3 İyul 2014 19:53
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səidə Qocamanlı: “Bu, açıq-aşkar plagiatlıqdır”

Suallarımıza Azərbaycan İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi Bürosunun direktoru, insan haqları müdafiəçisi Səidə Qocamanlı cavab verib. Müsahibimiz əsasən Avropa Şurası Parlament Assambleyasının yay sessiyası, sessiyada müzakirə edilən məsələlər, bəzi həmkarlarının onlara qarşı ittihamlarla çıxış etməsi və bunun səbəbləri haqqında danışıb. Eləcə də, hüquq müdafiə sferasına gənc hüquq müdafiəçilərinin buraxılmaması, bu sahənin monopoliyaya alınması haqqında iddialara cavab verib.

- Səidə xanım, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak etmisiniz. Müzakirələrdən razı qaldınızmı?
- Zənnimcə, bu sessiya həm ölkəmiz, həm də hüquq müdafiəçilərinin fəaliyyəti üçün uğurlu oldu. Sessiya məsuliyyətli idi, maraqlı görüşlər planlaşdırılmışdı. İkincisi, sessiyada Azərbaycan prezidenti İlham Əliyev çıxış etdi. Eləcə də, Ukrayna prezidenti Poroşenko sessiyada iştirak etdi. Ukraynada baş verən hadisələrdən kənar qalmaq mümkün deyil. Həm də bu sessiyada Avropa Şurasının baş katibi seçildi. Şübhəsiz ki, bu da bizim üçün maraqlı idi. Hamı Avropa Şurasına kimin rəhbərlik edəcəyini bilmək istəyirdi. Bu sessiya digər sessiyalardan həm də ona görə maraqlı idi ki, bizi narahat edən məsələlər gündəmə çıxmışdı.

- Hansı məsələlər?
- Bu məsələlərdən birini deyəcəyəm. Amma bilirəm ki, bu addımı bəziləri satqınlıq kimi qiymətləndirir. Lakin biz bununla bağlı uzun müddətdir ki, danışırıq, fikirlərimizi deyirik. Çünki bizim bu mövqeyimizi Avropa Şurası da dəstəkləyirdi. May ayında Bakıda AŞPA prezidenti xanım Anna və baş katib Yaqland ilə görüşəndə də mövqeyimiz üst-üstə düşdü. Hər ikimiz İşçi Qrupunun yenidən bərpa olunmasını məqbul saydıq. AŞ PA-nın sonuncu sessiyasında bu məsələ həll edildi. İndi söz Azərbaycan hökumətinindir. Bu İşçi Qrupu nə zaman yaranacaq və nə vaxt fəaliyyətə başlayacağını hökumət həll etməlidir. Bu Monitorinq Qrupunun, Eldar Zeynalovun və Arzu Abdullayevanın dəstəklədiyi xətt idi. Avropa Şurası son sessiyada Azərbaycan prezidenti ilə danışıb razılaşdı. İndi İşçi Qrupu yaradılacaq.

- İşçi Qrupunu yaratmaqda məqsəd nədir, orada kimlər təmsil olunacaq və hansı məsələlər müzakirə ediləcək?
- İlk olaraq qeyd edim ki, bir neçə il əvvəl bizdə İşçi Qrupu yaradılmışdı. Bu qrup ancaq siyasətlə məşğul olub həbs edilənlərin işi ilə məşğul olmurdu. İşçi Qrupunun üstünlüyü onda idi ki, hüquq müdafiəçiləri bir çox məmurların qapısını döyməkdə çətinlik çəkdiyi zaman, bizə gələn qalaq-qalaq şikayətləri iclaslarda ortaya çıxarıb məmurlarla həll edə bilirdik. Nəticədə insanların problemləri həll olunurdu. Yəni İşçi Qrupundan istifadə edərək insanların problemlərini operativ həll edirdik. Biz İşçi Qrupunda təmsil olunan dövrdə 177 nəfərin azadlığa buraxılmasına nail olduq. Bu, böyük iş idi. Üçüncüsü, bizim iclaslarda AŞ-nin Bakı ofisinin nümayəndəsi iştirak edirdi. İndi yeni yaradılan İşçi Qrupunda da AŞ-nin nümayəndəsi təmsil olunacaq. Bir sözlə, İşçi Qrupunda üç tərəf iştirak edəcək-hüquq müdafiəçiləri, dövlət strukturlarının nümayəndələri və AŞ-nin nümayəndəsi. Belə bir məsuliyyətli qrup yaradılacaq. Ümid edirəm ki, bu formatda bir çox məsələləri həll edə biləcəyik.

- Konkret olaraq İşçi Qrupunda təmsil olunacaq şəxslər məlumdurmu?
- Mən indi bunu deyə bilmərəm. Məndə olan məlumata görə, hazırda Bakı ilə Strasburq arasında bu mövzuda danışıqlar gedir. Mən İşçi Qrupunda kimlərin təmsil olunacağını bilməsəm də, hesab edirəm ki, burada çox prinsipial, obyektiv, hay-küysüz, işini aramla görən hüquq müdafiəçiləri təmsil olunmalıdır. Səs-küylə kiminsə problemini həll etmək qeyri-mümkündür.

- Ancaq İşçi Qrupunun yaranmasını və bu işlərdə Sizlərin aktiv olmasını bəzi həmkarlarınız satqınlıq kimi qiymətləndirir...
- Desinlər, nə olacaq ki? Onlara görə, biz neçə illərin “satqınıyıq”. Amma onlar “satqın” sözü altında nəyi nəzərdə tutduqlarını açıqlasınlar. Biz kimə satılmışıq? Hesab edirəm ki, insanlar bir-birinə düşmən axtarmamalıdır. Bu saat bizi ən çox maraqlandıran əlimizdə olan siyahıdır. Bizim dedi-qoduya vaxtımız yoxdur. Satqın deyirlər, desinlər, zaman özü kimin satqın olduğunu göstərəcək. Əgər mən onlara baş qoşsam, vaxtımı itirsəm, bu zaman əsas missiyamı yerinə yetirə bilmərəm. Missiyamın adı da hüquq müdafiəçisi, insanlara yardımdır. Bizim qapımızı hər gün onlarla insan döyür. Mən belə insanlarla oturub işləməliyəm, yoxsa durub mənim haqda danışanlarla çəkişməliyəm? Bizə çox təhqirlər yazırlar. Mənə elə gəlir ki, bu onların çatışmayan tərbiyələrindən irəli gəlir. Yəqin, evdə onları özlərindən böyüklə necə rəftar etməyi öyrətməyiblər.

- Sizi təkcə jurnalistlər deyil, həm də həmkarınız Leyla Yunus tənqid edir...
- Mən bu qadın haqqında ümumiyyətlə danışmaq istəmirəm. Çünki biz elə zamana gəlmişik ki, hərə özünə bioqrafiya yazır. İndi bioqrafiya yazmağa nə var ki. Heç kim bunun arxasınca gedib dəqiqləşdirmir. Bioqrafiyalarına yüz şey yazıb özlərini qəhrəman edirlər. İkincisi, özünü hüquq müdafiəçisi adlandıran qadın qəzetdə verdiyi müsahibədə işlətdiyi üzdəniraq ifadələrə yol verməməlidir. O, aqoniya vəziyyətində olduğundan bizim haqqımızda belə ifadələr işlədir. Desin, o da, mən də, həmkarlarım da göz qabağındayıq. Cəmiyyətdə belə fikirlər yaradan insan özünü hüquq müdafiəçisi adlandıra bilməz. Hüquq müdafiəçisi humanist, insanpərvər olmalıdır. Hər halda bizi belə öyrədiblər. Təsəvvür edin ki, mənim haqqımda Polşaya xoşagəlməz məktub göndərmişdilər. Mən indi bu insanın adını çəkmək istəmirəm. Çünki onu bağışladım. O, mənim əməkdaşlıq etdiyim təşkilata mənimlə bağlı şikayətlər göndərmişdi. Bu təşkilatın başında isə dünyada tanınan hüquq müdafiəçisi Marik Navitski dururdu. Bu şəxs Bakıya gəldi və biz birgə seminar keçirdik. Mən boş vaxtımızda ona dedim ki, sizə barəmdə məktub gəlib. O da cavab verdi ki, bizim vaxtımız yoxdur ki, belə məktubları oxuyaq. Bildirdi ki, işləmək, Asiya ölkələrinə gedib işləmək, onları Bakıya dəvət edib demokratiya, insan hüquqlarının əsasını öyrətməliyik. Bu, əsl hüquq müdafiəçisi pozisiyası idi. İndi Leyla Yunus iki aydır hər yana yazır. Nə olsun? Hər birimizin adı üstümüzdədir. O, elə başa düşməsin ki, yazmaqla uğur əldə edir. Əksinə, o, özünü daha da aşağılayır.

- 2001-ci ildə 716 nəfərlik siyahını siz hazırlamışdınız, yoxsa Leyla Yunus?
- Bu siyahını bəziləri öz adına çıxmaq istəyir. Bu siyahının hazırlanması 1993-cü ilə gedib çıxır. Mən o zaman 47 nəfərin adını kağızda yazmışdım. 1995-ci ildən sonra bu adamların adını bir-bir tapmaq çətin idi. Biz vəkillər və ailələrlə işləyirdik. Novella xanımın təşkilatında Əzizə ana və Natella xanım bu işlərlə ciddi məşğul olur, siyahını Eldar Zeynalova ötürürdülər. 2001-ci ildə Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu və Hüquq Müdafiəçilərinin Federasiyası yarandı. Bu zaman Eldar Zeynalovun hazırladığı siyahıdan Leyla Yunus yarınırdı. Bizi həmin zaman İtaliya səfiri ofisinə dəvət etdi. Orada Avropa ölkələrinin səfirləri də iştirak edirdi. Bizə dedilər ki, vahid siyahı hazırlayın. Biz də buna razı olduq. Həmin görüşdə Leyla Yunus siyahını mənim qarşıma atıb dedi ki, mən bunlarla işləməyəcəyəm. Məsələ belə olub.

- Gənc hüquq müdafiəçilərinin ortaya çıxmasında maneələrin olduğu, bu sahənin monopoliyaya alındığı iddia edilir. Sizin buna münasibətiniz necədir?
- Bu meydan, bu da onlar. Ortaya çıxıb işləsinlər. Kim onlara deyir ki, işləməyin? Kömək lazımdırsa, məmnuniyyətlə edərik. Biz neçə-neçə hüquq müdafiəçisi hazırlamışıq. Bu saat onlar regionlarda işləyir. Biz bu işlə məşğul olmuşuq. İndi də ortaya çıxıb işləsinlər, amma bir şeyi unutmasınlar. Bizim başmaqlarımızı geyə bilərlər, amma bizim yerişimizi yeriyə bilməzlər. Hərənin fərdi xüsusiyyəti var. Kim onları ortaya buraxmır, bizmi? Sadəcə hələlik onlarda səriştə və vərdişlər yoxdur. Bu vərdişləri öyrənmək lazımdır. Əlinə kağız alaraq internetdə hansısa pozuntuları toplayıb harasa göndərmək hüquq müdafiəçisinin işi deyil. Hüquq müdafiəçisi canlı işləməli, insanlarla təmasda olmalı, hüququ pozulan şəxslərlə əlaqə qurmalıdır. Bizim üstünlüyümüz odur ki, həbsxanalara girə bilirik. Bilirlər ki, biz obyektiv insanlarıq. Həbsxanada görüşüb bir çox insanların problemlərini yerində həll edirik. Sonra da bu problemlərlə məşğul oluruq. Amma ofisdə oturub kompüterdən nəsə köçürmək və sonrada bunu öz adına çıxıb harasa hesabat kimi göndərmək gülməli şeydir, ciddi iş deyil. Bu sadəcə plagiatlıqdır. Əgər sən faktı əldə etmisənsə, get onu araşdır. Məşhur hüquq müdafiəçisi Marik Navitski mənə tövsiyə edirdi ki, əgər sən hansısa bir pozulmuş hüquq haqda fakt əldə etmisənsə, onu bir neçə mənbədən yoxla. Çünki bu yalan ola bilər. Bu məlumatı bir neçə mənbədən öyrənəndən sonra onu mətbuata ötürə və həlli ilə məşğul ola bilərsən. Bunlar hamısı dərslərdir və hüquq müdafiəçisi bu cür olmalıdır. İndiki gənclər belə dərslər keçmək istəmirlər.

- Gənclər Sizinlə işləmək istəmirmi?
- Gəlsinlər, qapımız üzlərinə açıqdır. Amma onlar heç bizə salam vermək istəmirlər. Görün cəmiyyətimiz nə gündədir ki, gənclərimiz kiminsə iddiasına görə, guya biz satqınıq, hökumətə işləyirik deyə, bizimlə üz-üzə gələndə salam belə vermirlər. Bu harada görünüb? Bizdə həmişə böyüyə hörmət olub, onu saymışıq. Hər halda biz belə öyrənmişik və görmüşük. İndi ortada olan gənclər heç adamı saymırlar. Tərbiyədən uzaq biri Facebook-da barəmizdə status yazıb. Yazsın da, nə olacaq. O yazır, ona oxşarlar da bu statusun altından imza atır. Biz işıqlı insanlarıq və çalışmışıq ki, vətənimizə işıq gətirək. Biz elə həmin insanlarıq ki, müstəqilliyimiz uğrunda meydanlarda yatmışıq, bayrağın bu gün fəxarətlə dalğalanmasında az da olsa rolumuz olub. Onların bu gün müstəqil ölkədə, bu bayrağın altında yaşaması üçün biz meydanlarda yatıb xəstəlik tutmuşuq. İndi siz bizi satqınlıqda qınayırsınız? Biz kimə satılmışıq, erməniyəmi? Gedin ermənilərə satılanlardan danışın!

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər