10 Sentyabr 2014 20:35
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanmayan buyurub gəlsin şəhər mərkəzindəki ən işıqlı, ən havalı gəzinti məkanlarından birinə. Bakı merinin nə səbəbdənsə “Qış parkı” adlandırdığı bu parkın əslində fəsil dəyişməsilə heç bir əlaqəsi yox. Elə qışda da yayda olduğu kimidi. Sadəcə, yayda bu məkanda iynə atsaz, yerə düşməz. Bizim məhəllə olduğundan, demək olar, hər axşam hava almaq üçün uzağa getmirəm, elə həmin parka çıxıram. Maşallah, dost-tanış, qonum-qonşu nə qədər desəz. Görüşüb hal-əhval tutan kimi də hamı özünü verir kafelərə."Üçü bir boyda gəzən" gözəl kafelərin adları bizə uyğun olsa da, axır vaxt dadları lap qaçıb. Niyə?

***

Bakı əl boydadır. Və bu əl boyda Bakının restoranlarının böyük əksəriyyətində hamımız olmuşuq. Ən dəbdəbəlisindən tutmuş lap adisinə qədər - bir çoxuna heç olmasa bir dəfə maraq üçün getmişik. Hər birində də ilk təəssürat menyuya görə yaranıb. Menyu tək təqdim olunan qidaların siyahısı deyil ki, həm də iaşə müəssisəsinin vizit kartı, simasıdır. Və niyəsə restoranlarımızın siması özümüzdən başqa hər kəsə bənzəyir. Söhbət təqdimatdan gedir. Bir para restoranlarda osmanlı türkcəsində, bir parasında rusun dilində, digərində ingilisin, hətta italyanın, yaponun dilində belə menyuya rast gəlinir. İlk baxışdan menyular da, belə deyək - siniflər üzrə bölünür - yüksək zümrənin nümayəndələri üçün əndrəbadi bir əcnəbi dildə, orta sinif üçün rus dilində, nəhayət, qara camaat üçün ana dilimizdə tərtib olunur. Nəyə görə?
Qara camaat demiş, Cənubi Koreyada görün neyləyiblər. Seuldakı bir bar sahibi qapısının ağzına elan vurub ki, qaralara giriş qadağandır. O ehtimal üzündən ki, afrikalı insanlar arasında Ebola virusuna yoluxma faizi daha yüksək ola bilər. Qoçaq koreyalılardan biri bu elanın fotosunu sosial şəbəkəyə qoyan kimi əhalinin aktiv hissəsi necə hiddətlənibsə həmin barı boykot etmək qərarına gəliblər. Yəni əsl qara camaatın üzünə bağlanan qapını daha heç kəs açmır. Sahibkar üzr istəyib vəziyyəti düzəltməsə, bankrot olub gedəcək. Əslinə qalsa, restoranlarda qəribə qadağaların olması təzə söhbət deyil. Məsələn, İrlandiyadakı barların birində hay-küylü amerikalılara giriş qadağandır. Elə Amerikanın özündə - Kaliforniyada məşhur bir restoranda nadinc uşaqları olan valideynlərə xidmət göstərilmir. Yəni hər iki halda başqaları üçün diskomfort yaradan insanları qaralayıb dışlayırlar - bir vaxtlar zəncilər qaralandıqları kimi.

***

Müştəri hər zaman haqlıdı. Bu məşhur ifadənin düz 100 yaşı var. Amerika milyonçusu Marşall Fild ticarətə lap təzə başladığı günlərdən həmin ideyanı gördüyü işin qayəsinə çevirib.Və təkcə bu ideyasına görə də bütün həmkarlarından fərqlənib, hamı və hər kəs üçün yeni olan xidmət növü təklif edib. O zamanlar müştəri yalnız Fildin dükanlarında aldığı malı geri qaytara bilərdi. Və yalnız bu dükanlarda satıcılara tapşırılmışdı ki, heç kəsə heç bir malı “sırımasınlar”. Ki, müştəri də özünü azad, sərbəst və hər zaman haqlı hesab etsin. Qaydalar işə düşüncə insanlar seçimlərini məhz bu məkana ünvanlayıblar. Satıcı kimi fəaliyyətə başlayan Fild qısa zamanda mağazalar şəbəkəsinin sahibkarına, sonralar da əsl milyonçuya çevrilib.

Fildi xatırlayıb da qayıdım öz filimizə. Fil üstündə də bülbül - nə olan şeydi? İş bu ki, həmin Qış parkındakı kafelər müştəri yığıb “özlərini tutandan” sonra insanlar arasında təsnifat aparmağa başlayıblar.Yəni kafeyə gəlib adi çay - limon-qənd sifariş edirsənsə, personalın nəzərində qara zənciyə dönürsən, sənə sadəcə xidmət göstərilmir. Kafelərdə oturmaq üçün mütləq gərək mürəbbə ya da şokolad sifariş edəsən. Səbəb? Müdir belə deyib.Ya, mənim nə yeyəcəyimi, nə içəcəyimi sənin müdirinmi müəyyənləşdirir? Bu haqqı ona kim verib? Bəs mənim istehlakçı hüququm? Bax bu suallar cavabsız qalır. Yəni fil, üstündə də bülbül. Başqa variantdan söhbət gedə bilməz.


Müəllif: Afaq Vasifqızı