Bəlkə atam bilər:
– Mən hardayam?
– Evdə...
– Yoxam axı, otağıma baxdım indicə.
İnanmadı atam.
– Yalan deyirsən. Bayaq gördüm, uzanmışdın çarpayına. Yerinin içində qurcalanırdın. Bir-iki dəfə çağırdım, hay vermədin.
– Niyə?
– Bilmirəm. Gözlərin açıqıydı, üzün də tüklü. Bir gecəyə saçların uzanmışdı, saqqal basmışdı səni.
– İnanmırsan gedək bir yerdə baxaq otağıma. Vallah, yoxam, ata! Yorğanımın altı boşdur.
Atam bərk əsəbiləşdi, əlimdən tutub otağıma keçdi:
– Korsan? Görmürsənmi yorğanın altındasan?
– Hanı?
Atam yorğanı qaldırdı. Gördü yoxam.
– Bəs indicə burdaydın axı, bir dəqiqə qabaq yerində gördüm səni.
– Bəlkə anam bilər?
Anamı çağırd:
– Balam hardadı?
– İndicə hamama girdi əl-üzünü yumağa. Gözlə, çıxacaq bir azdan.
Nə qədər gözlədim hamamın qapısının ağzında. Çıxmadım. Qapını azca araladım, gördüm heç kim yoxdu içəridə.
Anam:
– Bəs bura girdi axı indicə.
Bacımdan soruşdum yerimi.
– Qardaşın hardadı?
– İndicə hamamdan çıxıb otağına girdi. Yəqin əynini geyinir.
– Bəs bayaqdan durmuşam axı burda. Çıxdığımı görmədim.
Otağa baxdım, yoxuydum. Nə qədər axtardım, çarpayımın altına baxdım, sonra asılqana, ordan da kitabların arasına göz gəzdirdim, orda da yoxuydum.
Heç kəs tapa bilmədi məni. Nə atam, nə anam, nə bacım, nə də qardaşım...
Onda gedim iş yerimə. Neçə gündü axtarıram özümü. Telefonuna zəng də çatmır. Bu adam hardadı, görəsən? Elə bil yer yarıldı, içinə girdi.
– Hə, yəqin, işdədi – anam dedi.
Mütləq. İş yerim hara buradı. Amma eybi yox. Necə olur olsun tapmalıyam özümü. Özümə bircə kəlmə sözüm var. Daha doğrusu, oturub söhbət eləmək istəyirəm ətraflı. Görüm nə istəyirəm. Sözümə baxmasa tüpürəcəm onun üzünə. Alçaq!
Düzdü, iş yerim çox uzaqdadı, amma bir göz qırpımında gəlib çatdım.
– Mən hardayam? – qapıda mühafizəçidən soruşdum.
– İndicə girdin içəri, yuxarı çıxdın, get, görəcəksən.
Tələm-tələsik qalxdım yuxarı, qapını yavaşca aralayıb stuluma baxdım, yoxuydum. Əllərimi stulun üstünə sürtdüm. Bəlkə burdayam, görmürəm. Şöbə müdirimdən soruşdum. Dedi, iki dəqiqə qabaq burdaydı, çölə çıxıb, gələr indi. Gözlədim, yenə gəlmədim.
Mühafizəçini çağırdım:
– Bəs deyirsən, burdayam?
– Vallah, indicə girdin içəri. Yəqin harasa çıxmısan. Gələrsən indi... Gözlə!
Gözlədim saatlarla. Gəlmədim. Harda axtardımsa tapmadım özümü. Bilmədim, neyləyəm. Axırda şəklimi də götürüb polisə üz tutdum. Ərizə yazdım ki, neçə gündü yoxa çıxmışam, məni tapın. Əlamətlərimi dedim. Boyum 1 m, 78 sm, çəkim 70 kq. Gözlərimin rəngi şabalıdı. Uzun saçlarım var, üzüm də tüklü. Xahiş edirəm, məni tapın. Necə olur-olsun, tapın məni. Təcili lazımam.
Polis bölməsindən çıxıb balaca daşın üstündə oturub fikirləşməyə başladım. Görəsən, mən itirdiyim adamların hansıyam? Tapsam, öldürəcəm özümü. Görəsən, hardan düşdüm, harda yıxıldım? Nə qədər fikirləşirəm yadıma gəlmirəm. Görəsən, məni tapan olubmu? Qaytaracaqlarmı geri? Bəs qaytarmasalar, necə olacam? Yerimi kimdən soruşum, ay allah?
Məni kim tapa bilər, əlini qaldırsın.