Professor Vilayət Quliyevin sosial mediada Azərbaycan əsilli türk şairi Yavuz Bülənd Bakilərlə fotoşəklini paylaşması bir müsahibəni yadıma saldı.
1976-cı ilin fevralında Bakilər “Türk Kültürü” jurnalına müsahibə verərkən qısa da olsa, ailəsindən bəhs edib.
Həmin müsahibədə doğulduğu yer haqqında bunları deyib: “Mənim soyum hazırda Sovet Rusiyasının hakimiyyətində olan Şimali Azərbaycandakı Qarabağın Ağdam kəndindən Türkiyəyə gəlmişdir. Uşaqlığımda anamdan xeyli azəri türküləri və nağılları dinlədim. Atam Qarabağı anlatdı və Qarabağı görmədən eşq dərəcəsində sevdim. Ailəmin bu əski türk yurdundan qopması eyni zamanda türklüyün də bir faciəsi idi. Bu hisslər içərisində bir gecə yuxuda Qarabağı gördüm. Şəhəri addım-addım dolaşdım. Oyandığım zaman “Qarabağ həsrəti” yazılmağını gözləyirdi”.
Yavuz Bülənd 23 aprel 1936-cı ildə Sivasda doğulub. Atası Cezmi bəylə anası Xeyriyyə xanım qohum olublar. İlk və orta təhsilini Sivasda alıb. Lisey dönəmini isə məmur olan atasının təyinatına görə Sivas, Qaziantep və Malatyada tamamlayıb. 1955-1960-cı illərdə Ankara Universitetinin Hüquq Fakültəsində təhsil alıb. Prezidentin Mühafizə Alayında hərbi xidmət keçən Bakilər qısa bir müddət “Yeni İstanbul” qəzetinin parlament müxbiri olub, daha sonra Ankara radiosunda çalışıb.
1970-ci illərdə siyasi həyata atılıb, üç dəfə Sivasda Ədalət Partiyasından namizəd olsa da, seçilə bilməyib. Daha sonra TRT-də çalışan Bakilər 1979-1980-ci illərdə Mədəniyyət Nazirliyində müşavir köməkçisi olaraq işləyib.
Dəmirəlin dəstəyini qazanan Yavuz Bülənd bəy bir müddət də baş nazirlikdə müşavir olaraq çalışıb. 1993-cü ildə təqaüdə çıxıb, 1994-cü ildə İstanbula köçüb.
Gənclik, tələbəlik dövründə daha çox millətçi camiənin içində olan Bakilər “Kızılelma”, “Türk yurdu”, “Tanrıdağ” kimi dərgilərdə yazan türkçülərdən təsirlənib.
1980-ci ildə Bakıya gələn Bakilər dədələrindən Hacı Əli Murad ilə Hacı Əli Fərahşadın Qarabağda dəfn olunduğunu deyib. Çar Rusiyasının Cənubi Qafqazı işğalından sonra dədələrindən Məhəmməd Sabir Maraş şəhərinə yerləşib. Sabirin oğlu Əbdülbaqi Qarabaği ata yurduna qayıtmaq istəsə də, Doğu Bəyazidə yerləşib.
Ailə daha sonra Qarsın Torpaqqala qəsəbəsində məskunlaşıb. Nəsildən Əli ağa, Məhəmməd ağa, Yusif ağa Qarsda dəfn olunublar. Sivasa yerləşən isə dədələrindən Hacı Mahmud Qarabaği olub. Bakilərin dədəsi Camal əfəndi isə Ərzurumu ruslardan müdafiə edərkən şəhid olub.
Atası Cezmi bəy isə ölüm döşəyində oğluna belə vəsiyyət edib: “Mən dəfn edildikdən sonra cənazədə olanlar Türküstan və Azərbaycan torpağında yatan soydaşlar üçün bir Fatihə, üç İxlas oxusun”.
Bakilər 1982-ci ildə ikinci dəfə Bakıya gəlib. Bu dəfə də Qarabağa getmək istəsə də, Sovet rejimi imkan verməyib. Həmin vaxt jurnalistlərə verdiyi müsahibədə belə deyib: “İndi daha çox Qarabağı görmək üçün gəlmişəm. Qarabağdan Türkiyəyə iki ovuc torpaq götürmək istəyirəm. O torpağın bir ovucunu Sivasda atamın məzarına səpəcəyəm. İkinci ovuc Qarabağ torpağını isə öldüyüm zaman uşaqlarım mənim üzərimə qoyacaqlar”.
Qarabağa gedə bilməyən Bakilərə dostları Qarabağ torpağı versələr də, Moskvada müsadirə edilib. Nəhayət, 1986-cı ildə Bakilərə Qarabağa, Ağdama getmək qismət olub və oradan torpaq aparıb. Şairliyi ilə yanaşı siyasi, tarixi əsərlər yazan Bakilər hazırda İstanbulda yaşamaqdadır.
Mustafa Kamal Atatürkün bəzi inqilablarına qarşı çıxması, Türkiyədəki müəyyən dini icmalarla yaxınlığı mütəmadi tənqid edilməkdədir. Hər halda Qarabağdan köç edən bir ailənin nəslindən olması, “Azərbaycan ürəyimdə bir şah damardır” adlı əsər yazması tarix üçün maraqlıdır.
Daşıdığı Bakilər soyadının isə Karabağilər soyadının zamanla təhrifə uğradığını da Yavuz Bülənd bildirib.
Onun Qarabağı yuxuda gördükdən sonra yazdığı şeir isə budur:
Qarabağ həsrəti
İndi uzaqlarda qalan bir şəhər vardır
Camiləri yıxılmış, minarələri yarım...
Bu şəhərin çiləsini mən çəkirəm illərdir,
Həsrətini mən duyuram.
İndi uzaqlarda qalan bir şəhər vardır
Ki sızladır ürəyimi illərdən bəri
Vətən olmasına Vətən, Anadolucasına
Amma Vətən xəritəmdə yoxdur yeri
Gözəl türküləri türkülərimiz kimidir
Və qalpaqlı bindallı oyunlarını, balam
bilənlərimiz bilir.
Bir gün bir salam getsə Anadolumdan
O şəhərdən sımsıcaq bir salam gələr.