndirən amillər sırasındadır.
2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil etmişdir ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.
Müvafiq qaydalara əsasən kontr-tsiklik buferin aktivləşdirilməsi üçün əsas göstərici kimi cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq (kredit “gap”i) istifadə olunur. Son qiymətləndirmələrə görə bu göstərici 2.9% təşkil edərək kontr-tsiklik buferin aktivləşdirilməsini aktuallaşdırıb.
Bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. 2024-cü ilin 11 ayında banklar 966 mln. manat xalis mənfəət əldə etmiş, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 mlrd. manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub. Bu şəraitdə banklar 2023-cü il ərzində 456 mln. manat, 2024-cü ildə isə 610 mln. manat dividend ödənişi həyata keçirib.
"Kontr-tsiklik buferin aktivləşdirilməsi Bazel Komitəsinin tövsiyələrinə uyğun olaraq bank sektorunun dayanıqlılığını artırmaq və maliyyə sabitliyini dəstəkləmək məqsədi daşıyır. Bu makro-prudensial alətin tətbiqi bank sektorunun mümkün şoklara qarşı dayanıqlılığını artırmaqla yanaşı onun kreditləşmə fəaliyyətinin fasiləsizliyinə imkan verəcəkdir.", - məlumatda deyilir.