Türkiyənin Elazığ şəhərində baş verən zəlzələ fəlakətini eşidərkən ilk yadıma düşən Almas İldırım oldu. Çünki Elazığ repressiyadan, sürgündən xilas olub qardaş ölkəyə üz tutarkən şairə və ailəsinə yurd olan şəhər idi. Bu şəhərə gələrkən rəsmi sənədlərə öz adını İldırım, atasının adını Mehmed olaraq yazdırmışdı.
Türkiyəyə ilk olaraq Vandan qədəm qoymuşdular. İranda keçən 6-7 aylıq sürgün həyatından sonra 1934-cü ildə bura sığına bilmişdilər. Vanda onlara Əhəd Əlizadə adlı başqa bir azərbaycanlı mühacir köməklik etmişdi. 10-15 gün Əhəd bəyin evində qaldıqdan sonra Elazığa yollanmışdılar. Bu şəhər ona yurd yeri olmaqla yanaşı, həm də ailəsini dolandırmaq üçün qapı da açmışdı. Burada bir neçə gün qalıb dincəldikdən sonra oranın İskan dairəsi katibliyinə təyin edilmişdi. 1935-1946-cı illərdə Elazığın mərkəzində və mərkəz nahiyələrində çalışmışdı.
1950-ci il iyulun 28-də Elazığda övladı Mehmed Bakühan dünyaya gəlib. Sürgündə doğulan, ata-anası ilə hələ körpə ikən Türkiyəyə gələn digər oğlu Azər Almas atası ilə bağlı xatırlayırdı: “Mən bu qaçışda üç aylıq bir körpə idim. Elazığa anamın qucağında gəlmişəm. Doğulduğu yer olan Bakının Şüvəlan qəsəbəsinin Qala kəndini bircə dəfə də olsun görmək həsrəti içərisində 18 il Elazığın havasını tənəffüs edib, suyunu içərək sadəcə vətəni üçün şeirlər yazıb”.
Azər bəy davam edir: “1940-cı illərdə atama çoxlu təhdidlər gəlirdi. Amma o, heç vaxt geri çəkilmədi. Elazığın dağına, daşına “Azərbaycan” yazırdı. Elazığda Gölcük adlı bir göl vardı. Atam daha sonra Mustafa Kamal Atatürkə məktub yazdı və gölün adını dəyişib, Xəzər qoydular. Elazığda “Xan köyü” adlı bir kənd vardı. Oranın da adını dəyişdirib, Xankəndi qoydurdu. Həmişə Azərbaycanı düşünürdü. Ona görə də Türkiyədə atamı sevib, hörmət edirdilər. Bizim indi Türkiyədə həm Xankəndimiz, həm də Xəzərimiz var”.
22 avqust 1940-cı ildə Elazığın Palu-Karabegan nahiyəsinin müdiri ünvanı ilə mühacir siyasi xadim Mirzəbala Məhəmmədzadəyə göndərdiyi məktubunda Almas İldırım yazırdı: “Əlimə həftədə bir gündəlik qəzet keçdiyi zaman məsud oluram. Radiomuz var. Bol-bol Azərbaycanı dinləyirik”.
Ona yeni yurd olan Elazığdan Azərbaycanı dinləmək nə qədər ağrılı olub...
Şair 1947-ci ildə Elazığda “Turan Basımevi”ndən “Azerbaycan manileri” adlı topladığı bayatılardan ibarət kitab çap edir. Həmin il kitabın daha geniş formalı ikinci nəşri “Bayatılar” adı ilə yayımlanır. İkinci nəşrin ön sözündə Almas İldırım kədərli bir əhvalat nəql edir: “Kitabdakı bayatıları toplayarkən qürbətin qəhri üzündən saçları ağarmış, zavallı bir azəri anasının yaşlı gözlərini məchul bir nöqtəyə dikərək söylədiyi bir bayatını yazdıqdan sonra o da, mən də susdum. Susmaq da başqa bir cür fəryaddır...
Əzizim vətən sarı,
Yol gedər vətən sarı,
Çıxaydım dağ başına
Baxaydım vətən sarı...”.
Almas İldırımın yurdunda acı bir fəlakət baş verdi. Onlarla insan həlak oldu. Tanrıdan həlak olan qardaşlarımıza rəhmət diləyir və Almasın Elazığda topladığı bayatılardan birini onların ruhlarına ithaf edirik:
Göydə gedən quşa bax,
Qanadı sınmışa bax.
Aləmə bahar gəldi
Bizə gələn qışa bax…