ABŞ-də mövcud evlərin satışları keçən il 1995-ci ildən bəri ən aşağı səviyyəsinə düşüb.
Teleqraf.com xəbər verir ki, buna səbəb yüksək qiymətlər və artırılmış ipoteka faizləri olub.
Əmlakçıların Milli Assosiasiyasının açıqlamasına görə, təkrar mənzil bazarında satışlar 2024-cü ildə 4,06 milyon olub. Bu, 1995-ci ildən bəri ən aşağı səviyyədir və 2023-cü ilin oxşar zəif göstəricilərindən bir qədər aşağıdır.
Ölkədə 30 illik sabit ipoteka üzrə orta faiz dərəcəsi 7,22%-lik zirvəyə çatıb.
Məlumata görə, mövcud evlərin median qiyməti ardıcıl 18 aydır artaraq 2024-cü ildə rekord səviyyəyə 407 min 500 dollara çatıb. Dekabrda isə median qiymət 404 min 400 dollar təşkil edib.
ABŞ-də mənzil bazarı ilə bağlı proqnozlar bu il də alıcılar üçün müsbət dəyişiklikləri vəd etmir.
İpoteka faizlərinin 2026-cı ilə qədər 6%-dən yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. Yeri gəlmişkən, ipoteka faizləri 1980-ci illərdə də yüksək olub. Lakin o zaman ABŞ-də evlərin qiyməti ucuz idi.
Mənzil əlçatanlığı ilə bağlı uzunmüddətli problemlərdən biri də bazarda davam edən ev çatışmazlığıdır. 2024-cü il ərzində ümumi mənzil inventarında müəyyən irəliləyiş olsa da, təchizat tələbi qarşılamaqdan çox uzaqdır.