“Rusiya-Ukrayna müharibəsindən sonra dünyanın bütün enerji bazarlarında çox ciddi böhran yarandı. Həm tədarük tezliyi aşağı düşüb, həm də tədarük zəncirində qırılmalar mövcuddur. Hazırkı enerji böhranı fonunda dünya dövlətlərin siyasətinin ana xəttini enerji təhlükəsizliyi və enerji müstəqilliyi məsələsi dayanır. Bu baxımdan fevralın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası dünyanın çox ciddi enerji böhranı ilə üzləşdiyi məqama təsadüf edir”.
Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
Ekspert bildirib ki, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi problemlər var: “Bu sahədə beynəlxalq enerji şirkətləri, tənzimləyici qurumlar, eyni zamanda boru kəmərləri və yeraltı qaza anbarları operatorları əlaqəli şəkildə fəaliyyət göstərirlər. Lakin bu o demək deyil ki, Avropa Rusiyanın enerji daşıyıcıları olmadan qarşıdakı illərdə özlərinin enerji təhlükəsizliyini tam təmin edəcək. Hazırda Rusiyanın əsasən təbii qaz hasilat həcmlərində azalma müşahidə olunur. 2022-ci ildə Rusiyada 573 milyard kubmetr təbii qaz hasil olunub. Bu, 2021-ci illə müqayisədə təxminən 14 faiz azalma deməkdir. Sərt qaz hasilatında isə 2 faiz azalma qeydə alınıb. Cəmi 99 milyard kubmetr qaz hasil edilib. Bütövlükdə 2022-ci ildə Rusiyada təbii qaz və səmt qazının hasilatı 672 milyard kubmetrdir. Azalma təxminən 99 milyard kubmetrə yaxındır. Halbuki bu rəqəm 763 milyard kubmetr olmalı idi”.
Zəfər Vəliyevin sözlərinə görə, Avropaya ixrac həcmlərində də çox ciddi azalmalar mövcuddur: “Ötən il “Qazprom Export” xarici ölkələrə 100 milyard kubmetr civarında təbii qaz ixrac edib. Deməli, qarşıdakı illərdə Avropa ölkələri özünün enerji təhlükəsizliyini təmin etmək üçün alternativ mənbələr əl uzatmalıdır və həmin mənbələrin inkişafına da yardım etməlidir. Bu mənbələrdən biri də Azərbaycanın Cənub Qaz Dəhlizidir.
Təbii ki, əvvəlki illərdə CQD-nin əhəmiyyətinə kölgə salmaq istəyirdilər ki, bu dəhliz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində elə də böyük gücə malik deyil, resurs və xammal bazası zəifdir və sair. Amma CQD fəaliyyətə başlayandan bu günə kimi dəhlizin keçdiyi coğrafi bölgələrdə dayanıq tapmış ölkələrin qaz bazarlarında sabitliyin hökm sürdüyünü müşahidə edirik.
Elə bir dövrə qədəm qoyulub ki, hətta 100 milyon kubmetr qaz da bir ölkənin təhlükəsizliyini az da olsa, yardım edə bilir. Əsasən də Avropa ölkələri üçün hər milyon kubmetr qazın böyük əhəmiyyəti var”.
Mütəxəssis xatırladıb ki, gələcəkdə CQD-nin imkanlarının genişləndirilməsi ilə bağlı ötən il Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalandı: “Avropa strukturları da öhdəlik götürüb ki, Azərbaycanın qaz resurslarından istifadə məqsədilə həm infrastruktur layihələrinə, həm də yataqların inkişafına maliyyə yardımı göstərəcəklər.
2027-ci ilə kimi CQD-nin imkanlarının genişləndirilməsi və onun Avropa ayağının ötürücülük ölçüsünün 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. CQD-nin Avropa ayağı olan TAP-ın maksimum ötürücülük gücü 10 milyard kubmetrdirsə, bu kəmərin konfiqurasiyasında heç bir dəyişiklik etmədən qazın axın sürətini artırmaqla əlavə 1 milyard 600 milyon kubmetr əlavə qaz həcmlərini ixrac etmək mümkündür. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının əsas əhəmiyyəti ondan ibarətdir ki, qarşıdakı illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üzrə Avropa strukturları ilə ciddi əməkdaşlıq əlaqələri qurulsun”.