5 İyul 2021 11:30
5 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsib bəyin 140 illiyinə ithaf

Əslən Gəncədən olan Osmanlı zabitlərindən Hüsaməddin Tuqaç rus əsirliyindən xilas olub Azərbaycana gəldiyi zaman ata yurdunda Nəsib bəy Yusifbəyli ilə tanış olur.

“Gəncə Milli Komitəsinin sədri, eyni zamanda Azərbaycanın münəvvər gənclik çevrəsini ətrafında toplayan Adəmi Mərkəziyyət Müsavat firqəsinin də rəisi idi. Hüquq təhsili almış kübar, sevimli və enerjili bir kimsə idi. Bu vəsflərinin yanında bir də Türk aləminin ən dəyərli simalarından və fikir adamlarından krımlı İsmayıl bəy Qaspıralının kürəkəni idi. Bu yöndən də Nəsib bəyə olan sevgim bir qat daha artdı”.

Tuqaç ilk dəfə tanış olduğu Nəsib bəy haqqında düşüncələrinə bu cümlələrlə başlayırdı.

Nəsib bəyə olan sevgi təbii idi. Başdan-ayağa işğal altında olan Azərbaycanın xilası yolunda Türk Adəmi Mərkəziyyət firqəsini yaradan, Gəncədə milli qüvvələrə rəhbərlik edən Nəsib bəy Baş nazir olduğu dövrdə də azərbaycançılıq düşüncəsindən əsla güzəştə getməyib. Buna görə də 4 iyun 1919-cu ildə Nəsib bəyə Budaqov familiyalı bir erməni sui-qəsd cəhdi də həyata keçirmək istəyib. Nəsib bəy Cümhuriyyət illərində Maarif və Ərzaq naziri, parlaman üzvü, nəhayət Baş nazir olub. Cümhuriyyətin bir yaşı münasibətilə vətəndaşları təbrik etmək şərəfi onun qismətinə yazılıb.

Hüsaməddin bəyə qayıdaq.

Bəllidir ki, Çar dövründə Azərbaycan türklərinin hərbi xidmətə aparılmaması ölkəni müdafiə edəcək qüvvələrin yetərsizliyinə səbəb olmuşdu. Buna görə də Nəsib bəy Osmanlı zabiti Tuqaçdan xalqı təşkilatlandırıb əsgərlik öyrətməsini xahiş edib. Hüsaməddin bəyə iki bölgənin də qardaş olduğunu xatırladıb: “Bura da Türkiyə sayılmazmı? Buradakı xidmət də Türk millətinə xidmət deyilmi?”

Çünki Nəsib bəy Çar Rusiyasının yıxıldığı o illərdə Qafqazda hökmranlığın ancaq ordu ilə mümkün olacağını başa düşürdü. Digər tərəfdən gürcü və ermənilərin silahlandığı bir məqamda geniş torpaqlara sahib olsalar da, ordusuz Azərbaycan türklərinin məhvi şübhəsizdi. Buna görə də Nəsib bəy növbəti görüşlərinin birində Hüsaməddin bəyə deyir: “Xalqın əlində silah olarsa, sizin kimi Türk zabitləri taparıq. Bizə də əsgərlik öyrədərlər, təşkilatlandırarlar. Bizə ordu lazımdır. Ermənilərlə bolşeviklər arasında məhv olmamaq üçün buna məcburuq. Erməni Daşnaksaqan firqəsinin fikri Azərbaycanın Gəncə, Qarabağ, Ordubad, Naxçıvan bölgələrini almaq və Ermənistanı böyütməkdir. Bunu həyata keçirmək üçün buradakı müsəlmanları yox etməyi düşünürlər”.

Nəsib bəy Azərbaycana kömək edəcək tək qüvvənin Osmanlı olduğunu başa düşürdü. Lakin o bu dəstəyi arzuladığı zaman həm şəxsi, həm də partiyasının düşüncələrinə xilaf çıxmaq istəmirdi. Çünki onun və partiyasının hədəfi çarın əlindən xilas olub padşahın əlinə keçmək deyildi. Onunku müstəqil və demokratik Azərbaycan Cümhuriyyətinin qurulması idi. Buna görə də Hüsaməddin bəyə deyir: “Azərbaycana bir Türk ordusu gələ bilər və lazımdır da. Ancaq qorxduğumuz bir nöqtə var. Türklər bizi İstanbuldan idarə etməyə cəhd göstərməsinlər. Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyinə əsaslanan bir hökumət qurmaq fikrindəyik... Halbuki Osmanlı padşahlığının idarəçiliyi də rejim etibarilə Çar Rusiyasından fərqsizdir. Əlbəttə, Osmanlı türkləri bizim böyük qardaşımızdır, amma Bakı İstanbuldan idarə edilə bilməz”.

Tarix Nəsib bəyi haqlı çıxardı. Ordusuz Azərbaycan nəticədə ordulu ermənilər üzərində də qələbə çaldı.

Nəsib bəyə isə 29 iyul 1919-cu ildə Şuşada Azərbaycan ordusunun hərbi paradını qəbul etmək şərəfi nail oldu.

Belə bir şəxsiyyətə Rəsulzadənin də yazdığı kimi Bakı və Gəncədə abidələr qoyulmalı, xatirəsi əbədiləşdirilməlidir. Paytaxtımızın hər yerində tanımadığımız xarici şairlərin heykəlləri də olduğu halda hüquqi varisi olduğumuz dövlətin adını qoyan bir şəxsin heykəli niyə olmasın ki?


Müəllif: Dilqəm Əhməd