Bundan bir neçə gün öncə mətbuatdan oxuduğum bir xəbər məni diksindirdi.
Müqəddəs Şəhidlər Xiyabanında dəfn olunan, qanlı 20 Yanvar olaylarında qurban getmiş İlham və Fərizə Allahverdiyevaların məzar daşı üzərində təhqiramiz izlər qoyulmuşdu. Hadisə və hadisə ilə bağlı BŞİH-in məsul işçisinin verdiyi açıqlama məni ən azı təəccübləndirdi.
Öncə olayla bağlı bir neçə söz.
Hadisənin baş verdiyi yer- Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri, Şəhidlər Xiyabanı.
Hadisənin gerçəkləşdiyi zaman- Bundan bir müddət öncə müharibə şəraitində olan ölkəmiz işğalçı Ermənistanın hücumlarına məruz qaldı və nəticədə dünyasını dəyişmiş övladlarımızın şəhadətə qovuşduğu gündən hələ heç 40 gün də keçməyib.
Belə bir həsas dönəmdə şəhidlərimizin haqqını anlamağımız, şəhidlərimizə və onların ailələrinə daha çox hörmət göstərməyimiz lazım idi. Mənzərə isə fərqli idi: sosial şəbəkələrdə şəhidlərimizi xüsusən, son 11 şəhidimizi kafir elan edən, onları leş adlandıran, özlərini isə islam təəssübkeşi sayan Azərbaycan Respublikasının bir qrup vəhhabi vətəndaşları, televiziya kanallarımızda çal-çağır və gözləri yaşlı şəhid ata-anaları.
Və məlum hadisə! Mən bu zaman kəsimində Şəhidlər Xiyabanında şəhid məzarının təhqir olunmasını faciə kimi qiymətləndirirəm.
İndi isə BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisinin məsələ ilə bağlı açıqlamasına nəzər yetirək:
“Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir. Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib. Ərazidə müşahidə kamerası olmadığı üçün hədisəni kimin törətdiyi məlum deyil. Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib.”
Necə yəni “hansısa bir avara”?! Deməli, Allah uzaq eləsin, şəhidlərimizi təhqir edən “hansısa bir avara” Milli Məclisin yaxınlığında Şəhidlər Xiyabanında terror aktı həyata keçirtməyə cəhd etsə kamera olmadığı və polislərin gözündən yayındığı üçün məqsədinə çata bilər? Əgər elədirsə, bu səviyyədə təhlükəsizlik problemi də faciəmiz deyilmi?
Faciələrin də öz səbəbləri, faciələrə aparan yollar olur. Ümumiyyətlə, Şəhidlər xiyabanında nalayiq hərəkətlərə yol verilməsi birinci dəfə deyil. Ailəmlə birgə Şəhidlər Xiyabanını gecə saat 12-dən sonra da ziyarət etdiyimiz olub. Dəfələrlə şahid olmuşuq ki, bahalı maşınlardan enən gənc qız və oğlanlar yanlarındakı itləri, köpəkləri qəbir daşlarının üzərindən tullandıra-tullandıra, hay-küylə keçib gediblər. İradımı bildirdikdə mənə, ailəmin yanında deyiblər ki, get işinlə məşğul ol! Mən, bu hadisə baş verməmişdən çox öncə Qarabağ Seyid Ocaqları adına dəfələrlə aidiyyatı orqanlara, millət vəkillərinə rəsmi müraciət etmişəm. Dəfələrlə mətbuatda bu mövzu ilə bağlı çıxış etmişəm. Oğlum gənc yazar Mirbəhram “Rəsulzadə, Şəhidlər Xiyabanı və ya ictimai qınaq” adlı yazını qələmə alıb. Təəssüf ki, heç bir müsbət nəticə görə bilməmişəm. Hadisənin baş verdiyi günün səhərisi axşam saat 11-dən sonra ailəmlə birgə Şəhidlər Xiyabanına getdim, yenə bənzər olaylar, qəbirstanlıqda it gəzdirən gənclər...
Ümid edirəm, indi sadəcə ümid edə bilirəm ki, Şəhidlər Xiyabanına- məmləkətimizin ən müqəddəs yerlərindən birinə sahib çıxacağıq. Şəhidlər Xiyabanına və ətraf əraziyə təhlükəsizlik kameraları ilə yüksək səviyyədə nəzarət olunacaq. Bəli, mənəvi baxımdan və strateji cəhətdən belə bir əhəmiyyətli yerin qorunması üçün iki polis yetərli deyil, əsgər keşik çəkməlidir. Ümid edirəm ki, çox gəzilən, amma az ziyarət olunan Şəhidlər Xiyabanı mətbuatda belə hadisələrlə bağlı deyil, torpaqlarımızın azad olunması xəbəri ilə əlaqədar yenidən gündəmə gələcək. Dedim, axı, ümid edirəm...
Seyid Camal Əzimbəyli