18 Sentyabr 2017 22:43
1 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən, insnların həyatını oxuduqları kitab dəyişdirir, mənimsə bəxtimə yazdığım kitab düşdü.

Nizami adına Ədəbiyyat İnstitutunda aspirant idim. Həm 20 nömrəli məktəbdə, həm kurslarda dərs deyir, repetitorluqla məşğul olurdum. Yeni dərsliklər nəşr edildiyindən o vaxt şagirdlərin istifadə etdiyi akademik Möhsün Nağısoylunun Ədəbiyyat vəsaiti artıq fünksiyasını itirmişdi. Dərslikləri özündə əks etdirən yeni bir ədəbiyyat vəsaitinə ehtiyac var idi. Şagirdlərimə vərəq-vərəq yazıb verdiyim hissələr maraqla qarşılanırdı. Elə ideya da ordan gəlmişdi. Yay ayları ən münbit vaxt idi. Oturdum və yazdım.

Kitab bitəndə çap üçün maliyyə vəsaitim yox idi. Dostlardan birinə “Gəl, şərik kitab çxıaraq” dedim, razı olmadı, amma 500 manat borc verə biləcəyini dedi. Atamdan da ala bilməyəcəkdim pulu, çünki buna qədər iki şeirlər kitabım çıxdığından kitabdan xeyir gəlməyəcəyini bilirdilər. Hətta bəzi dostlara həvəslə hədiyyə etdiyim şeirlər kitabımı yataqxanada “pletka”nın ayağı altına qoyub tarazlıq üçün istifadə etdiklərini bildiyimdən mən də tərəddüdlü idim. Amma risk etmək lazım idi. Yoldaşıma aradabir ev almaq üçün verdiyim pulları gətirməsini dedim. 500 manat da o. 1000 manat düzəlmişdi artıq. Elmi və Pedaqoji məsləhəti dostum, tanınmış pedaqoq Ağababa İbrahimovdan almışdım, sonrakı çap işlərində də ondan xeyli dəstək gəldi.

Kitabı dizayn edəndə üzərində Vindovsun şəkillərindən biri olan hədəf işarəsini qoyub, oxların lələyini Azərbaycan bayrağı kimi edərək kitaba loqo düzəltdim. Ardınca üzərinə bir şüar yazdım: Tələbənin Qabaqcıllığı Dövlətin Keyfiyyətidir. Əslində bu, TQDK abreviaturasına verdiyim yozum idi. Kiçik qalmaqallar yaşasam da, qurumun təklifi ilə sonralar bu sözü kitabdan çıxardım.

Kitab çap ediləndə dostum Elxan Nəcəfova bir iş təklifi etdim. Çünki onda o da işsiz idi. Elxan bəy sevə-sevə kitabın satış işlərinə başladı. Sentyabrda satışa verdiyimiz kitab qısa müddətdə bazarı silkələdi. Min tirajla çıxan kitab yanvara qədər 10000 tiraj satıldı. İl sonuna qədər 20000 tiraja qədər qalxdı, hərçənd, bundan iki dəfə çox plagiat formada satıldı. Çünki yetərincə çox çap etmək üçün maliyyəmiz yox idi. Bir gün Fərman (sonradan dostlaşdıq) adlı bir şəxs mənə zəng edib kitabı sata bilmədiyimiz haqqında şikayətləndi: “Müştərilər öldürür bizi, ya kitab gətirin, ya da “kopya” satacağam”, - deyə etiraz etdi.

Kitabın icazəsiz çap edilməsinin qarşısını ala bilmədiyimizdən çox gərgin idik. Bir gün əziz dostum, unudulmaz məsləhətləri ilə yol göstərən Ağababa İbrahimov müəllim dedi ki, niyə narahatsan, onlar səni reklam edir, bütün Azərbaycana yayılır, işin olmasın. Gələn il daha yaxşı satılacaq, sən ona hazırlaş. Dediyi kimi də oldu. 2007-2008 ci ildə nəşriyyat 30 mindən çox kitab satdı.

Artıq Şəmil Sadiq imzası və kitab bütün ölkədə tanınırdı. Oxucular satıcıdan kitab istəyəndə “Şəmil Sadiq ver bir dənə” deyirdi.

Bir gün oxuculardan şikayət gəldi ki, kitab çox bahadır. Ona görə də mağazaları gəzmək qərarına gəldim. Onsuz da kitabı mağazanın qabağına qədər avtobusla və ya metro ilə özüm gətirirdim, sonra Elxan müəllimə verirdim. Əlbəttə ki, satıcılar məni tanımırdı. Qiymətini soruşanda çox baha olduğunu deyib, etiraz etdim satıcıya. Dedim ki, müəllifə şikayət edəcəm. Satıcı gülərək dedi ki, rəhmətliyin oğlu, bu kitabın müəllifi indi hansısa kabinetdə qıçını aşırıb qıçının üstünə çay içir, sən hara, o hara?!

İndi artıq həmin Ədəbiyyat vəsaitimin 12-ci nəşri çap edilir, yenə sentyabr, yenə təhsil ilinin başlanğıcı... Yenə o kitabdan gələcək gəliri həvəslə gözləyən bir müəllim. Amma indi qocalıb, əvvəlki illər kimi satılmır. Artıq zaman o zaman deyil, lakin həmin yaşıl üzlü Şəmil Sadiq kitabı ayaqdadır, şagirdlərin, magistrlərin, müəllimlərin sevimlisi olan bu kitab həyatıma elə gəldi ki, məni vərəqləri üzərinə alıb Azərbaycanı gəzdirdi, sevdirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, indi hansısa kitabın 12 ildir kitab bazarında öz mövqeyini belə sağlam yaşada bilməsinə inanmıram.

Və bü gün İngilis və ərəb dillərinə tərcümə edilərək ədəbiyyatımızın tanıtımı rolunu oynayır.

Oxucularıma, tələbələrimə, şagirdlərimə və müəllim yoldaşlarıma minnətdarlıq hissimi bildirir və bu il bu kitabdan gələn gəliri məhz Ədəbiyyatımızın tanıtımına ayırmağı qərarlaşdırdım. Çünki bu gün qazandığım bütün uğurları məhz bu kitaba, ədəbiyyata borcluyam.

Ədəbiyyatdan qazandıqlarımdan ədəbiyyatın inkişafına ayırmaqla ümid edirəm ki, yüz minlərlə oxucusu olmuş bu kitaba olan minnətdarlıq borcumu kiçik də olsa qaytarıb rahatlıq hissi keçirər, əməlimlə bir daha motivasiya olaram.

Bu kitabın 12-ci tirajından gələn gəlirlə 20 cildlik “Azərbaycan Ədəbiyyatı” antologiyası ingiliscə çap edilərək, Frankfurt kitab sərgisində oxuculara təqdim olunacaq.


Müəllif: Şəmil Sadiq