2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Müsabiqəsinin qalibi Güllü Muradova redaksiyamızın qonağı olub. "Gündəlik Teleqraf"ın "Brifinq" layihəsi çərçivəsində redaksiya heyətinin suallarını cavablandıran gənc xanəndə sonda musiqi parçası ərməğan edib. O, Muğam Müsabiqəsinə gəlişindən, hazırkı fəaliyyətindən, gələcək planlarından və şəxsi həyatından danışıb. Bu sənətdəki intriqalardan uzaq durmağa çalışan Güllü Muradova məşhurluğun "qazandırdığı" paxıl insanlardan bəhs etdi.
Hazırda Milli Konservatoriyada təhsil alan Güllü xanım bank sektoru və ya politologiya üzrə çalışmaq istədiyini dilə gətirdi. O, deputatlıq iddiasında olduğunu da gizlətmədi.
Nərgiz Ehlamqızı: Güllü xanım, çox dəyişmisiniz. O yeniyetmə qız indi gənc və istedadlı xanəndə kimi tanınır. Sizi milli geyimdə görəndə Bahar qızı obrazı təəssüratı yaranır. Qarşıdan Novruz gəlir, bayrama necə hazırlaşırsınız?
- Bayramınız mübarək! Özümün isə, sözün açığı, bayramlara o qədər marağım yoxdur. Təkcə Qurban bayramını xoşlayıram və qeyd edirəm. Novruz bayramında ilaxır çərşənbəni xoşlayıram. Bakıda, ümumiyyətlə, bayramı qeyd etməyi sevmirəm. Novruzda kənd ab-havası olduğuna görə ancaq rayonda, kənddə keçirməyi üstün tuturam. Yəqin, elə bayramı rayonda qeyd edəcəyəm. İmicimə gəlincə, bir az dəyişiklik etmişəm, indi klassik üsluba önəm verirəm.
N.Ehlamqızı: Hansı rayonda qeyd edəcəksiniz?
- Kəndimiz yoxdur, Beyləqan rayonunun Dünyamalılar kəndində məskunlaşmışıq. Bayramda kəndə gedəcəyik.
N.Ehlamqızı: Valideynləriniz orada yaşayır?
- Yox, valideynlərimlə Bakıda yaşayırıq. Əslimiz Ağdamdandır, kəndimiz Gülablıdır. Babamgil orada yaşayıb. Mən özüm Ağdamı görməmişəm.
Taleh Şahsuvarlı: Bəs harada böyümüsünüz?
- Valideynlərim Ağdamdan çıxanda Dünyamalılar kəndinə gəliblər. Orada böyümüşəm. Sonra da Bakıya köçmüşük. Dünyamalılarda səs haradandır? (gülür). Nənəmdə, babamda, bütün nəsildə səs olub. Ona görə deyirlər ki, gendən gələn səsdir.
T.Şahsuvarlı: Heç Ağdamın işğal altında olmayan kəndlərinə gedirsiniz?
- Gedirəm, dəfələrlə konsertlərdə olmuşuq. Hərdən gəzməyə gedirik, öz kəndimiz olmasa da, Ağdamı duymaq üçün adam gedib nəfəsini ala bilir.
"Bütün günü ona qulaq asıb ağlayıram"
T.Şahsuvarlı: Səxavət Məmmədovla eyni kənddənsiniz. Heç onu görmüşdünüz, yoxsa xatırlamırsınız?
- Heyf, görə bilməmişəm. Bütün günü ona qulaq asıb ağlayıram. O qədər heyfslənirəm ki, kaş sağ olardı, onu görərdim. Eyni zamanda, qohum sayılırıq. Amma dəqiq bilmirəm, necə qohumluğumuz çatır.
"Ağdamdakı evimizdə bülbülümüz də varmış"
T.Şahsuvarlı: Ağdam deyəndə gözünüzün qabağına kim gəlir?
- İnsan olaraq deyə bilmərəm, kəndimiz, qapımız yadıma gəlir. Onu görməmişəm, atamın dayısı rəssam idi, soruşurduq ki, qapımız necə idi, çəkib göstərirdi. O səhnə yadımda qalıb. Qapımızda hətta bülbül də olub. Sənət aləmində ifaçıların yarısından çoxu qarabağlılardır, əksəriyyəti də ağdamlılardır.
T.Şahsuvarlı: Deyirlər, ağdamlılar sənətdə "mafiya" yaradıb...
- Bilmirəm, "mafiya" yaradıblar, ya yox. Sənət aləmində olsam da, içəridə yoxam. Kənarda durub oxuyuram.
Qurban Yaquboğlu: Müəlliminiz kim olub?
- Birinci müəllimim Sabir Abdullayev olub. Milli Konservatoriyada Arif Babayevdən dərs alıram.
N.Ehlamqızı: Neçənci kursda oxuyursunuz?
- Milli Konservatoriyanın bakalavr pilləsində ikinci kurs tələbəsiyəm.
Dilqəm Əhməd: Cəmiyyət içərisində tanınırsınız, tələbə yoldaşlarınızın Sizə münasibəti necədir?
- Efirə çıxanda, yaxud tədbirlərdə özümü xanəndə kimi aparıram, bilirəm ki, Muğam Müsabiqəsindən çıxmış xanəndəyəm. Konservatoriyanın bufetinə düşəndə heç uşaqların çoxu məni tanımır. Həyatda heç kəslə tanınmış xanəndə kimi rəftar eləmirəm. İnsanlarla atamın qızı Güllü, qohumların tanıdığı qız kimi ünsiyyətdəyəm. Tələbə yoldaşlarımla da münasibəti elə qururam ki, mənə xanəndə kimi hörmət qoymasınlar. Onlar məni qrup yoldaşı kimi çox istəyirlər, münasibətimiz elə qurulub.
Nərmin Muradova: Muğam Müsabiqəsinin qalibi oldunuz, amma özünüz müsabiqəyə sənədlərinizi verəndə tərəddüd edirdiniz sanki. Bir az istərdim o günlərə qayıdaq.
- Muğam Müsabiqəsindən əvvəl çox müsabiqələrə sənəd vermişdim, həmişə məni kəsirdilər.
"Xalq ulduzu"un münsifi dedi ki, səndən oxuyan olmaz"
N.Muradova: Hansı yarışmalarda kəsiblər ki?
- 2005-ci ildə "Oxu tar" müsabiqəsində laureat olmuşdum, amma yekunda həvəsdən salmışdılar. Bir dəfə də "Xalq ulduzu" təzə yaranırdı, o yarışma milli üslubda idi. Orada mənə dedilər ki, səndən oxuyan olmaz.
Q.Yaquboğlu: Konkret hansı münsif dedi?
- Yadımda qalmayıb. Mənə dedilər ki, ifan bizim layihəyə uyğun deyil. Bəlkə də, o zaman tam yaxşı oxuya bilmirdim, ola bilsin haqlı idilər. Amma səsim vardı da, məni formalaşdırmaq olardı. Sonra Muğam Müsabiqəsinin anonsları gedirdi. Ailə üzvlərim dedi ki, axırıncı şansdır, bura da ver, alınmasa, bu sənətin daşını at, get başqa işlə məşğul ol.
Q.Yaquboğlu: Onda Asəf Zeynallı adına kollecdə oxuyurdunuz?
- Yox, onda orta məktəbin 11-ci sinif şagirdi idim. Muğam Müsabiqəsində sənəd qəbulunun sonuncu günü idi. Artıq sənədlər bağlanırdı, Nadir Axundovdan xahiş etdik ki, uzaq yoldan gəlmişik, bizi qaytarma, sonra da bəxtim gətirdi, xanəndə oldum.
N.Muradova: Müsabiqədə irəliləmək, rəqiblərin arasında qalib çıxmaq çətin olmadı ki?
- İndiki Muğam Müsabiqəsinə baxıram, uşaqlar bir-biri ilə rəqib kimi davranır. Bizim iştirak etdiyimiz müsabiqədə hamı yaxşı ifaçı idi, hər kəs ancaq bir şeyi fikirləşirdi ki, yaxşı ifa etməliyəm. Yoxsa onu keçim, başqası məndən aşağı olsun kimi düşüncədən uzaq idik. Biz hətta bir-birimizə dəstək olurduq.
T.Şahsuvarlı: Sizin iştirak etdiyiniz müsabiqədə Elməddin İbrahimov də orada idi. İndi haralardadır?
- Səs dövrü dəyişir deyə hələ ona oxumaq olmaz. İndi Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil alır, 11-ci sinifdə oxuyur. Xeyli böyüyüb, boy-buxunlu oğlan olub, səsi qalınlaşıb.
T.Şahsuvarlı: Sizcə Elməddin səs dəyişimi prosesindən necə keçəcək?
- Qorumağından asılıdır. Qorusa, yaxşı olacaq.
N.Ehlamqızı: Müsabiqədəki iştirakçılar arasında indiyədək ünsiyyət saxladıqlarınız var?
- Var. Konservatoriyada bir yerdə oxuyuruq deyə, demək olar ki, hər gün bir-birimizi görürük. Elə oldu ki, müsabiqədəki xanımların bəziləri ailə qurdu, sənətdən uzaqlaşdı. Elə müsabiqədə münasibət kimlə idisə, onlarla hələ də münasibətimiz var. 2005, 2011-ci ildə keçirilən Muğam Müsabiqələrinin iştirakçıları ilə də əlaqələrimiz sıxdır. 2007-ci ildə keçirilən və özümün iştirak etdiyim müsabiqədəki uşaqlardan Abgül Mirzəliyev, Elməddinlə görüşürük.
N.Muradova: Bəs xanımlardan?
- Rəvanə Ərəbova vardı, indi ailə qurub, başı ailəyə qarışıb.
Q.Yaquboğlu: İstedadın kəşf olunma məqamı olur. Sizin səsiniz necə kəşf olundu, kim hiss elədi ki, səsiniz var?
- Uşaq vaxtı kənddə qohumların toyu olanda məni aparırdılar ki, bir mahnı ifa elə. Utanırdım, məcbur edirdilər ki, oxu. Onda dərk etmirdim ki, səsim var. Bizim bir kamança müəlliməsi olan qonşumuz vardı, atama demişdi ki, bu qızın səsi var, Sabir Abdullayevin yanına aparın, səsinə baxsın. Həmin müəllimlə Sabir müəllim Lökbatanda 9 nömrəli musiqi məktəbində bir yerdə işləyirdi. Özüm istəmirdim, deyirdim, oxumaq marağında deyiləm.
Q.Yaquboğlu: Niyə oxumaq istəmirdiniz?
- Ümumiyyətlə, həvəsim olmayıb. Görürəm ki, uşaq vaxtı oxumağa olmayan həvəsim get-gedə indiki xarakterimə təsir edir. İndi də az qala oxumaq istəmirəm. Birinci gün Sabir müəllimi görəndə gəldim evə, nənəmə yalvardım ki, qurban olum, atam sözümə qulaq asmayacaq, de məni göndərməsinlər. O da dedi ki, ay bala, istəyirəm oxuyasan, səsin var (gülür). Sabir Abdullayevin də zəhmli görkəmi vardı.
Q.Yaquboğlu: Onda neçə yaşında idiniz?
- 9 yaşım vardı.
"İncəsənət sahəsində olan paxıllıq başqa sahələrdə yoxdur"
Q.Yaquboğlu: Atanız hansı sahənin adamıdır?
- Atam dənizçidir. Məni musiqi məktəbinə apardı, gətirdi. 5 il təhsil aldım, 6-cı il məni məktəbdən çıxara bilmirdilər. Özüm gedirdim ki, oxuyum öyrənim. Vallah, indi o qədər şey olur ki, adamın hər şeyə marağı ölür.
N.Ehlamqızı: Nələr olur ki?
- Hər sahədə paxıllıq var. Yüz faiz deyə bilərəm ki, incəsənət sahəsində olan paxıllıq başqa sahələrdə yoxdur.
"Sənətə marağım azalır, ixtisasımı dəyişməyi düşünürəm"
N.Muradova: Maneələr çoxdur?
- Maneələr olmur. Sadəcə olaraq, mən heç vaxt kiminsə paxıllığını çəkməmişəm. Həmişə Allaha şükür edirəm ki, mənə istedad verib. Kimdə ki qabiliyyət yoxdur başqasının paxıllığını çəkir ki, kaş məndə də olaydı. İncəsənət sahəsində də belədir, baxır, biri ondan qabağa getdi, yəqin ona qabiliyyəti çatmır ki, paxıllığını çəkir, hələ bir ona maneələr də yaradır. Get-gedə sənətimə marağım azalır. İxtisasımı dəyişməyi düşünürəm.
N.Ehlamqızı: Hansı sahə Sizi özünə cəlb edir?
- Həmişə kompüter, bank sektoru, elm sahəsini, psixologiyanı xoşlamışam. İkinci təhsil barədə fikirləşirəm. Mütəxəssis kimi çalışıb yetişmək istəyirəm.
N.Muradova: Fikrinizi qətiləşdirmisiniz?
- Ciddi deyirəm. Əvvəllər hər şey tamam başqa cür idi. Biz 2007-ci ildə müsabiqədən çıxdıq, onda ifaçılara tamamilə başqa cür yanaşırdılar. Özüm də düşünürdüm ki, yaxşı oxuyan tək-tükdür. Amma indi, məsələn, Konservatoriyanın bufetinə düşürsən, baxırsan ki, 300 tələbədən 150-si oxuyandır. Bu sənətə axın ailədən gəlir. Evdə valideyn deməlidir ki, ay bala, get özünə bir sənət seç. Mən ikinci dəfə dünyaya gəlsəydim, heç vaxt sənətə gəlməzdim. İfaçılığı özüm üçün sadəcə hobbi seçərdim. Çox keşməkeşli, sözlü-söhbətli sahədir.
N.Muradova: Bütün bunlar məşhurluğunuzdan sonra yarandı? Bəlkə, tələbə olub sonradan irəliləsəydiniz belə olmazdı.
- Bəlkə də. Tələbələr arasında o qədər gözəl səsi olanlar var, efirə çıxmayıblar. Onlar sadəcə tələbə kimi formalaşıblar. Məncə, bir az qabağa getsələr, paxıl ifaçılar onlara imkan verməyəcəklər. Tələbələr arasında tanınır, amma efirə çıxsa, ona qabağa getməyə imkan verilməyəcək. Yaxşı insanlar, xanəndə müəllimlərimiz dəstək olacaq, amma paxıllıq çəkənlər yenə paxıl qalacaqlar.
T.Şahsuvarlı: Sənətinizi dəyişsəniz, siyasətə gəlmək fikriniz yoxdur?
- Yaraşar, hə, mənə? (gülür). İndi düşünmürəm, gələcəkdə qismət olsa, niyə də olmasın?
N.Ehlamqızı: Hansısa partiyanın üzvüsünüz?
- Bəli, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiyanın silsilə tədbirlərində çox iştirak edirəm.
"Elə şeyləri görürəm ki, fikirləşirəm sənətdə qalmaq lazım deyil"
N.Ehlamqızı: Qadın deputatlar arasında tanıdıqlarınız var?
- Bahar Muradova, Aqiyə Naxçıvanlı, Jalə Əliyevanı tanıyıram. Onlara baxıram, özümün də siyasətə marağım yaranır. Allah qismət eləsin, deputat olmaq istəyərəm. Ağır, sanballı sahədir. Açığı, hobbim şəkil çəkməkdir. Adi bir şeydən nəsə tapıb onu çəkirəm. Məni qınayırlar ki, düz danışmırsan, bu, hamıya verilən istedad deyil. Deyirəm ki, siz kənardan baxırsınız, asan görünür, amma mən elə şeyləri görürəm, fikirləşirəm ki, sənətdə qalmaq lazım deyil.
N.Muradova: Sənətlə bağlı çətinliyiniz olanda kimdən məsləhət alırsınız?
- Öz müəllim Sabir Abdullayevdən, Zabit Nəbizadədən. Ata, qardaş, müəllim, dost kimi gözəl insanlardır. Qəzənfər Abbasov gözəl müəllimimizdir, yaxşı məsləhətləri olur.
N.Ehlamqızı: Bəs xanım müəllimlərdən?
- Aygün Bayramovadan məsləhət alıram. Onun ifasını da, özünü də çox istəyirəm.
Q.Yaquboğlu: Bir var dinləyicinini sevdiyi mahnılar, bir də var ifaçının sevərək ifa etdiyi mahnılar. Bunlar üst-üstə düşməyə bilərmi? İfanızda ən xoşladığınız mahnı hansıdır?
- Əvvəllər daha çox segah oxuyurdum. Elə bilirdim ki, ondan başqa heç nə oxuya bilmərəm. Bir az təhsilimi inkişaf etdirdikcə, uşaqlara qulaq asdıqca baxırdım ki, digər muğamlarımız da məndə gözəl alınar. “Şur” üstündə olan bütün muğamları sevirəm, onlar həm yanğılı, həm də ruha yaxın olur. İstəmədiyim ifaları oxumamışam. Oxuduğum bütün mahnıları sevib ifa etmişəm. Hərdən məşqdə deyirəm ki, bəlkə, bu mahnını oxuyaq, məni müşayiət edən ifaçılar deyirlər “yox”, tamaşaçı qulaq assa deyəcək, xanəndəyə bax, oxuduğu mahnıya bax. Deyirəm, axı xoşuma gəlir, ruhuma yaxındır. Tamaşaçını nəzərə alırıq, amma 3 dənə tamaşaçının xoşladığı mahnını oxuyanda, 1 dənə də öz xoşladığımı ifa edirəm.
"Atamın güclü pulu olsa, heç vaxt toya getmərəm"
Q.Yaquboğlu: Toylara gedirsiniz?
- Gedirəm. Hər toya da getmək olmur. 10 toya çağırırlarsa, hamısına getmirəm. Baxırsan ki, 10 toydan 8-i sənin səviyyənə uyğun gəlmir. O mühit, sənə qarşı münasibət istədiyin kimi deyil. O cür toylara getməkdənsə, 3 səviyyəli toya getməyi daha üstün tuturam. Atamın güclü pulu olsa, heç vaxt toya getmərəm. Toyda oxuyursan, bir sərxoş gəlib deyir ki, toyxana mahnısı oxu. Onunla ünsiyyət qurası deyiləm ki. Elə də olur ki, toyda heç kəs yemək yemir, hamı oturub qulaq asır. Qorxursan ki, birdən səhv edərəm, nəsə deyərlər.
N.Muradova: Nə qədər məbləğ qarşılığında toylara gedirsiniz?
- Standart qiymət var, xanəndələr toya tar və kamança ilə birgə 1000-1500 manat qonorara gedir. Baxırsan kasıb adamdır, qiymət deməyə utanırsan. İmkanı 300 manata çatırsa, o qədər də alırıq. O hörmət edib çağırıbsa, gedirəm.
D.Əhməd: Nə qədər müddətə oxuyursunuz?
- Yarım, yaxud 1 saat. Ümumiyyətlə, muğamın qədəri var. Çox olanda dinləmirlər. Eləsi var deyir saat 18.00-da gəl, toy qurtaranadək ifa et. Hərdən fikirləşirəm ki, elə bil camaat da pulundan bezib, toyda 6 saat necə muğam dinləyərlər? Muğam üçün ən yaxşı saat 20.00-21.00 arasıdır. İnsanlar oynayıb yorulur, sonra muğama qulaq asır. 1 saatdan artıq muğam toyda insanları yorur.
N.Muradova: Toy repertuarınızda nələr var? “Can-cana” tipli mahnıları istəyən olmur ki?
- Elə efirdə oxuduğum mahnıları ifa edirəm. “Can-cana”, “Maral” mahnısını istəyənlər olub. Bunlar da mahnıdır, camaat da oynayır. Gəlib söyləyəndə, deyirəm yaxşı, amma “Şahnaz” oxuyuram.
N.Muradova: Toylardan başqa qazanc yeriniz yoxdur, yəqin.
- Bir də prezident təqaüdü alıram.
N.Muradova: Aylıq xərcləriniz nə qədərdir?
- Bədxərc adam deyiləm. Qazancıma uyğun xərclərim olur. Sənət adamına nə lazımdır? Geyim çox pul aparır. Mən də güclü geyim geymirəm ki, deyim paltara çox pulum gedir.
N.Muradova: Paltara 5-10 min manat xərcləyən sənətçilər var.
- Gündəlik geyimlərə pul xərcləyirəm. Hərdən oxuyanlar məni danlayır ki, bu nə geyimdir efirə geyinmisən? Bir az zərli-zibalı geyin, saçını düzəlt, makyaj elə. Amma mən bunu xoşlamıram. Rahat geyim mənə daha xoşdur.
N.Ehlamqızı: Avtomobiliniz hədiyyədir, yoxsa özünüz almısınız?
- Özüm almışam.
N.Ehlamqızı: Qazancınızla özünüzü təmin edə bilirsiniz yəni...
- Adam var deyir, qoy avtomobilim baha olsun, toya gedəndə baha qiymət deyim. Kişi xeylağıdır, qoy bahalı maşın sürsün, dəstəkləyirəm. Əvvəlki maşınım bahalı idi, ev almamışdım, amma gedib maşın almışdım, məni yönləndirən olmamışdı. Kim qabağıma çıxırdı, deyirdi, filankəs verib, bəhmənkəs verib. Amma kreditdə idi, öz sənət yoldaşımdan almışdım, ona pul ödəyirdim. O maşını satdım, balaca maşın aldım. İndiki maşınımdan hamı ala bilər. Bir var ayda kreditə 1000 manat verəsən, bir də var 200 manat verəsən. Bilirəm ki, özüm verə bilməsəm 200 manatı atam gətirib ödəyəcək.
N.Muradova: Bəs ev aldınız?
- Aldım.
Q.Yaquboğlu: Evdə tək olanda ürəyinizdən mahnı oxumaq keçir?
- Hərdən olur. Amma axırıncı dəfə özlüyümdə mahnı oxuduğum yadıma düşmür.
T.Şahsuvarlı: Bəs kitablar oxuyursunuz?
- Oxuyuram. Dərsdə mövzular verirlər, baxıram başım ağrıyır, onu kənara qoyub bədii əsər oxuyuram. Bizimkilərdən İlyas Əfəndiyev, Cəlil Məmmədquluzadənin əsərlərini oxuyuram. Lev Tolstoyun “Anna Karenina” əsərinə başlamışam. Fransız və italyanların romanlarını daha çox xoşlayıram. Xalid Hüseynini çox tərifləyirdilər, üç kitabının hamısını aldım oxudum. Amma “Min möhtəşəm günəş” əsərini daha çox xoşladım. Kimi görsəm, kitabımı verirəm ki, al oxu.
D.Əhməd: Bəlkə, mövzusu qadın hüquqları, əzilən qadınlarla bağlı olduğundan daha çox bəyənmisiniz?
- Bəlkə də. Oxuduğum kitablar içində mənim üçün 2-3-cü maraqlı kitabdır.
D.Əhməd: Dediniz foto çəkməyə həvəsiniz var. İnstagrama nə qədər şəkil yükləmisiniz?
- Heç bir sosial şəbəkədə yoxam. Kimsə Facebook-da fan səhifə açıb, çıxışlarımı yerləşdirir, sağ olsun. Bir dəfə istədim baş qoşum, gördüm gecə saat 3-4-dü, məni özünə kökləyir. Adam çox bağlanır. Özüm üçün ehtiyac görmürəm.
D.Əhməd: Bu, həm də tamaşaçılardan qaçmaqdır.
- Yox, sosial şəbəkədə profil açsam da, onu işlətməyəcəyəm. Boşuna da lazım deyil.
N.Ehlamqızı: Hansı kamança ifaçısı və tarzənlə əməkdaşlıq edirsiniz?
- Əvvəllər düşünürdüm ki, bir tar çalanla işləmək lazımdır. Amma sonra fikirləşdim ki, bu, heç də doğru düşüncə deyil. Hamı ilə münasibət qurmaq lazımdır. Bir tar çalanın ifası xoşuma gələr, onunla toya gedə bilərik, başqa bir tarzənlə efirə çıxa bilərəm. Hazırda Rövşən Qurbanovla işləyirik. Konsertlərə, məclislərə bir yerdə gedirik. Kamança ifaçılarından Xəyyam Məmmədov və Rauf İslamovun çalğısı mənə daha əzizdir.
N.Muradova: Kimin konsertinə pulla bilet alıb getmisiniz?
- Ən çox konsertinə getdiyim sənətkar Alim Qasımovdur. Elnarə Abdullayevanın bu yaxınlarda konserti oldu, onun konsertinə getdim. Açığı deməmişdim ki, mənə dəvətnamə verin, Elnarə xanım qulaq asmaq istədiyim ifaçıdır, konsertinə də pul verib bilet alıb getdim. Nə olsun sənət yoldaşımdır, zəng edib deyim ki, dəvətnamə ver? Onun da qazancı konsertdən çıxır.
"Opera və Balet teatrına ancaq "Leyli" kimi gedə bilərəm"
T.Şahsuvarlı: Operada oxumaq istəyirsiniz?
- İstəyirəm. Opera və Balet teatrına ancaq “Leyli” kimi gedə bilərəm.
T.Şahsuvarlı: Niyə, ayrı rol yoxdur ki?
- Yox, xarakterimə uyğun “Leyli” obrazıdır. Heç vaxt “Ərəbzəngi” kimi səhnədə qılınc oynada bilmərəm. Bütün xanəndələr arzulayırlar ki, opera səhnəsində oynasınlar. Bir dəfə, sağ olsunlar, təklif etmişdilər, müəyyən səbəblərdən getməmişdim, məndən incimişdilər, sonra mənim təklifimi qəbul etməmişdilər. Hələ də gözləyirəm.
D.Əhməd: Qadın xanəndələr arasında “Leyli” rolunun üstündə qırğın gedir.
- Həmişə bu rola hazırlaşmışam, evdə məşq də etmişəm. Özümçün oynamışam, dəfələrlə baxmışam ki, şam pərdəsi məndə alınmır, çox kövrəlirəm, o səhnədə məni ağlamaq tutur. Oynaya bilərəm, özümə arxayınam. Amma heç vaxt özümü öldürməmişəm ki, amandır, məni çağırın oynayım. Teatra gedib xahiş etmişəm, nə vaxtsa məsləhət bilsələr, yəqin, dəvət edərlər. Hər halda indi məsləhət deyil.
N.Ehlamqızı: Bəs hansı “Məcnun”la tərəf müqabili olmaq istəyərsiniz?
- Səbuhi İbayevlə istəyərəm. İlkin Əhmədov, Mənsum İbrahimovla alınar.
T.Şahsuvarlı: Yaş baxımından Mənsum müəllim qoca “Məcnun” deyil?
- Ən gözəl “Məcnun” obrazı elə ona yaraşır. Mənsum müəllim çox professionaldır, artıq 100 dəfədən çoxdur bu obrazı canlandırıb. Səbuhi İbayevlə həyatda çox yaxın dostuq. Heç bir münasibət olmadan səhnədə, bəlkə də, obraza girə bilmərəm.
N.Ehlamqızı: Amma mövzu dostluq deyil axı, sevgidir.
- Bu, bir roldur. Onun öz “Leyli”si, mənim öz “Məcnun”um var.
N.Ehlamqızı: “Məcnun”unuz var?
- Var, nişanlıyam.
N.Muradova: Toy nə vaxtdır?
- Hələ toya var.
D.Əhməd: Hansı ifaçıları dinləyirsiniz?
- İlhamə Quliyevanı çox bəyənirəm. Retro mahnılarına çox qulaq asıram. Flora Kərimovadan ötrü ürəyim gedir. Görüşüb ondan “Nə gəlməz oldun” mahnısının icazəsini almışam. İnşallah, onu oxuyacağam. Sağ olsun, özü dəstək verdi, deyib nə lazım olsa, gəl öyrədim, yol göstərim.
T.Şahsuvarlı: Flora xanımla İlhamə Quliyevanın arası heç yoxdur.
- Onların şəxsi məsələsidir, belə şeylərə qarışmıram. İfaçılardan Rövşən Əziz, Teymur Əmrahı, Sahib İbrahimovu çox dinləyirəm.
N.Muradova: Muğam oxuyanda qəzəl yadınızdan çıxıb?
- Hə, çox olub.
N.Muradova: Vəziyyətdən necə çıxırsınız?
- Bilirsiniz nədən irəli gəlir? Mütaliə eləmədikcə, adamın yaddaşı da keyiyir. Əvvəllər gündə bir qəzəl öyrənirdim, avtomatik olaraq beynimdə qalırdı. Çox məşq eləmirəm, öyrənmirəm deyə beyin də paslaşır. Qəzəl yadımdan çıxanda hansısa sözlə əvəz etmişəm.
N.Muradova: Kimin qəzəllərini xoşlayırsınız?
- Daha çox Əliağa Vahid. Çünki bizim dilimizdə yazıb. Əruzu oxuyub, Nəsiminin, Füzulinin qəzəllərini tərcümə edəndə oradan elə mənalar çıxarırıq ki. Birdən sevgidən danışır, hamı qızla oğlanın məhəbbətini düşünür, yekunda baxırsan ki, ilahi eşqdən danışılır. O baxımdan Nəsiminin, Füzulinin qəzəllərini daha çox bəyənirəm. Toya, məclisə gedəndə farsca qəzəlləri insanlara o qədər də çatmır axı. Ona görə də Vahidin öz dilimizdə yazdığı qəzəlləri oxuyuruq.
N.Ehlamqızı: Xaricdə qastrollarda olursunuz?
- Oluram. Mədəniyyət günlərində çıxışlar edirik. Sonuncu dəfə Fransada Məhsəti Gəncəviyə həsr olunmuş tədbirdə idik.
T.Şahsuvarlı: Xaricdə ermənilərlə qarşılaşmısınız?
- Yox, kaş qarşılaşardım.
N.Muradova: Nə edərdiniz?
- Söhbət yarışmadan gedirsə, böyük məmnuniyyətlə istəyirəm ki, düşmən kimi rastlaşaq, bir səhnəni bölüşək. Rəqibim nə qədər güclü olsa da, mən onlara olan nifrəti də qataram səsimə, onu məğlub edərəm. Sənət yoldaşlarım festivallarda çox rastlaşıblar.
N.Ehlamqızı: “Xalq diplomatiyası”na münasibətiniz necədir?
- Heç vaxt ermənilərlə bir yerdə yaşaya bilmərəm. Millətimi qırıblar, onlarla mümkün deyil.
Nərgiz EHLAMQIZI
Foto: Rəşad ABBASOV