Kəramət Böyükçölün Xəlil Rza ilə bağlı tozanaq qoparan, davalı filmləri xatırladan statusu haqda yazmaq istəyirsənsə, dərhal özünü də, yazını da kasko sığorta etdirməlisən...
Sığortanın bəndlərini həmin statusdan doğan suallar şəklində belə tərtib etmək olar:
- Səncə, bütün mübariz yazar-şairlər istedadsızmı olub?
Hə desən, onda:
- Hüqo inqilabçıydı, barrikadalarda “qışqıra-qışqıra” şeir deyirdi. Dostoyevski petraşevskiçi, inqilabçı olmuş, güllələnməyə məhkum edilmişdi. O da istedadsızdı? Nazim Hikmət də ucadan, hayqıraraq şeir deyirdi, bu da onun istedadsızlığının əlamətiydimi? Bax, “qışqıraraq” yox, “ucadan” deyirəm. Hələ də sözlərin seçilməsində, fikrin hansı kəlmələrlə ifadə olunmasında təcrübəsizliyini etiraf edirsənmi?
- Səncə, Xəlil Rza milli ədavəti qızışdırırdı, yoxsa, milli ədavəti qızışdırmış ermənilərə adekvat cavab verir, millətin sovet dövründə susdurulmuş etiraz ruhunu oyadırdı?
- Qarabağda Azərbaycana asi çıxmış, xəyanət etmiş ermənilərə lənət oxunmasaydı, Qarabağ savaşı olmayacaqdımı?
- “Xəlil Rza xəndək qazırdı, yaxud KQB-nin qazdığı xəndəyi dərinləşdirirdi”, - deyirsən, xalqı da, oğlu da o xəndəyə yıxıldı deyirsən. Səncə, bu xəndəyi kimlər qazırdı, xəlillər, yoxsa imperiya və xəyanətkar qonşular?
- Xəlil Rza kimi adamlardan danışanda malı-mala, yəni yaradıcılıqla ictimai fəaliyyəti bir-birinə qatmaq nə qədər doğrudur? Axı sən özün də o fikirdəsən ki, yazarın şəxsiyyəti ilə yaradıcılığını bir-birinə qatmaq olmaz...
Məncə, sığorta üçün bu qədəri yetər.
Keçək mətləbə.
Kəramət hər yazısında nəyisə üzə çıxarır. Məsələn, Araz Əlizadənin içindəkiləri, ilahiyyatçı müəllimin cinlərini və s. Elə götürək sonuncudan əvvəlki, “Mən bu qədər roman yazmışam, ama heykələ söz yazan o gənclər qədər qəhrəman sayılmıram” deyə, yana-yana yazdığı statusu. O statusun sonunda bir cümlə vardı: “Onların məhkumluğunun bir əfvlik canı var, mən isə ömrüm boyu azad ola bilməyəcəyəm”. Həmişə belədi Kəramət – vurğunu heç vaxt çatdırmaq istədiyi, mətnin dərində yerləşən fikrinin üstünə qoymaz, cəfəng, əsassız cümlələrini önə çəkər... Çünki bilir ki, müdriklik, zəka sükut doğurur! Adam bir romanın canı ola biləcək mübariz ruhlu, dərin psixoloji-sosialoji qatları olan söz deyib! Tam bir epoxanın FACİƏSİNİ açıb. Mən o sözü üsyan hesab edərəm rahatlıqla. Niqablı üsyan. Onun üsyanları saya-hesaba gəlməz! Gördünüzmü o üsyanları, alqışmı dediniz, təriflədinizmi, atasına təşəkkürmü etdiniz onlara görə? Yox, təbii...
Bəli, Kəramət hər dəfə nəyisə üzə çıxarır.
Bu dəfə cəmiyyətin içindəki amansız, illərdən bəri yığılıb qalmış aqressiyanı üzə çıxardı. Adamlar var bir qəbil. Onlar heç vaxt Kəramətdən, başqa bir yazardan, ziyalıdan ağıllı, müdrik söz, yazı, fikir axtarmırlar. Eləcə təpədən dırnağa hirs-hikkə içində marığa yatıb o cür sözlər gözləyirlər ki, zəhərlərini boşalda bilsinlər. Onlara Xəlil Rza (yaxud başqası) haqda məhz belə fikirlər lazımdı: yonulmamış, düzgün ifadə edilməmiş, yeri gəlmədən, heç nəyə təsir etməyəcək, heç nəyi dəyişməyəcək fikirlər. Ki od vursunlar, yandırsınlar, yaxsınlar, qan axıtsınlar, dişlərinin dibindən çıxanı deyib, əllərinin içindən gələni edib boşalsınlar... Axı heç birinin işi düz getmir, heç işləri də yoxdu əslində, onlar özlərini həşərat hesab etməyə məcbur edən yüzlərlə qaniçmişi yerində oturda, qorxuda, hədələyə bilmirlər, dillərini udurlar, ürəklərində donquldanırlar, bu da içlərinə vurur.
Aha, bir başıdaşlı, “başıma daş düşsün” deyən, öz diliylə desəm, səy Kəramət var, onların xilaskarı, onlara şok terapi verib ayağa qaldıran, hardasa elə Xəlil Rza kimi biri, ama başqa ampluada, durub malı-mala qatan status yazır və ha budu, urreyy, xalq hərəkatı başladı! O xalq hərəkatı ki, xoş heç nə vəd etmir.
Nə Kəramət fikrini dəyişəndi, Nə Xəlil Rza istedadını itirən–artıran. Sadəcə, adamların hirsi soyuyur, yüngülləşir, özlərini qəhrəman sayırlar, heç olmasa bir statusun tufanı səngiyənə kimi. Sonra yenidən sus-pus, yenidən sükut və yenidən marığa yatma.
Burnunu tutsan canı çıxacaq Kəramətə necə qıyırsan... Yoxsa kəl boyunlular, adamı dən kimi üyüdərlər!
İntiharlar çoxalıb, ana-ata, ər-arvad, bacı-qardaş, qonum-qonşu qətlləri tüğyan eləyir. İnanın, Kəramət bəlkə də o hirs-hikkəni özünə sarı çəkməklə neçə qətlin qarşısını alıb.
Xəlil Rza elə sənin, mənim azad söz deyə bilməyim üçün savaşıb! Ancaq neynəyəsən ki, həyatın qanunu budur: bəzən səninçün azad söz hüququ təmin etmiş adamın özü də öz zəhmətinin acısını məhz səndən dadır. Bəli, Xəlil Kəramətin söz deyə bilməsi üçün çalışıb. Hətta sarsaq söz olsa belə. Hətta təhqir olsa belə. Təhqirə cavabı Xəlilin həm də uğrunda savaşdığı hüquq dövlətinin qanunları həll etməlidi, marığa yatmış hirsli kütlə yox!
Bəs Xəlili sevənlər nədən Xəlil ola bilmir? Demək, Xəlil nəyisə başa çatdıra bilməyib.
Öldürməyin, qanına qəltan etməyin danışanları. Bəlkə Xəlilin işini elə onlar başa çatdıracaq?
Xəlil demişdimi ağzını açanı linç edin? Daş-qalaq edin? Öldürün, hədələyin, qorxudun, dilini kəsin? Demişdimi? Deyərdimi? Deməmişdisə, deməzdisə, sizə nə olub? Müdafiə etdiyiniz o Xəlilin özünə asi çıxmırsınızmı? Bəlkə “demişdi, deyərdi” deyirsizinizsə, onda o Xəlili niyə müqəddəsləşdirməlisiz ki?
Mən heç vaxt heç bir klassiki, dünyadan getmişi təftiş etmirəm, aşağılamıram, tənqid etmirəm. Mənim tənqidim mənim yazdığımdı. İnkar etmək kiminsə istedadsızlığını bəyan etmək, qışqırmaq, car çəkmək deyil, mənim inkarım mənim yazdıqlarımdı. Yaza bilirəmsə (həm də fərqli yaza), artıq inkar etmiş oluram. Bu yetər, qardaşım!
Mən aressiyaların səbəbini anlayıram hardasa: bunun küyə gedəni, araqarışdıranı, fürsətcili, haqlı düşünəni də var. Ancaq ata-balanı çağırıb efirdə səhra məhkəməsi quranları başa düşmədim. Sanki 37-ci il divanlarından biriydi. Qəşəm nə üçün Kəramətə görə üzr istəməlidi axı? Bu nəydi, valideyn iclasıydı, NKVD zirzəmisiydi? Görəsən gedəndə bilmirdimi başını kəsəcəklər orda? Gedən yerdə ayağın qırılaydı, Kərəm!
Eh, nə isə, yaz, hələ də bir yarısı uşaq qalan, məsum körpə üzlü, hələ də Kəramət Böyükçöl olduğuna özünü inandıra bilməyən və dayanmadan çabalayan Kəramət, yaz.
Müdriklik hay-küy yox, sükut doğurur. Sükutacan yaz! Dayanma. Növbədə Zəlimxan var, Həsən var, Hüseyn var. Oğlu-qızı olanlar var, olmayanlar var. Nə qədər desən, var. Sussan, Xəlil Rzanın ürəyinə toxuna bilər... Daha kəskin, daha ciddi: davam edir 37!