6 Yanvar 16:37
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci il yanvarın 1-dən Kiyevin Moskva ilə tranzit müqaviləsini uzatmaması səbəbindən tədarükdə yaranan problemlər Avropada təbii qaz qiymətlərini yüksəldib.

Teleqraf.com Euroactiv-ə istinadən xəbər verir ki, Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) 2024-cü ilin sonunda təxminən 45 avro olan təbii qazın qiyməti hazırda MVt/saat üçün 50 avro təşkil edir.

Belə ki, "Title Transfer Facility"də fevral fyuçerslərinin qiyməti aşağı olsa da, ötən ilin dekabr ayının sonunda 200 faizdən çox artaraq 50 avro/MVt/saata çatıb. Hətta qiymətlərin 2025-ci ildə 70 avroya yüksələcəyi proqnozlaşdırılır.

“Qazprom”un tədarükü dayandırması Rusiya qazından asılı olan Dnestryanıda enerji böhranına səbəb olub. Yaranmış vəziyyət Dnestryanıdan enerji idxal edən Moldovaya da təsir göstərir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Moldova Avropanın Rusiya enerjisindən ən çox asılı olan ölkələrindən biri idi. 2022-ci ilin fevralından sonra “Qazprom” Moldovaya, o cümlədən Dnestryanıya qaz tədarükünü 30 faiz azaldıb.

“Qazprom” Dnestryanıda Rusiyaya məxsus Cuciurqan elektrik stansiyasını pulsuz qazla təmin edirdi. Bu elektrik daha sonra Moldovaya satılır və ölkənin enerji təchizatının təxminən 70 faizini təşkil edirdi. “Qazprom”un Rusiyanın Dnestryanı bölgəsindəki zavoda pulsuz tədarükü Moldovanın elektrik təchizatını Rusiyadan asılı saxlayırdı.

Avropa Şurasının hesabatlarına əsasən, Rusiya qazının Aİ idxalında payı 2021-ci ildəki 40% göstəricilərindən 2023-cü ildə təqribən 8%-ə düşüb. Boru kəməri qazı və mayeləşdirilmiş təbii qaz ilə birlikdə Rusiya Aİ-nin ümumi qaz idxalının 15%-dən azını təşkil edir.
Norveç və ABŞ 2023-cü ildə Avropanın ən böyük qaz tədarükçüləri olub. Norveç Aİ-nin bütün qaz idxalının demək olar ki, 30%-ni təmin edib.
Əlavə təchizatçılar arasında Şimali Afrika ölkələri, Böyük Britaniya və Qətər var.

Xarici mediaya əsasən, 2024-cü ildə yalnız Slovakiya Rusiyadan qalıq yanacaqları almaqda Fransanı ötüb. Sıralamada daha sonra Macarıstan, Avstriya və İspaniya yer alıb.


Müəllif: Teleqraf.com