20:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə həmin komitənin sədri Zahid Oruc, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının yeni tədris binasında olublar.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, millət vəkilləri yeni tədris binasında yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, imtahanların keçirilməsi zamanı şəffaflığın təmin olunması üçün beynəlxalq standartlara cavab verən imtahan otağı, elektron kitabxana, ən müasir avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, kursantların biliklərinin təcrübədə tətbiqi üçün məhkəmə zalı, müasir üslubda tikilmiş yeni yataqxanalar, atış tiri, idman zalları və yeməkxana ilə tanış olublar.

Akademiyanın rəisi, polis general-mayoru Daanov Canpolad və rəisin birinci müavini, polis polkovniki Vüqar Mansurov Akademiyada tədris prosesinin təşkili, məktəblilərin Polis Akademiyasına cəlb olunmasında DİN-in rolu, Polis Akademiyası kursantlarının hüquq olimpiadalarında son illər daim birinci yeri tutması, Akademiyanın beynəlxalq əlaqələri, ingilis dilinin tədrisi, COP-29 konfransı zamanı ingilis dilini yüksək səviyyədə mənimsəmiş 400-ə yaxın kursantın könüllü kimi tədbirlərdə fəal iştirakı və digər məsələlər barədə deputatlara məlumat veriblər.

Deputatlar dərs prosesi ilə tanış olub və kursantların atış bacarıqlarını müşahidə ediblər. Yaradılmış şəraitdən yaxşı mənada heyrətləndiklərini gizlətməyən millət vəkilləri dünyanın bir çox aparıcı ölkələrində kursantlar üçün belə bir şəraitin yaradılmadığını qeyd edib, ünsiyyətdə olduqları kursantlara və Akademiyanın rəhbərliyinə uğurlar arzulayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər