Nadir şahın ölümündən sonra parçalanmış, daha sonra Rusiya tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının yenidən bir yurdda birləşdirilməsi prosesi hələ də davam edir...
Nadir şahın, ardınca Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsi, sonrasında onlarla yerə bölünmüş torpaqlardakı xanlıqların bir-bir ələ keçirilməsi işğal niyyətinin düşünülmüş plan ətrafında baş verdiyini göstərir. Nadir təkcə Azərbaycan üçün deyil, Osmanlı və müsəlman Şərqi üçün də çox fərqli, birləşdirici, güclü dövlət xadimi idi, onun qısa müddətdə öldürülməsi də düşmənlərinin ehtiyat və qorxusuna görə idi.
1828-ci ildən sonra Arazın şimalındakı ərazilərin Rusiyanın tərkibində qalması tədricən parçalanmış yurd arasındakı rabitənin, münasibətlərin yenidən şəkillənməsinə, həm coğrafi, həm də düşüncə baxımından yaxınlaşmasına səbəb oldu. XIX əsrin sonlarından etibarən maarifçilik dalğasının güclənməsi, Tiflislə Bakı arasındakı məsafələrin qısalması, neft sənayesi, bunun ardınca imperiyanın mərkəzində başlayan inqilablar parçalanmış yurdun düşüncədə birləşdirilməsini tamamladı. Gəncədəki Difai Bakıdan dəstək alır, ilkin firqələr formalaşır, milyonçular mətbəə satın alır, Əhməd bəy Ağaoğlunun timsalında Peterburqda millətin taleyini həll edən əli qələm və qılınc tutan liderlər yetişirdi. “Nicat”, “Nəşri-maarif” kimi cəmiyyətlər, müxtəlif məktəblər ortaq milli hafizənin formalaşmasına bilavasitə təsir göstərir, I Dünya müharibəsinin sonlarına doğru artıq muxtariyyət fikri düşüncədə hakim kəsilir.
Artıq Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqları yox, muxtariyyət tələb edən Azərbaycan özü vardı. Nəhayət, Çarın devrilməsi, bu muxtariyyət tələbini qısa zamanda istiqlaliyyətə çevirdi. Parçalanmış yurdun bir hissəsinin birləşdirilməsi 90 il çəkdi.
Əlbəttə ki, asan deyildi. Topu-topxanası, büdcəsi olmayan bir dövlət qurmuşduq. Paytaxt işğal altında idi. Gəncədə kiçik bir qüvvəmiz vardı. Tək xilas yeri Osmanlı idi. Müqavilə imzalandı, türk ordusu çağırıldı. Nəticədə kağız üzərində olan istiqlaliyyət savaşaraq, atəş açaraq 15 sentyabrda təsdiqləndi. Ardınca Əlimərdan bəy Topçubaşinin sayəsində Avropanın qəlbində qaliblər tərəfindən razılaşdırıldı. Nəticədə faktiki 114 min kv.km ərazi xilas edildi. İtirdiklərimiz də oldu, amma qazandıqlarımızla müqayisədə barışmaq lazım idi. Unutmayaq ki, 28 mayda Tiflisdə istiqlaliyyət elan edildiyi zaman faktiki heç bir ərazi əlimizdə deyildi.
Türklər o illərdə Şuşaya da gəlmişdilər. Hadisənin şahidlərindən Həmidə xanım Cavanşir yazırdı: “Türklər ölkədə nizam-intizam yaratmaq, Şuşa yolunu açmaq üçün gəlirdilər. Hər kəs türklərin gəlişini gözləyir, Şuşada böyük pişvaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı asılmışdı. Bu zəfər tağlarının birini Şuşa qadınlarının adından mən ucaltmışdım. Ağ kələğayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq: “Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana-Şərq istiqlal qazanacaq!””.
Şəhərə birinci Cəmil Cahid paşa daxil olmuşdu. Paşa ilk öncə məscidi ziyarət etmiş, ardınca Xan bulağına qalxmışdı...
Azərbaycan Cümhuriyyəti dövründə Şuşada bütün pozuculuq hərəkətləri, üsyanlar yatırılmışdı. Ermənilər bolşeviklər dönəmində dəfələrlə oranı ələ keçirməyə çalışsalar da, müvəffəq ola bilmədilər. Plan dəyişdilər, gözlədilər, imperiya dağılan kimi havadarlarının dəstəyi ilə ələ keçirdilər.
İndi nə etməli? Şuşaya təkrar türklər necə qayıtmalı? Yenə o zamankı kimi tək ümid yerimizəmi inanmalıyıq? Türk ordusu Afrikanın şimalından Qarabağa gəlməlidirmi? Mümkün müharibədə yeni bir Ənvər paşa güc sərgiləyib, Rusiyadan çəkinməyib ordu göndərə bilərmi? Bu, Azərbaycan ordusunun Şuşanı azad edə bilməmək məsələsi deyil. Unutmayaq ki, Şuşanı və digər şəhərləri erməni təkbaşına işğal etməyib. Mümkün savaşda da qarşımızda tək o olmayacaq. Ona görə də Azərbaycan ordusunun gələcək savaşında yanında dəstəyi olmalıdır.
İnanırıq ki, türklər Şuşaya yenə gələcək. Yeni bir zəfər tağı asılacaq.
Bu, işğal günündə sərgilədiyimiz emosional düşüncələr deyil.
Unutmayaq ki, Azərbaycanın yurd yerlərinin birləşdirilməsi prosesi davam edir. Bu prosesdə təkrar itki də ola bilər, qazanc da. Önəmli olan bütöv Azərbaycan ideyası millət hafizəsində yaşasın. Bu baxımdan ümidsizlik sərgiləyənlər, əziklik duyğusuna qapılanlar yanılırlar. Zaman ötəridir, əqrəblər qələbə saatının üstünə mütləq gələcəkdir.