Ötən həftə saytlardan oxuduğumuz bir açıqlamadan yazmaq istəyirəm. Murad Köhnəqalanın yazmağın lüzumsuzluğu barədə dediklərindən.
Başqalarını bilmirəm, mən Muradı həmişə yazmağa-yaratmağa eşqili görmüşəm. Hələ “Azadlıq” qəzetinin redaksiyası “Xaqani” küçəsində olduğu dövrdə onu iki daşın arasında, ikidə bir qələmi yerə qoyub, ovcunun tərini ətəyinə silə-silə yazdığı köşələri, o dövrdə yazı-pozuya həvəs göstərən dostların hamısının beynində əməlli-başlı inqilab eləyən bənzərsiz şeirləri, əlvan formalarda yazdığı hekayələri mənim gözümün qabağında yaranıb. Məişət qayğılarının içində, “ley-pey”lərin dumanında yazmağa-yaratmağa vaxt tapmasına həmişə qibtə etmişəm.
Muradın bir “Bizim yol” dövrü də oldu – Natəvan heykəli tərəfdəki redaksiya. Çantasını çiyninə, məni yanına alırdı, pilləkənləri tez-tələsik qalxıb, yuxarı çıxan kimi mətbəxə keçirdik. Jurnalist dostlarla ordan-burdan danışıb çənəmiz qızışırdı, bir də onda ayılırdım ki, Murad yoxdu, içəri keçib ki, köşəsini yazsın. Təxminən bir saatdan sonra gəlirdi:
– Getdik!
Onun əminliklə dediyi “getdik” sözünün arxasında azı Zabitlər Evində qutabla pivə olduğunu bilirdim deynə bu “getdik” ürəyimə yağ kimi yayılırdı.
Hələ “Yeni Müsavat”ı demirəm – Neftçilər metrosunun yanındakı redaksiya. Onda Murada bir dostu kompüter bağışlamışdı, o kompüteri birlikdə şairin Şüvəlanda qaldığı evə apardığımız gün də yaxşı yadımdadır.
“Yeni Müsavat”ın redaksiyasına həftədə bir dəfə qonorar almağa, ordan da çıxıb, Neftçilər xəngəlxanalarının birinə “qonorar verməyə” gedirdik...
Mənə qəribə gəlirdi ki, bu adam bu boyda qeylü-qalın içində, gündəlik qayğıların qovhaqovunda həftədə üç-dörd dəfə, bəzən hər gün yazı yazmağı necə bacarır? Özü də necə yazılar - gözəl bir hekayə səviyyəsində olan köşələr, siyasi ehtirasların ən qızğın vaxtında belə içində yumorunu diri saxlayan yazılar, cəmiyyəti saflaşdırmağa yönəlik silsilə araşdırmalar.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatından yazan, yazdıqlarını iddia eləyən tənqidçilərin, məqalələrinə, kitablarına hərdən göz atıram, görürəm orda Muraddan söz açmayıblar. Muradsız müstəqillik dövrü ədəbiyyatı olarmı, a dəftəriniz qara gəlsin! Muradın düşüncəsi, yazdıqları, həyat tərzi məhz sovet qəlibindən kənarda, tamamilə yeni, azad düşüncəli yazar portreti deyilmi? Müstəqillik illərimizin ictimai bəlalarını “Bulud pinəçisi”ndən daha yaxşı hansı əsər göstərib? Gündəlik qayğıların içində öz mənəvi müvazinətini itirməyən, az qala, dəli olmaq həddinə çatan bir insanın keçirdiyi mənəvi-psixoloji travmaları onun “Yuxular” silsiləsindən başqa haradan öyrənə bilərik?
Hələ bu günün dərdlərini, günümüz insanının qayğılarını, düşdüyü çətin vəziyyəti təsvir edən, o vəziyyətə üsyan edən şeirləri demirəm...
Bəzən onun yazılarında gördüyüm tələskənliyin, hütələkliyin prozayla uyuşmayan tezbazarlığın səbəbini qayğılar içində yaşayan bir ziyalının düşdüyü vəziyyətdə görürdüm, amma sonradan şükür eləyirdim ki, yenə sağ olsun, bu boyda həngamənin içində, heç olmasa, “Bulud pinəçisi” kimi gözəl bir əsər yaradıb.
Bu gün Murad Köhnaqala yazmaqdan bezdiyini, yazmağın lüzumsuzluğunu deyir. Bu, mənim üçün, Muradın yazılarını sevə-sevə oxuyan, Muradın yazılarıyla böyüyən 2000-lər nəsli üçün kədərli bir etirafdır.
Çünki Murad Köhnəqala çiynində çantası Bakı küçələrində gəzə-gəzə çayxanada, kafedə mühazirə deyə-deyə bir nəsil yetişdirib. O nəslin övladları bu gün çağdaş Azərbaycan ədəbiyyatını yaradırlar, Muraddan öyrəndiklərini, onun məclislərində yığdıqlarını hələ də müxtəlif saytlarda, portallarda xırd eləyirlər.
Vaxtilə “Bulud pinəçi” kitabını birlikdə oxuyan, çantasında gəzdirən sevgililərin ailəsi var. Onların övladları şeir yazır...
Yazmaq-yaratmaq ehtirasıyla yaşayan bir insanı yazmaqdan bıkdırmısınız, onu bir tikə çörəyə möhtac qoyub, kirayələrdə süründürürsünüz, ayıb olsun sizə! Hər gün çörəkpulu qayğısıyla yaşayan adamda yaradıcılığa heymi qalar?
Bəli, müstəqil ölkənin müstəqil ədəbiyyatı yaranmalıdır, yaranmalıdır ki, o müstəqilliyi gücləndirsin, hər cür yad təsirdən, müdaxilədən qorusun. Dövlətə, millətə mənəvi dayaq, sütun olsun.
Biz sovet hökumətini ona görə yıxdıq ki, Cabir Novruz hökumətdən səkkiz ev alanda, Əli Kərim zirzəmidə can verirdi. İndi Murad kirayələrdə qalıb, min cürə yaltaq ordusu yağ-bal içində ömür sürəcəksə, o boyda şəhidlər tankın altına niyə girirdi?
Belə şeyləri başa düşməyən millətdən millət olarmı?!