Ömrünüzün getməkdən ibarət olduğunu söyləməklə heç kəsdə təəccüb doğurmayacağıma əminəm. Gəlirik, gedirik; gedirik, uzaqlarda itirik, bir cıqqılı, qara nöqtəyə çevrilincə ayaq döyürük. Əfsanələrə can atırıq. Nə zamansa hansısa əfsanəyə qovuşmağa ümidliyik.
Qoy bizdən bir əfsanə qalsın. Ya da özümüzlə bir əfsanə aparaq.
2012-ci ilin fevralında o zamankı iş yerimdə şələ-şüləmi (köçən adamın özüylə aparacağı şeylər sonda elə çoxalır, nələrisə yenə çıxdığın yerdə qoymalı olursan) yığışdırıb təzə iş yerimə kəsə cığırlarla payi-piyada, avtobussuz-maşınsız yol aldım, məlum oldu ki, xeyli getməliyəmmiş. Bu nədi dedim, yol nə uzunmuş.
Həmin buludlu-soyuq qış günortasından iki il yarım keçdi. “Bir əfsanəymiş...”
...o, ağ libaslı qadındı. Həmişə yaxşılıqlar eləməyə çalışar. Uşaqların himayədarıdı, Yer üzünə bərəkət paylayar, ətrafına, yan-yörəsinə nur, işıq saçar, göyüzündə yaşayar, hərdən aşağılara enər – dada, yardıma çatmaqçun. Çünki onun qanadları var, çünki onu quş kimi təsəvvür edərlər! Çünki o, uça bilir.
Ötən illərin, ayların, həftələrin gərginliklərini, dramatizmini kənara qoyuram. Bu, heçdən qəzet, sayt yaratmaqdı, kollektiv yapmaqdı, planlaşdırma aparmaqdı, yazı oxumaqdı, insanlarla ünsiyyətdi, iclaslara, ad günlərinə yığışmaqdı, təbrik sözü deməkdi, soruşulana cavab verməkdi, məsuliyyətdi, özün kimi qalmaqdı. Adındı, imzandı...
Əfsanəyə davam edimmi?
...əlimdə telefon içəri keçdim. Gülümsədi. “Telefonunuzda problem var?” – soruşdu. Hə dedim. Bəlkə də ürək dərmanı istəyəcəkdim. Bir əyər-əskiyimiz olanda onun yanına qaçırıq, ona ağız açırıq. “Hə, dedim, telefonumda şəbəkə itir...” Əslində, telefonu əlimdə kimdənsə zəng gözlədiyimçün tutmuşdum.
Bayaq harda qalmışdım? “Gündəlik Teleqraf”dakı işimdə. Bu, axı mənim son köşəmdi. Bu redaksiyada bu qəzetə sonuncu cümlələrimi yazıram.
Qoy bu bir əfsanə olsun.
...bu yaxınlarda ondan borc pul almışdım. İşdə təcili lazım oldu, mən də ondan istədim: “Sabah gətirərəm”.
Səhəri gün gətirə bilmədim. Çatda yazdım: “Olarmı borcu maaşda çıxaq?” “Niyə olmur – dedi. Çıxmasaq da olar...” Bu cavabı nəzakət etiketi kimi də qəbullamaq olardı. Amma elə bil damarımdan qan partladı, gözümdən yaş sıçradı.
“Allah səni nə qədər pak yaradıb!” yazdım.
...son köşəm, Humay, sənin olsun. Köməksizlərin himayədarı, ağ libaslı, qanadlı Humay.