18 İyun 2019 23:15
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmi 5 gün sonra İstanbulun bələdiyyə sədrinin kim olacağı bəlli olacaq. Buradakı seçki Türkiyənin daxili işi olsa da, azərbaycanlıların da ən çox yaşadığı şəhər olduğu üçün önəmlidir. Həm də bu seçkinin nəticəsi növbəti illərdəki prezident seçkilərinə də təsir edəcək.

İyunun 16-da İstanbulda tarixi debat baş tutdu. Küçələrdə müşahidə etdiyim qədər kafelərdən bərbərxanalaradək hər yerdə televizorda İmamoğlu-Yıldırım debatı izlənilirdi. Çünki uzun illərdən sonra Türkiyədə fərqli siyasi dil danışılmağa başlanmışdı. Namizədlər bir-birilərini söymür, ləkələmir, siyasi əxlaq nümunəsi sərgiləyirdilər.

31 mart seçkilərinin nəticəsi göstərdi ki, Türkiyə seçicisi artıq Ərdoğan və Baxçalının danışıq tərzindən yorulub. İnsanlar artıq televiziya ekranından, meydanlardan bağıran liderlər görmək istəmirlər. Çünki bu bağırmalar artıq nə türk lirəsinin gücünə, nə də ki vətəndaşın rifahına təsir edir. Artıq insanlar onlara yeni vədlər verəcək, fərqli münasibət sərgiləyəcək, hər kəsi qucaqlayacaq bir liderə ehtiyac duyurlar. İmamoğlu bu istəyi müəyyən qədər qarşıladığı üçün seçkilərdə qalib olmuşdu.

Bir neçə gündür ki, sosial mediada İmamoğlunun əleyhinə kampaniya başlayıb. Onun valiyə həqarət etməsi iddiası və debatın moderatoru olan jurnalistlə proqramdan öncə oteldə görüşməsi gündəmi zəbt edib. Əziz Yıldırımın həbs edilməsi ilə bağlı ötən illərdə etdiyi çıxış da yutubda reklama qoyulub. Türkiyədə seçkinin taleyini son saatlarda baş verən hadisələr həll etdiyi üçün, qarşıdakı bir neçə gündə İmamoğlu ilə bağlı yeni qaralama kampaniyalarının da olacağı gözlənilir.

Son debatın qalibi olmasa da, Binəli Yıldırıma müəyyən qədər xal yazdı. Çünki 23 iyuna qədər gündəm loyal keçsə idi, 31 martdakı nəticə təkrarlanacaqdı. Gündəmin dəyişilməsi və İmamoğluna hücum edilməsi üçün mütləq bu qarşılaşma vacib idi. Necə ki, moderatorun İmamoğlu ilə oteldə görüşməsini Yıldırım qeyri-əxlaqi adlandırdı. Artıq Ərdoğan da kampaniyaya başlayıb və valini təhqir etdiyi iddiası ilə İmamoğlunu üzr istəməyə dəvət edib. Amma bu kampaniyanın əks-reaksiya vermə ehtimalı da var. Çünki yuxarıda yazdığımız kimi kasıblayan vətəndaş artıq qəzəbli liderlərə təhəmmül edə bilmir.

İmamoğlu-Yıldırım debatı Azərbaycan siyasətçiləri üçün də örnək təşkil etməlidir. Gördük ki, iki əks qütbdə olan siyasətçilər bir-birilərini təhqir etmədən iki saat ərzində müzakirə apara bilirlər. Bizdə isə təəssüf ki, davamlı şəkildə sosial şəbəkədə ağır ifadələr səslənir. Unutmayaq ki, vətəndaşlar bütün hallarda onları kültürlü, təhsilli, əxlaqlı adamların idarə etməsini istəyirlər.


Müəllif: Dilqəm Əhməd