11 May 2023 11:14
19 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Şuşadan xalqa müraciətinə baxdım Real TV-də. Təxminən 45 dəqiqə çəkdi. Yəni bir dərs saatı. Yaşım ömrümün yarısını keçib ("Yaş 35, yolun yarısı edər…" Cahit Sıtkı Tarancı), amma şəxsən mənə Müasir Azərbaycan Tarixi dərsi keçdi cənab Ali Baş Komandan. Tekstə baxmadan danışdı, gözəl danışdı. Qürur duydum. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eyləsin.

1990-ları çox adam bilmir. Çox adam unudub. Çox adam yada salmaq istəmir. Amma biz 90-ları bilməli, xatırlamalı, analiz etməliyik ömür boyu. Azərbaycanın 90-larda keçdiyi tarixi, yaşadığı taleyi indi özündən deyən dövlətlər axsayaraq keçər, səndirləyərək keçər. Onu da hələ keçə bilsə...

Mən və mənim nəslim 90-ları yaşamışıq. Bilirik. O illəri görməyən adamlara o illəri başa salmaq mümkün deyil sadəcə. Bunu da deyim: 90-lar Azərbaycanı nə ədəbiyyatda, nə kinoda, nə də incəsənətin başqa sahələrində işlənib. Təəssüf. 90-lar Azərbaycanını sözün və həyatın bütün mənalarında işləyən yeganə adam dahi Heydər Əliyev olub.

Məhz Heydər Əliyev (Allahın rəhməti olsun ona) bizi o izaholunmaz məşəqqətdən qurtardı, xilas etdi. Çağdaş Azərbaycanın gerçək müəllifi, bəli, Heydər Əliyevdir. Bunu deməkdən, etiraf etməkdən qorxmaq lazım deyil. Bu gün ölkə olaraq bütün nəaliyyətlərimizi məhz ona borcluyuq. Heydər Əliyev OLMASAYDI, daha bir Çeçenistan, daha bir Dağıstan olardı Qafqazda. Azərbaycanı Dağıstan olmağa qoymayan şəxsiyyətdir Heydər Əliyev.

Bilirik, Azərbaycan tarixində Heydər Əliyev qədər ədəbiyyata, mədəniyyətə, incəsənətə diqqət yetirən lider tapılmaz. İlham Əliyev müraciətində xüsusən ƏDƏBİYYAT dedi, MƏDƏNİYYƏT dedi. Bu, hər şeydir mənim üçün. Doğrusu, İlham Əliyevə simpatiyamı bildirməmişdim bu günə qədər.

Azərbaycan kimi məşəqqətli coğrafiyanı dünya ölkələriylə eyni sıraya qaldırdığı üçün İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm.

Ümumiyyətlə, Azərbaycanı sevən, Azərbaycana xidmət edən hər kəsə canım fəda. İstər şair olsun, istər məmur, istərsə də fəhlə, fərq etməz. Bu möhtəşəm dövlətə, bu sevgili xalqa xidmət edən hər kəsə qurban olum. Azərbaycan gözəldir. Vətən yaxşıdır!

Zənnimcə, Azərbaycana təmənnasız xidmət edən barmaqsayı adamların başında cənab İlham Əliyev dayanır. Onun xidmətləri tam təmənnasızdır. Görürəm. Bu, əsl fədakarlıqdır. Şəxsən mən onun zülmlü həyat tərzinə şərik olmaq istəmərəm. Heç bir adi insan onun yaşadıqlarına ortaq olmaq istəməz. Çox çətindir. İlham Əliyev əsl liderdir.

Bunu deməkdən çəkinmək lazım deyil. Düzü, çox adam qorxur bu faktı etiraf etməyə. Çox adam çəkinir. Amma qorxulu heç nə yoxdur. Səmimi olun. Məhz onun böyüklüyüdür bu gün milli qeyrəti, mənəvi kimliyi olan, özünü tanıyan hər kəs Heydər Əliyevə Ulu Öndər deyir və bu xitabı edərkən utanmır, tərəddüd etmir.

İlham Əliyev doğma adamdır. Allah sizi hər daim var etsin, gözəl kişi! Siz var olduqca atanızın ruhuna Eşqlər deyiləcək. Allah atanıza rəhmət eyləsin. Allah Azərbaycanın müstəqilliyini bizə, bu xalqa çox görməsin. Allah öz izzəti cəlalı xatirinə müharibəni bu sevgili xalqımızın taleyindən silsin.

Allah Azərbaycanı Azərbaycan edən şəxsiyyətləri var etsin. Heydər Əliyev Azərbaycanın təkcə tarixindən deyil, həm də teleyindən keçən misilsiz şəxsiyyətdir. 100 yaşı mübarəkdən mübarək. Ruhuna əbədi Eşqlər!

Allah necə haqdı?!


Müəllif: Şəhriyar Del Gerani