Hələ 3-4 tur bundan qabaq bir çoxları əminliklə deyirdilər ki, “Qarabağ” çempion olacaq. Çünki ağdamlılar ən yaxın izləyicilərini 10 və daha çox xal fərqi ilə qabaqlayırdı. Üstəlik, klub qabağına çıxan istənilən rəqibə ən az 3 qol vuraraq necə deyərlər, hər kəsə meydan oxuyurdu.
Elə bu səbəbdəndir ki, finişə hələ çox qalmasına baxmayaraq istər idman mətbuatı nümayəndələrinin, istərsə də adi azarkeşlərin bir çoxu artıq “Qarabağ”a təbriklər ünvanlamağa başlamışdılar. Əslində bu hal o zamankı duruma görə elə də təəccüblü deyildi.
Ancaq sən saydığını say, gör fələk nə sayır. Birdən-birə çərxi-fələk elə dövran elədi ki, hər kəsin çempionluğuna əmin olduğu “köhlən atlar” onlara inananları da, özlərini də qəribə bir şübhə içinə saldılar.
Hər şey “Simurq”la oyundan sonra başladı. Heç kimin gözləmədiyi halda səfərdə Zaqatala təmsilçisinə yenilən Qurban Qurbanovun yetirmələri uduzmasaydılar elə həmin tur çempionluğa lap yaxınlaşacaqdılar.
Ancaq sürprizlərlə zəngin olan həmin tur “Qarabağ”dan da yan keçmədi. Ağdamlılar məhz bu oyunda itirdiyi üç xalın acısını son turlarda çox çəkəcək deyəsən.
Ardınca isə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda nominal ev sahibi kimi “Neftçi”ni qəbul eləyən komanda bu oyundan da sülhlə ayrılaraq onsuz da gərgin olan əsəbləri bir az da tarıma çəkdi.
İndi maraqlı bir mənzərə yaranıb. Çempionatın sonuna dörd tur qalıb, ikinci sırada qərarlaşan “İnter”lə aradakı xal fərqi isə 8-ə bərabərdir.
Riyazi cəhətdən qapana biləcək bir fərqdir. Üstəlik qalan turlardakı oyunlara nəzər salsaq həyəcan təbili çalmaq olar.
Növbəti oyunu “Bakı” ilə keçirəcək ağdamlılar bir tur sonra “İnter”lə oynayacaq. Nəzərə alsaq ki, “zolaqlılar” avroliqaya çıxmaq şanslarını hələ də saxlayırlar, düşünmək olar ki, bu oyun “Qarabağ” üçün o qədər asan keçməyəcək. İtiriləcək xal və ya xallar sonrakı turu daha da prinsipial edəcək.
Maraqlıdır ki, “Neftçi” ilə oyundan sonra jurnalistlərə açıqlama verən komandanın kapitanı Rəşad Sadıqov bir daha bildirib ki, onları çempionluq münasibəti ilə təbrik eləyənləri anlamır. İsrarla oyun haqqında suallar verilməsinə baxmayaraq, dönə-dönə bu məsələni qabardan Sadıqovun sözlərində bir həqiqət var.
Uzun zamandır çempionluq üzünə həsrət qalan, son illərdə ilk dəfədir bu qədər çempionluğa yaxın olan bir komandanın oyunçuları deyəsən, eyforiyaya qapılıblar. Əgər belə olmasaydı, sona yaxınlaşdıqca, çempionluğa bu qədər az qalmışkən belə büdrəmələr yaşanmazdı.
Rəşad təcrübəli oyunçudur, müxtəlif komandalarla çempionluq həyəcanı yaşayıb və təcrübəsindən bilir ki, aradakı fərqin nə qədər böyük olmasından asılı olmayaraq əgər riyazi cəhətdən hər şey həll olunmayıbsa, arxayınlaşmaq olmaz. Məncə, kapitan o açıqlamaları ilə həm də gənc oyunçulara mesaj verdi.
İkinci məsələ də var. Çempionatın yuxarı sıraları kimi, aşağı sıralarında da sonuncu pilləni tutmamaq uğrunda qızğın mübarizə gedir. “Rəvan” və “Sumqayıt” son sıraya düşməmək üçün gərgin mübarizə aparırlar.
Bu komandların digər klublarla oyunlarda, xüsusilə “İnter”lə “Sumqayıt” oyununda gənclik şəhərinin təmsilçilərinin asan təslim olmayacağını gözləmək olar.
Bu durumda “Bakı” üzərində qazanılacaq potensial qələbədən sonra ağdamlıların öz meydanında “İnter”ə ən azından uduzmaması artıq çempionluğun rəsmiləşdirilməsi sayılacaq.
İstənilən halda bu çempionluq bir neçə tur gecikməli olacaq.