24 Aprel 2014 11:41
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Şor bölgəsinin ən ünlü milli musiqi ifaçılarından biri olan Çıltıs Tannaqaş may ayının 2-də Bakıda keçiriləcək “Türklük Şöleni”nə qatılmaq üçün Azərbaycana gələcək.

Son illərdə füsunkar ifa üslubu ilə Türkiyə, Saka (Yakutiya), Dağlıq Şor, Tuva, Hakas, Qazaxıstan, Qırğızıstan ve Altayda keçirilən musiqi festivallarında dinləyicilərin ürəklərini fəth edən, konsert salonlarında musiqisevərlərin ruhunu vəcdə gətirən sənətçi atev.az-a müsahibə verib.

- Çıltıs xanım, bu, sizin Bakıya ilk gəlişinizdir. Bunu necə qəbul etdiniz?

- Məni Bakıda keçiriləcək “Türklük Şöleni”nə dəvət edən “Azərbaycan-Türkiyə Evi” təşkilatının başqanı, Türk Dünyasında öz sözü, çəkisi və dəyəri ilə tanınan Tənzilə xanım Rüstəmxanlıya və ATEV başqanı yardımçısı Cahandar bəyə sayğılarımı bildirirəm. Bakı və Azərbaycanla bağlı tanışlığım qiyabidir. Belə ki, Qazaxıstan ve Qırğızıstanda yaşayan soydaşlarınızın yardımı ilə məndə Azərbaycanla bağlı çox gözəl təsəvvürlər yaranıb. Haraya gedirəmsə, mənsub olduğum Şor Türklerinin milli musiqisini ve kültürünü həm tanıtdırmağa, həm də sevdirməyə çalışıram. Bakıya gəlişimin bir səbəbi də oranın Türk Dünyası üçün önəmli bir mərkəz olması ilə bağlıdır. Tarixdə birinci Türk Qurultayı məhz Bakıda, 1927-ci ildə keçirilib. O dönəmdə bütün Türk Dünyası bir araya gələrək ortaq əlifbaya keçmək haqqında qərar verib. Aradan illər keçsə də, bu enerji heç bir zaman tükənməyib. Türk Dünyasının hər bir bölgəsində həmin enerji ilə qarşılaşmaq mümkündür, ancaq Bakı şəhəri müstəsna rol oynayır. Çünki Bakı həm də elmi baxışların akademiyası, beyin mərkəzidir. Mənim yaşadığım Dağlıq Şor bölgəsi Gök Tanrı inanc kultunun kültür və musiqisinin qorunduğu və bu günlərə kimi davam etdiyi bir məkandır. İnanıram ki, Bakıda ruhumuzla düşüncəmizin bütün olduğunu hər kəs duya biləcək.

- Şor Türklərinin çağdaş kültürünün gəlişmə durumu hansı metodlara bağlıdır? Siz mənsub olduğunuz toplumun bu yöndəki durumundan razısınızmı?

- Bilirsinizmi, çok zaman bizə yalnış baxışlarla maraq göstərilir. Şor Türklərini azsaylı Sibir toplumlarından biri kimi qəbul etmək iddiaları vardır. Əslində bütün bunlar tamam yalnış yanaşmadır. Biz Şor Türkleri olaraq 350 milyonluq Türk Dünyası ailəsinin bir parçasıyıq. Bununla sizlər necə qürur duyursunuzsa, eynilə bizlər də həmin dəyəri qəbul edirik. Şor Türkləri digər qardaş toplumlardan fərqli olaraq, əski türk inanclarını və onun kültürünü bu günə kimi qorumuşdur. Bizlərdən də çox şeylərin öyrənilməsi indiki şərtlər içində tələb olunur. Heç kimsəyə sirr deyil ki, Türk Dünyasında fərqli inanclar: buddizm, xristianlıq, islam, iudaizm və digər inanclar mövcuddur. Ancaq, bunun türk toplumları arasında hər hansı bir ayrımçılığa səbəb ola biləcəyini sanmıram. Mən sənət adamı kimi bunun canlı şahidlərindən biriyəm. Çağdaş anlamda kültürümüzün və mənəvi dəyərlərimizin gəlişməsinin təməlli yolunu ənənəvi inanc kultu olaraq irəli sürmək ən doğru olanıdır. Çünki bizlər fərqli inanclara və estetik görüşlərə sahib olsaq da, genetik baxımdan heç bir zaman dəyişməmişik. Şor Türklərinin çağdaş kültürünün təməlində də məhz bu dəyərlər dayanır. Milli folklorumuz və ənənəvi baxışlar hər zaman olduğu kimi, bu gün də bir-birlərini tamamlayan əsas dəyərdir. Əlbəttə keyfiyyətli türküləri və əzgiləri ifa etməklə mən geniş dinləyici kütləsini həmin dəyərlərin özləmli dünyasına qatmağa çalışıram.

- Sizin ifanızda səslənən türkülər tamaşaçılar tərəfindən necə qəbul edilir? Bu üslubda ifaçılıq tərzi və musiqi onlara təsir edə bilirmi?

- Mən öz sənət təcrübəmdən deyə bilərəm ki, artıq ciddi tamaşaçılar populizmden çok yorulublar və hətta usanıblar. Artıq bu proses cəmiyyətdəki digər təbəqələrə də sirayət etməyə başlayıb. Bu yaxınlarda, yani mart ayının 12-də Qırğızıstanın paytaxtı Bişkekdə öz sənət dostlarım Yuliyana Krivoşapkina və Aleksandr İaçkovski (Saka-Yakutiya), İrina Kenzina və Marina Saksaeva (Dağlıq Altay), Fatima Sultanova və Kenjebek Sadırbekovla (Qırğızstan) birlikdə konsert proqramı ilə çıxış etdik. Konsertlərimiz bir gün deyil, on gündən çox davam etdi. Demək olar ki, dinləyicilər və musiqisevərlər bizi rahat qoymurdular. Onlar ucuz, bayağı və üç günlük dəbdə olan, çok asanlıqla unudulan mahnılardan usandıqlarını səmimi şəkildə etiraf edirdilər. Əski türk ruhunun melomanik duyğuları insanlarda böyük bir coşqu yaratmışdı. Hətta dövlət adamları, nazirlər bizim konsertlərimizə böyük maraq göstərdilər. Yerli televiziya kanalları və mətbuat yorulmadan bizlərin ifa etdiyimiz türkülərin musiqi, harmonik və sənət dili ilə bağlı suallarını yağış kimi yağdırırdılar. Gerçəkdən biz heç nə kəşf etməmişdik. Sadəcə türkün etnokulturoloji dəyərlərinə söykənən folkloru əsasında mahnılar və əzgilər ifa edirdik. Biz boş vaxtımızda oturub olanları müzakirə edir və bunun sirrini incələyirdik. Bəlli oldu ki, hər bir millətin genetik və qan yaddaşının ruhu var. Bu təməlin üzərində köklənmək necə xoşdur. İnsanlar həmin türküləri necə də heyranlıqla dinləyir və qəbul edirlər. Fikrimcə artıq həmin dönəm çatıb. İnsanlar o musiqini dinləmək istəyirlər ki, onun melodik harmoniyası insanların genetik yaddaşını oyada bilsin. Bu, həm də oyanışmızın birliyi, diriliyi və bütünlüyü deməkdir. Biz Bişkekdeki həyətimizle birlikdə güneşli Bakıya gəlirik. Qırğızıstanda əldə etdiyimiz uğurların burada da təkrar olunacağına çox inanıram.


Müəllif:

Oxşar xəbərlər