20 Oktyabr 2014 16:11
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən özüm Qarabağlıyam, Şuşalıyam. Orada mənim atamın məzarı var. 14 yaşlı oğlumu bir dəfə də olsun babasının məzarına apara bilməmişəm. Sizcə, bu normaldırmı? Bu, yüz minlərlə insanların böyük faciəsidir. Buna son qoyulmalı, azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmalıdırlar".

Bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.

Yüz minlərlə qarabağlının, zəngəzurlunun, göyçəlinin adından söyləyib.

Yüz minlərlə qarabağlı, zəngəzurlu, göyçəlinin hər biri bu fikirlərin altından imza qoya bilər.
Hansımızın dədə-babasının məzarı qalmayıb ki düşmən tapdağı altda?

Hansımız oğlunun, qızının əlindən tutub apara bilirik dədə-baba yurdumuza?

Bir neçə dəfə Laçında çəkilmiş videoya baxmışam, dağıdılmış qəbiristanlıqlarımızda mal-qara otlayır.
Ata yurdlarımızda ermənilər ocaq qalayır.

Ruhumuzu, genetik enerjimizi qidalandıran dağların döşündə düşmən kabab çəkir.
Bir çay var Laçında, mənbəyi Minkəndin başının üstündə, daha bir-iki çayla qovuşandan sonra Həkəriyə tökülür.

Bircə saat o çayın qıjıltısına qulaq vermək, o çaydan bir ovuc su götürüb üzümə vurmaq üçün, nələrdən keçmərəm?

Dilqəm Əsgərovu, Şahbaz Quliyevi də Kəlbəcərə aparan əcdadların ruhuydu, ata yurdun çağırışı idi, dağlarım mistikası, çayların enerjisiydi.

Hamımızın adından getmişdi Dilqəm, Şahbaz Kəlbəcərə, hamımıza sovqat gətirəcəkdi.
Vətəni görmək qürurunu anladacaqdı yaxın çevrəsinə, o çevrənin Kəlbəcər torpağını görmüş adamdan aldığı enerji o qədər böyük olacaqdı ki, bu söhbəti bilən-bilməyən hər kəsə sirayət edəcəkdi.
Amma girov düşdülər.

Girovların azad edilməsi ilə məşğul olan dövlət qurumları, məmurlar, az sayda media nümayəndəsi düşdü bu işin üstünə.

Prezident Dilqəmin, Şahbazın Azərbaycana qaytarılması üçün iradə sərgilədi dəfələrlə.
İnanıram ki, dövlət başçısının Ramil Səfərovun azadlığına qovuşması üçün də sərgilədiyi prinsipallıq yenə öz bəhrəsini verəcək.

İlham Əliyev prezidentdir, bir prezident kimi hər bir vətəndaş üçün məsuliyyət daşıyır.
Amma təkcə dövlət başçısının soydaşı deyil axı Dilqəm, Şahbaz...

Milli Şura Leyla Yunusu müdafiə etmək üçün mitinq keçirir, aksiyadan dərhal sonra AXCP sədrinin müavini ABŞ səfirliyinin nümayəndəsi ilə görüşür, görüşün məzmunu barədə mətbuata açıqlama verir. Diqqətlə baxıram, Dilqəmin, Şahbazın adı keçibmi deyə o söhbətdə. Çifayda!

Emin Milli Praqada səhnə düzənləyir, Leyla Yunusa azadlıq tələb etdiyini Avropanın ən kültürlü şəhərlərinin birindən dünyanın gözünə soxmaq istəyir.

O səhnədə neçə-neçə şəkil nümayiş etdirilir, aralarında ertməni girovluğundakı Dilqəmin, Şahbazın rəsmi varmı? Yoxdur, ola da bilməz!

“Yeni Müsavat”dan oxuyuram: “Amerikanın Səsi” radiosu ermənilərin maraqlarını qabardan film çəkib. Bu barədə Ermənistanın əksər media orqanları xəbər yayıb. “Qarabağ: Müharibə təhlükəsi altında sülh şəraitində həyat” adlanan film bildirilir ki, film Qarabağ ermənilərinin mövqeyini əks etdirir.

Bu filmin niyə çəkildiyi, nəyə xidmət etdiyi çoxdan bəllidir, dəfələrlə yazmışam, bir daha təkrarlayım: ABŞ erməni lobbisinin əli ilə SSRİ-nin dağılması prosesini sürətləndirmək üçün Dağlıq Qarabağ konfliktinin yaradılmasında iştirak edib. Hər dəfə Rusiya münaqişənin həlli prosesində aktivləşəndə, təşəbbüsü ələ alanda Ağ Ev düşdüyü narahatçılıqdan buna bənzər addımlarla çıxmaq istəyir.

Böyük dövlətlərdən ədalətli mövqe gözləməyə dəyməz. Amma “Amerikanın səsi”ndə çalışan Azərbaycan vətəndaşları niyə bu filmə etiraz etmir? Niyə söz birliyi ilə bu qurumu tərk edib Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən addımlar atmırlar?

Qarabağ, Zəngəzur, Göyçə, sadəcə Dilqəm Əsgərovun, Şahbaz Quliyevin vətəni deyil axı...
Əminəm ki, xəbəriniz var: bu günlərdə tarixçi alim, millət vəkili Yaqub Mahmudov bir təşəbbüs irəli sürdü. Mən də bu təşəbbüsü dəstəkləyirəm. Söhbət İrəvanın Ermənistana verilməsi sözləşməsinin ləğvindən gedir. Söhbət ondan getmir ki, bu sözləşmə ləğv olunan kimi İrəvan Azərbaycanın olacaq.

Amma hesablamaq çətin deyil ki, belə bir addımın atılması diplomatik və psixoloji müharibədə arqumentlərimizi gücləndirəcək, strateji hədəfimiz ortaya qoyulacaq. Xatırlatmaq yarar var, ermənilər "soyqırım"ı tanıtmaq üçün hələ 60-70 il öncədən komitələr qurublar, o komitələrin ardıcıl gəaliyyəti ilə bu gün girəvə düşən kimi, qətnamələr çıxartdırırlar. Amma az qala hər gün Leyla Yunusa bir status həsr edən AXCP sədri Əli Kərimli nədən bir dəfə İrəvan mövzusunda fikir bildirmir?

Dünən AXCP sədrinin müşaviri Şakir Abbasov da tərk etdi Əli Kərimlini.

Şakir Abbasov AXC-nin qurulmasında iştirak etmiş adamdı, Elçibəy iqtidarı zamanı Füzulinin icra başçısı olmuşdu. O yaş nəslindən kim qaldı AXCP-də?

Söhbət o yaş nəslindən gedir ki, AXC-ni nə Elçibəyə görə qurmuşdular, nə də Əli Kərimliyə görə, məhz Qarabağ üçün ayağa qalxmışdılar, Şuşa üçün təşkilatlanmışdılar, Laçın üçün əllərinə silah almışdılar.
İndi Qarabağ üçün yaranan təşkilatın möhürünün varisi Leyla Yunusu müdafiə edir, amma keçirdikləri aksiyalarda Dilqəm Əsgərovu, Şahbaz Quliyevin adını belə çəkməyə lüzum görmür, sıralarındakı “sonuncu hərəkatçı” Şakir Abbasovu isə istefa vermək zorunda qoyurlar.

Kimlərə qaldı, AXCP?

Zənnimcə, sırf sosioloji baxımdan bir suala cavab axtarılmalıdır: necə oldu ki, Xədicə İsmayılova öz qaragüruh, kin, nifrət, qəzəb dolu xislətini cəmiyyətdəki bütün rasional düşüncələrin önünə qoya və hətta AXCP kimi bir partiyanı da öz “kodeks”lərinin girovuna çevirə bildi?

Sosial şəbəkələrdə iqtiadarı, müxalifəti müdafiə edən-etməyən, qeyri-siyasi cizgi sahibi olaraq Azərbaycana fayda vermək istəyən bütün rasional adamlar bu qaragüruhdan dad deyir.

Bu qaragüruhun yaratdığı irrasional mühit nə qədər adam “yandırıb”.

Ancaq bir neçə dəqiqə onlarla virtual söhbət etmək bəs edir ki, nə qədər ilkəsiz, nə qədər prinsipiz olduqlarını yəqin edəsən.

Nə azadlıqdakı, nə də həbsdəki “Nida”çıların heç birinin adını bilmirəm. Rəşadətdən başqa heç biri ilə ünsiyyətim olmayıb. Çox istərdim Rəşadəti tezliklə azadlıqlda görüm. Xədicənin qaragüruh mühitindən uzaqda bu ölkəyə, bu cəmiyyətə Rəşadət daha çox xeyir verə bilərdi. Dəfələrlə ona Ceyms Casperin “Əxlaqlı protesto sənəti” adlı əsərindən danışmışam. İzah etməyə çalışmışam ki, qaragüruhun sevimlisi olmağa hesablanmış heç bir protest ictimai maraqlar baxımından faydalı ola bilməz. Demişəm ki, əsl vətəndaşlıq borcu ilk növbədə şəxsiyyət olaraq yetişməkdi. Ancaq əsl şəxsiyyət hər cür tərifin və tənqidin fövqündə dayanıb ilkələrdən çıxış edə bilər. Odur ki, maraq edirəm və marağım heç də eqoizm sərgilməyə yönəlməyib, gənc ailə başçısı kimi türmədə keçirdiyi günlər mənim dediklərimə gətiribmi Rəşadəti? Axı o, ən azı elə Casperi tərcümə etməklə cəmiyyətə xeyir verər, bu kitabın təsiri ilə neçə-neçə gənci Xədicə İsmayılın, Əbülfəz Qurbanlının, Natiq Ədilovun, Zamin Hacının torbasına düşməyə qoymazdı. Belə gənclər hər zaman Əli Kərimliyə,Leyla Yunusa, Xədicə İsmayılovaya, milli və milsiz Eminlərə “torbada kəklik” kimi lazım olub. Adlarını çəkdiyim bu şəxslərin bunca ictimai-siyasi fəaliyyətləri zamanı sədaqət, bağlılıq sərgilədiyi bircə demokratik prinspip göstərə bilməz kimsə.
Heydər Əliyevin məzarını ziyarət etmək istəyən NİDA-çı həbsdən çıxanda Xədicə və dəstəsi harada idi?

Niyə o gənci qarsalamadılar?

Pinsiplərdən söhbət gedirsə, onun bu addımı da düşüncə və ifadə azadlığıdır. Ən azı düşüncə azadlığına sayğı olaraq bircə cümlə ilə “həmişə azadlıqda!” yaza bilməzdilərmi?

Kimin bu söylədiklərimə etirazı varsa, mübahisəni Fridrix Hayekdən gətirdiyim bu sitat üzərindən başlamağa hazıram:

“Böyük toplum”u mümkünləşdirən içgüdülər deyil, mülkiyyət, dürüstlük, sözləşmə, mübadilə, ticarət, rəqabət və şəxsi həyata münasibətdə ədalətli davranış qaydalarıdır. İçgüdülərə dayanmayan, daha çox gələnək və alışqanlıqların içində nəsildən-nəsilə MƏDƏNİ YOLLA daşınan bu qaydalar sayəsində insanlar heç tanımadıqları, məqsəd və niyyətləri barədə məlumatlı olmadıqları digər insanlarla barış içində yaşaya bilirlər”.

Bu sitat elə yuxarıda qoyduğum suala da kifayət qədər aydınlıq gətirir.

Bir də ona aydınlıq gətirir ki, Əli Kərimli, Cəmil Həsənli, Eldəniz Quliyev, Rövşən Əhmədli, Emin Hüseynov, Emin Milli, Leyla Yunus, Xədicə İsmayılova Azərbaycanın ən yeni tarixində məhz içgüdükçüləri kimi qalacaq.


Müəllif: