Biləndə ki, 5 oktyabr Azərbaycanda müəllimlər günüdür, nədənsə, qəribə hisslər keçirdim və yaddaşımı vərəqləməyə başladım. Xatırladım ki, orta məktəbdə oxuyanda təxminən, qoyunlar üçün qurban bayramı nə idisə, biz şagirdlər üçün də müəllimlər günü eyni şey idi. Ona görə ki, müəllimlərimiz bizi qoyun kimi soyurdular, heç uf da demədən hər müəllimlər günündə qanımızı içirdilər.
Bir müəlliməmiz vardı, çox yaxşı xatırlayıram, gözümüzü elə qırmışdı ki, üzünü görəndə tir-tir əsirdik. Uşaqlarda psixoloji travma yaratmışdı o qadın, müəllimlər günü münasibətilə pulu zorla yığırdı bizdən. Pul verməyən şagirdləri nalayiq gözlərlə təhqir edir, uşaqlara ağzına gələni deyirdi, özü də Mirzə Ələkbər Sabirin divardan asılmış şəklinin gözü qabağında. Heç olmasa, Sabirdən utanmırdı, Sabirdən xəcalət çəkmirdi, qızarmırdı...
Etiraf edirəm ki, məktəbdə oxuyan uşaq kimi tanınmırdım. Ona görə ki, bunlar üçün oxuyan uşaq standartlarının heç biri məndə yox idi. Amma başım çıxmır, bəs necə oxumurdum ki, orta məktəbi qurtarandan sonra sinif uşaqları arasında ən yüksək bal toplayıb ali məktəbə qəbul oldum?
Yadıma gəlir, həmin müəllimə mənim adımı məktəbdə demaqoq qoymuşdu. Ona görə ki, pul yığmaq kampaniyalarının heç birində iştirak eləmirdim. Onsuz da müəllimlər bilirdi ki, məndən pul çıxan deyil, amma ən çox ona görə narahat idilər ki, o biri uşaqlar da bəzən mənə qoşulurdu, yəni pul verməkdən imtina edirdilər. Hətta müəllimlər mənə deyirdi ki, özün pul vermirsən, yaxşı eləyirsən, heç olmasa, dilini dinc saxla, qoy o birilər versin, özün pozulubsan, barı onları da yoldan çıxarma.
Adətən, hər bayramdan sonra direktorun otağında iclas keçirilirdi, pul verməyən şagirdlərin siyahısı tutulurdu və həmin uşaqlar üçün müxtəlif cəza tədbirləri görülürdü. Hər dəfə adım pul verməyən şagird kimi hallanırdı deyə heç bir müəllimin məni görməyə gözü yox idi.
İmkansız uşaqlar pul yığmaq kampaniyasına qoşulmaq istəməyəndə həmin o müəllimə hamının gözü qabağında o şagirdi necə pərt edirdi, necə alçaldırdı, Allah şahiddir. Bəs tutalım, atası imkanlı bir uşaq dərsdən qaçanda, hansısa qızın saçını yolanda, məktəbin pəncərə şüşəsini qıranda, dəhlizdə siqaret çəkəndə müəllim onun necə tənbeh edirdi? Barmağını yüngülcə yelləyir, xeyli gülərüz və mehriban şəkildə belə deyirdi:
– Sən yaman dəcəlxata uşaqsan ha.
Sonra bir əlini uşağın çiyninə qoyub, o biri əliylə başını sığallayır, bir sözlə, sinif rəhbərimiz dərsdən qaçan şagirdə iradını elə bildirirdi ki, hamı dərsdən qaçmağa həvəs göstərirdi. Ancaq bazarın qabağında atası tum satan şagird dərsə gecikəndə müəllimə deyirdi:
– Ay adamaoxşamaz, bu uşaqları pozan elə sənsən. Burnunun suyunu qoluna yaxa-yaxa nə gəlmisən? Bunun vidinə-fasonuna baxın, dərsə gecikməyinə baxın. Ailə tərbiyəsi görməmiş bir uşağın məktəbdə nə işi var, bilmirəm.
Müəllimənin bu sözündən sonra hamı gülürdü. Müəllimə dərsin ortasında atası tum satan şagirdin uzunsaç olmağına lağ eləyirdi. Onu şampunçik deyə çağırırdı. Uşaqlar da gülüşürdü. Şagird o qədər pis duruma düşürdü ki, axırda özü də gülməyə başlayırdı. Guya zarafatlaşırlar. Ancaq içində bərk sarsılırdı, bilirdim. Müəllimlərim uşaqların içində pul vermədiyimə görə məni də dəfələrlə pərt eləyiblər. Heç gəlib evdə də demirdim. Guya desəydim, nə olacaqdı ki? Atam da çarəsizlikdən müəllimənin sözünü deyəcəkdi. Bir dəfə sinif rəhbərimiz atamı məktəbə çağırıb məndən o ki var şikayət elədi.
– Dur ayağa – atam dedi – nə dərsidir?
– Ədəbiyyat...
– Dərsini bilirsən?
– Yox, öyrənməmişəm.
– Kitabın var?
– Hə, – udquna-udquna cavab verdim.
Tarap atam ağzımın üstünə bir şillə çəkdi.
– Bundan sonra nə dərsidir? – atam təkrar soruşdu.
– Fizika...
– Kitab almışam?
– Hə...
– Dərsini bilirsən?
– Yox...
Tarap ikinci şilləni sifətimə ilişdirdi. Bilirdim ki, atam belə insan deyil. Sadəcə, müəlliməyə xoş getsin deyə bu cür eləyir. İki şillədən sonra gözlərim doldu. Ürəyimdə dedim ki, düz eləmədin, ata. Ancaq atamın əsəbi soyumadı, müəllimə necə qızışdırmışdısa, atam əl atıb qulağımdan tutdu, qızların gözünün qabağında başımı o üz-bu üzə silkələdi. Özümü güclə saxlayıb ağlamadım. Sadəcə, bir az gözlərim doldu. Və bir az da atamın çarəsizliyinə pis oldum, kövrəlməyim də elə ona görəydi...
O gündən o müəllimənin siması hər dəfə yadıma düşəndə nəinki müəllimlik peşəsindən, hər şeydən iyrənirəm; məktəbdən, kitabdan, dəftərdən, qələmdən, partadan, çantadan...