14 Mart 2019 11:16
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 faiz çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı:

“Göründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. Dollara tələbin artmasınn əsas səbəbləri nədir?

Öncədən proqnozlaşdırdığımız kimi, dövlət xərclərinin artması dollara tələbi yüksəldir. Bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən, yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi.

Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir. Məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb. Çünki daha çox biznesin dollara olan tələbi ödənilib.

Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşahidə olunub”.

Vüqar Bayramovun sözlərinə görə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq, bu il dollara tələbin yüksək olacağı gözlənilir: “Bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu