22 Aprel 2014 11:44
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yazıda yazılan hər bir cümlə müəllifin uydurmasıdır. Ciddiyə almamağınız və inanmamağınız şiddətli şəkildə tövsiyə olunur. Beləliklə başladıq...

Məsələn, mən yazsam ki, "Bakı" futbol klubunun baş məşqçisi Milinko Pantiç yaxşı məşqçidir. O, gözəl kollektiv formalaşdırıb. Serb mütəxəssisin Azərbaycana gəlişində yeganə məqsədi Azərbaycan futbolunu qaldırmağa kömək eləməkdi. Əminliklə demək olar ki, onun əziyyətləri öz bəhrəsini verir. Komanda daxilində əla nizam-intizam hökm sürür. Futbolçular həm ayaqlarını, həm də başlarını yaxşı işlədirlər.
Hətta Etto adlı futbolçu baş məşqçisinin "başınızı işlədin" tapşırığına o qədər aludə olub ki, başını yanlış yerdə və yanlış zamanda işlədib.

Gəncdir, bilməyib, günahından keçmək lazımdır. Hər komandada, hər ölkənin çempionatında belə hallar olur və sair və ilaxır... İNANMAYIN!

Və yaxud yazsam ki, "Neftçi"nin çempionat başlayandan bura "Sumqayıt"la oyunlarda qələbə sindromu var. Bu komandaların oyunu həmişə öz gərginliyi və prinsipiallığı ilə seçilir. Mükafatlar uğrunda mübarizə aparan "ağ-qaralar" kubokun yarım finalında "Rəvan"la oyundan sonra yorğun olduqlarından, eyni zamanda "Sumqayıt" zəif rəqib olduğu üçün konsentrasiya problemi yaşadıqları üçün öz meydanlarında məğlub oldular. Yoxsa bu məğlubiyyətə başqa don geyindirmək, müxtəlif söz-söhbətlər çıxarmaq lazım deyil. Hər komandanın belə enişli-yoxuşlu qrafiki ola bilər və sair və ilaxır... İNANMAYIN!

Lap elə, Allahımdan dönüb yazsam ki, "Qarabağ" onsuz da bütün çempionat boyu "Simurq"la oyunlarda çətinlik çəkib. Baxmayaraq ki, son oyunlarının hamısında güclü, zəif demədən bütün rəqiblərini 3-5 top fərqi ilə udublar, ancaq çempionluğun bir addımlığında oyunçuların da eyforiyaya qapılması və arxayınlaşması onlara baha başa gəldi. Həm də bilirik ki, öz evində oynayan "Simurq" "İnter"dən başqa hələm-hələm komandaya asanlıqla uduzan deyil.

Əsas rəqiblərindən "Neftçi"nin də məğlub olduğu turda çempionluğun bir addımlığında ikən heç bir komanda istəməz ki, uduzsun, öz işini bir az da yubatsın. İndi ağdamlılar da bir qəzaya düşüblər, olur belə hallar və sair və ilaxır... İNANMAYIN!

"Xəzər Lənkəran" haqqında yazası olsam ki, Mustafa Dənizlinin gəlişindən sonra komandada gözlə görüləcək dərəcədə irəliləyişlər var. Artıq müəyyən olunmuş stabil oyun şablonu var, oyunçular yaxşı forma yığıblar. Kubokdakı məlum "Qəbələ" fiaskosuna baxmayaraq komanda ruhdan düşmür,
hələ də Mustafa Dənizlinin gələcəyinə böyük ümidlə baxırlar.

AZAL ilə öz meydanında əldə olunan heç-heçə isə tamamilə təsadüfdür. Hər kəsə məlumdur ki, güclü azarkeş dəstəyinə malik olan lənkəranlılar istəsəydilər AZAL-ı bir ayaqla da uda bilərdilər və sair və ilaxır... İNANMAYIN!

"Rəvan"dan bəhs eləsəm ki, bu komanda Güvənc Kurtarla sanki ikinci baharını yaşayır. Türk mütəxəssisin müstəsna məşqçilik qabiliyyəti və bildiklərini öz yetirmələrinə aşılamaq bacarığı nəticəsində "sarı-qırmızılar"ın oyunundakı irəliləyiş göz önündədir.

Baxmayaraq ki, çempionatda işlər heç də yaxşı getmir, komanda artıq sonuncu sırada məskunlaşıb, ancaq tezliklə bu halların aradan qaldırılacağına inamımız və güvənimiz böyükdür. Qalan bütün oyunlarda maksimum güc sərf edərək, itirlimiş mövqe yenidən bərpa ediləcəkdir və sair və ilaxır...
İNANMAYIN!


Müəllif: Zaur Xudiyev