Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu”larının deşifrə edilmiş materialları yaxın günlərdə Astanaya çatdırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Yaxın günlərdə aviasiya hadisəsinin araşdırılması üzrə komissiya üzvlərinin “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya gəlməsi gözlənilir. Ekspertlər gələn kimi dərhal “qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsinə başlayacaqlar", - deyə nazirlikdən bildirilib.
Daha əvvəl verilən məlumata görə, “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin “qara qutu”larından məlumatlar çıxarılaraq qəzanı araşdıran Qazaxıstana göndərilib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.