13 İyun 2016 19:15
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com son vaxtlar diqqət mərkəzində olan əkiz bacılardan Sevinc ilə müsahibəni təqdim edir.

- Bu yay harada istirahət edəcəksiniz?
- Düzünü deyim ki, hələ heç yerdə istirahət etməyi planlaşdırmamışıq. Çünki tətilimiz orucluqdan sonra başlayır. Toylar, tədbirlər çox olur. Biz nəyisə planlaşdıranda alınmır.

- Röya Ayxan ilə duet oxuyacaqdınız...
- Dueti Röya xanımın konserti üçün ifa edəcəkdik. Yəni ki, duet efir, reklam üçün deyildi. Konsertə çatdıra bilmədik.

- Röya Ayxandan başqa hansı həmkarınız ilə duet ifa etmək istərdiniz?
- Efirə mütəmadi çıxan və işinə məsuliyyətli yanaşan bir sənətçi ilə duet oxumaq istəyərəm. Əslində, Sevil ilə duet oxuyuruq. Nurlan Təhməzli və Ramal İsrafilov ilə duet ifa etmişik. Amma onlarla duet oxuduqdan sonra peşman olmuşuq. Çünki heç birini tapmaq mümkün deyil.

- “Hər şey daxil” reytinqli verilişlərdən biri oldu. Fəaliyyətinizə başlayarkən uğur qazanacağınıza inanlar var idi?
- Xeyr, uğur əldə edəcəyimizə inanlar yox idi. Rəhbərlik dedi ki, yay tətili üçün üç aylıq veriliş açmaq istəyirik. Beləliklə, üç aylıq müqaviləmizi bağladıq və sonra başa düşdük ki, veriliş uğurludur. Veriliş qısa müddətdə səs-küy saldı, reytinq əldə etdi. Verilişə başlayanda deyirdilər ki, əkizlərdir də... Onların verilişinə niyə gedək ki? Amma bu gün biz deyil, tanınmışlar verilişə gəlmək üçün zəng edirlər. Artıq müğənni axtarmırıq. Bizi yalnız aparıcı Zaur Kamal dəstəklədi və uğur əldə edəcəyimizə inandı. Eləcə də verilişimizin alınmayacağını deyirdilər. Amma “onsuz da alınmayacaq” deyənlər artıq iki ildir ki, verilişimizə gəlirlər.

- Bəs, həmkarlarınızdan verilişinizə dəvət etdiyiniz və dəvətinizi qəbul etməyənlər olub?
- Əvvəllər olub. Amma indi istədiyimiz hər bir müğənni verilişimizə gəlir. Yeganə olaraq Zülfiyyə Xanbabayeva nadir hallarda verilişə çıxır. Onunla münasibətimiz çox yaxşıdır. Hər dəfə görəndə deyirəm ki, Zülfiyyə xanım, çox istəyirəm ki, verilişimizdə iştirak edəsiniz. Təbii ki, hər aparıcı Zeynəb Xanlarovanın verilişində qonaq olmasını istəyər. O, insan mənim üçün yeganə əl çatmaz insandır.

- Necə düşünürsünüz, sizin üçün şou-biznesdə nömrə bir Faiq Ağayev, Aygün Kazımova, yoxsa Röya Ayxandır?

- Hər birinin öz yeri, uğurları, sevənləri var. Heç birinə birinci demək istəmirəm. Çünki hər birinin öz təbəqəsi var. Biz heç vaxt deyə bilmərik ki, Röya Ayxandan üstün olacağıq. Nə qədər çalışsaq da, Röya xanımdan səhnə fəaliyyətimiz 5 il az olacaq. Ola bilər ki, fanat ordun var, insanların sevgisini qazanırsan, “İnstagram”da çox izlənirsən. Amma sən o təcrübəyə heç vaxt çata bilməyəcəksən. Ona görə düşünürəm ki, Faiq Ağayev, Aygün Kazımova və Röya xanımın özü yeri var. Filankəs birincidir və s. demək olmaz.

- Röya Ayxan ilə münasibətiniz yaxşıdır, bəs, Faiq Ağayev, Aygün Kazımova ilə necə?
- Hər üçü ilə münasibətimiz yaxşıdır. Amma düşünürəm ki, bir az şou-biznesdən kənar durmalısan. Düzdür, bu gün bizə Röya Ayxan daha çox yaxıdır, onunla dərdimizİ də bölüşə bilərik. O bizə böyük kimi məsləhət də verə bilər. Röya xanım tez inciyir, amma tez də barışır. Faiq müəllim və Aygün xanımla sadəcə “salam, sağ ol”umuz var.

- Gənc müğənnilər arasında Günay İbrahimli, Ayan Babakişiyeva, Aysel Əlizadə, yoxsa Sevil və Sevinc bacıları daha çox tanınır?
- Bir az əvvəl üç sənətçi ilə(Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan) adımızı hallandırdınız. Bunlarla adımızın çəkilməyini istəmirik.

- Adınızı çəkdiyimiz həmkarlarınızla münasibətiniz yaxşı deyil?
- Ümumiyyətlə, bizim hamı ilə münasibətimiz normaldır. Sadəcə bu gün gənclərdən ən çox işləyən bizik. Mən onların fəaliyyətindən xəbərdar deyiləm.

- Bir müddət əvvəl Ayan Babakişiyeva ilə istirahətə getmişdiniz?
- İstirahətə getmək başqa şeydir. Amma heç kimin əziyyətini də yerə vurmaq olmaz. Hər birimiz özümüzə görə işləyirik. Bu gün biz beş günlük canlı efirə görə öndə ola bilərik, amma sabah efir olmaya da bilər. Ona görə də kiminləsə müqayisə edilmək və münasibətimizin korlanmasını istəmirəm. Hər bir gəncin öz yeri var. Amma hər şey göz qabağındadır. Və bunun qiymətini tamaşaçı verməlidir.

- Çox iddialısınız..
- İddialı olmasaydıq, üç il ərzində bu yerdə olmazdıq.

- Uğurlarınızı kimə borclusunuz, özünüzə, yoxsa?
- Uğurlarımı valideynlərimə və qardaşıma...Bizim ayağımız büdrəyəndə əlimizdən tutan valideynlərimiz və qardaşım olub. Onların dəstəyi olmasaydı, bu gün bu qədər iş görə bilməzdik. Şou-biznesdə o qədər problem olur ki... 1000 nəfər yolunu kəsir, bir nəfər kömək edir. Bu mərhələləri keçməyə valideynlərimiz kömək elədi.

- Dedi-qodunuzu edənlər çoxdur?
- Bəli, çoxdur. Bəzən qardaşımın maşınından düşən zaman deyirlər ki, utanmırlar “Range Rover”dən düşürlər. Amma fikirləşmirlər ki, bu, bunun qardaşıdır. Əvvəllər belə hallara reaksiya verirdik. İndi əhəmiyyət vermirik.

- Tanındıqdan sonra sizin haqqınızda müəyyən söz-söhbətlər Yayıldı, hətta satıcı işlədiyinizi bildirdilər...
- Biz bir müddət satıcı, eləcə də ofisiant da işləmişik. Hətta bizə yazırlar ki, bir ara mənim üçün satıcı işləyirdilər, indi isə müxtəlif restoranlarda yemək yeyirlər. İnsan heç vaxt keçmişini unutmur. Onu sizin mənə xatırlatmanız düzgün deyil. Dünən satıcı işləmişəmsə, bu gün ən bahalı restoranlarda oturub istirahət edirəmsə, deməli bunun üçün az əziyyət çəkməmişəm. Dayanmadan işləyirəm. Biz günlərlə yuxusuz qalmışıq. Ağıllı insan hər zaman uğur qazanmalıdır. Deməli ağlın olmur ki, hansısa pilləyə çata bilmirsən.

- Kompleksiniz varmı?
- Əvvəllər burnumuza görə kompleksimiz olurdu. Əməliyyat etdirdikdən sonra heç bir kompleksimiz yoxdur.
- Burnunuza görə kompleks yaşasınız da, amma güclüsünüz...”O səs Türkiyə” yarışmasında iştirak etdiniz...
- Bəli, biz nəyəsə doğruatırıqsa, onun davamını gətirməyi bacarırıq. “O səs Türkiyə”yə getdik, bir ay gündəmdə olduq və bununla kifayətlənmirik. İnşallah, Seva ilə “Eurovision”a da gedərik.

- “Eurovision”da ölkəmizi təmsil etmək istəyirsiniz?
- İnşallah, təklif gəlsə, ölkəmizi sevə-sevə təmsil edərik.

- Niyə avtomobil idarə etmirsiniz?
- Avtomobil idarə etməyi sevmirəm. Fikirləşirəm ki, maşında xanım kimi əyləşməlisən və sürücü də idarə etməlidir. Sanki maşın sürmək xanımın zərifliyini əlindən alır.

- Həmkarlarınız bahalı maşınlarla gündəmə gəlirlər. Sirr deyilsə, sizin avtomibilinizin qiyməti nə qədərdir?
- İnanırsınız ki, bizim avtomobilimiz yoxdur. Biz maşın idarə etsəydik, bu günə qədər maşın almışdıq. İstifadə etdiyimiz maşın sürücünündür, sadəcə biz aylıq maaş veririk. Evdə qardaşımın da avtomobili olub, amma onu da sürməyə cəhd etməmişik. Düşünürəm ki, insan üçün ilk növbədə ev, bağ evi olmalıdır.
Mənim üçün maşın sonuncu yerdədir.

- Yeni evə köçmüsünüz. Bəs, bağ eviniz varmı?
- Bağ evimiz yoxdur. Hazırda sadəcə torpaq sahəsi almışıq. Bu gün valideynlərimizlə bərabər gözəl bir mənzildə yaşayırıq. Allah hər kəsə qismət etsin.

- Əvvəl kirayədə yaşayırdınız?
- Həyət evimiz var idi. Amma biz həyət evini sevmədiyimiz üçün şəhərdə kirayədə yaşayırdıq.

- Roza Zərgərli ilə iş birliyinizə niyə son qoydunuz?
- Biz o haqda danışmaq istəmirik. Bizim heç kim əlimizdən tutmayıb, təmənnasız kömək etməyib. Bir insanla həmişə pərdə saxlayırıq. Bizə qarşı səhv addım atılarsa, bir dəfə keçə bilərəm.

- Həmkarlarınız tərəfindən evlilik təklifi olub?
- Bəli, evlilik təklifi olub, amma onun adını açıqlamaq istəmirəm. Amma heç vaxt deyə bilmərəm ki, müğənni ilə ailə həyatı qurmaram. Daha çox da kişi müğənnilərimiz bu sözləri deyirlər, amma düz etmirlər. Biz də kiminsə qızıyıq. Biz də ailə həyatı qurmaq istəyirik. Müğənnilər haqqında o qədər iyrənc sözlər danışırlar ki, adi insan da ifaçı ilə ailə qurmaq istəmir. Bu gün müğənniyə ailə qurmaq çətindir. Mən də çox tərbiyəli bir ailənin övladıyam. Amma üzərimdə müğənni adı var deyə heç bir bəy mənimlə ailə qurmağa risk etmir. Çünki fikirləşir ki, hər biri eynidir. Hamı eyni ola bilməz, hər birimiz başqa ailələrdən gəlirik. Məsələn, mən axşam saat 11-də evdə olmalıyam. Hansı müğənniyə desən, buna gülərlər. Amma bizim saat 11-dən sonra evə getməyə ixtiyarımız yoxdur. Təbii ki, tədbir və konserti çıxmaq şərtilə. Ailəm belə hallara qarşı çox diqqətlidir. Həmkarlarıma da buradan səslənirəm ki, heç vaxt özünüzü alçatmayın! Biz də normal insanıq və ailə qurmaq istəyirik.

- Biz bilirik əziyyətiniz sayənizdə bu səviyyəyə gəlmisiniz. Bəs, ətrafdan deyiblər ki, kimlərinsə sayəsində tanınmısınız və s.
-Deyiblər ki, filankəsin sayəsində tanınıblar, onlara nə qədər pul xərcləyiblər və s. Bunlar bizə həm gülməli, həm də ağlamalı gəlir. Eləcə də qeyd ediblər ki, əkizləri “O səs Türkiyə”yə kimsə göndərib. Bizim biletimizi Acun Ilıcalı alıb, otel və digər xərcləri də “O səs Türkiyə” öz üzərinə götürmüşdü.

- Həmkarlarınız haqqında hansısa məmur oğlu ilə sevgilidir və s. kimi sözlər deyilir. Siz necə gələcəkdə məmur oğlu ilə sevgili olmaq, yaxud da evlənmək istərdinizmi?
- Həmişə deyirəm ki, Azərbaycan xanımına sevgili sözü yaraşmır. Bizim barmağımızda nə vaxtsa üzük olsa, cəsarətlə açıqlama verərəm ki, sevdiyim insan var, ailə qururam. Üzük taxılmayana qədər heç nə deyə bilmərəm. Bu gün şəxsi həyat da yoxdur. Məmur oğluna gəlincə, qismət. Kim deyə bilərdi ki, Safura Əlizadə şou-biznesdən uzaqlaşıb, ailə quracaq. Əsas odur ki, yaxşı insanla ailə quraq. Məmur oğlu oldu, olmadı, fərq etməz. Ən əsası sənə hörmət etsin və ailəni dolandıra bilsin.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər