27 May 2019 22:25
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən sosial şəbəkədəki bir paylaşımıma hörmətli alimimiz Solmaz Tohidi xanımın yazdığı şərh məni çox kədərləndirdi. Bilirik ki, Azərbaycan siyasi mühacirət tarixinin Türkiyə, Fransa, Almaniya dövrü son 30 ildə kifayət qədər öyrənilsə də, İran dövrü, demək olar ki, araşdırılmayıb.

Şərhində dəyərli diplomatımız, alimimiz Ramiz Abutalıbov da bu mövzunun araşdırılmasının vacibliyindən bəhs etdi.

Təbii ki, İran spesifik ölkə olduğuna görə orada çalışacaq tədqiqatçılarımızın özəl bilgilərə, xüsusilə, fars dilinə və əski əlifbaya hakim olmaları lazımdır. Azərbaycanda isə bu kriteriyalara cavab verən tədqiqatçılar var. Təsadüfi deyil ki, 2017-ci ilin sonlarında çap olunan “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər” kitabı bu sahədə bir yenilik idi və böyük maraqla qarşılandı.

Bu işin davamı kimi İrandakı mühacirət tariximizin öyrənilməsi də vacibdir. Hörmətli Musa Qasımlının Azərbaycandakı arxiv sənədləri əsasında yazdığı “Azerbaycan Türklerinin Millî Mücadele Tarihi 1920-1945” kitabını bu sahədə ilkin addım kimi dəyərləndirmək mümkün olsa da, daha böyük arxivin İranda olduğu şübhəsizdir.

Cümhuriyyətin işğalından sonra mühacirətə getməyin iki əsas yolu var idi: Batum üzərindən İstanbula, Xəzər üzərindən Ənzəli limanına. Məhəmmədəli Rəsulzadə, Mirzəbala Məhəmmədzadə kimi mühacirlər ilkin dövrlərdə İranda mübarizə aparıblar. Qacar dövlətindəki səfirimiz Ədil xan Ziyadxan işğaldan sonra bu dövlətdə məmur kimi çalışmağa başlayıb. Eləcə də Azərbaycan Cümhuriyyətinin dövlət teatrının müdiri Qulamrza Şərifzadə bu ölkədə mühacir həyatı yaşayıb. Mühacirət mətbuatında İranda göndərilən məktublara da nəzər yetirdiyimiz zaman bu ölkədə Müsavat Partiyasının geniş şəbəkəsinin olduğunu görürük.

Bu baxımdan İrandakı mühacirət tariximizin öyrənilməsi vacibdir.

Solmaz xanımın şərhi olduqca maraqlı olduğuna oradakı bəzi hissələri təqdim edirəm:

“Hollandiyada çalışan professor Turaj Atabəki İran arxivlərindən bu mövzuda sənədlərin böyük hissəsini əldə edib. Neçə vaxtdır ki, həmin mövzuda bizimlə birgə kompleks tədqiqat aparmaq arzusundadır. Niyyətini bildiyimdən Turajla Georgi Mamuliyanı tanış etmişdim, Parisdə görüşüb danışmışdılar, qərara almışdıq ki, Bakı, İran, Paris və İstanbul arxiv sənədləri (yalnız ilkin arxiv materialları, mətbuat və s. çap əsərləri əhatə edilmədən) əsasında Azərbaycan siyasi mühacirəti mövzusunda bir layihə işləyək. Hər ölkədə fəaliyyətin xüsusiyyətləri və bu insanların taleyi araşdırılsın. Atabəkidəki materiallar bu baxımdan fərqli idi, İran və Sovet hökumətlərinin müharibə illərində müsavatçıları, mühacirləri necə oğurlayıb cəzalandırdığına və ya Bakıya gətirib güllələdiklərinə dair məlumatları var idi. Qızının toy mərasimindən oğurlanan bir müsavatçının taleyi Atabəyini xüsusilə mütəəssir etmişdi. Lakin ona tam tədqiqat üçün Bakı sənədləri də lazım idi və bu işi mən görməli idim. Lakin bu layihə üçün sponsor tapılmadı…, professor da Moskvanın və Almatının Şərqşünaslıq İnstitutları ilə sıx əməkdaşlığa başladı. Arada itirən biz olduq”.

Təəssüf ki, əlimizdəki mühüm bir şansı qaçırdıq. Amma ümid edirik ki, bu önəmli məsələ dövlətimizin diqqətini çəkəcək, mühacirlərimizin İrandakı talelərinin öyrənilməsi ilə bağlı addım atılacaq.


Müəllif: Dilqəm Əhməd