31 Yanvar 2015 17:15
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilimizdə birbaşa və dəqiq qarşılığı yoxdu - şeytan da ola bilər, iblis, ərdov da, qulyabanı, əjdaha da. Nədirsə - dəhşətli, qorxulu və bədheybətdi. Hara ayaq qoydu basdalayıb dağıdır. Mif qəhrəmanıdı Leviafan. Xristianlığın müqəddəs kitabındakı dini mifin bu çoxbaşlı qəhrəmanı dənizdə yaşayır. Suyun dibindən çıxınca qəzəbindən qurtulmaq mümkün olmur - qabağına nə keçdi dağıdıb məhv edir.

Biz onu görmürük - Leviafanı. Kadrda gördüyümüz nəhəng bədheybətin qalıqlarıdı, dəniz sahilində dinozavrı xatırladan iri bir skelet, suyun üzündə də böyrü üstə qalan balıqçı qayıqları, hamısı da nasaz, yararsız, ölümə məhkum. Bu dənizə günəş şəfəqləri də düşmür elə bil. Ətraf bomba düşmüş viranəliyə bənzər, bomboz və bomboş. Və insan faciəsi. Qanunsuzluğun tüğyan etdiyi ölkədə hakimiyyətin məhv etdiyi insanın faciəsi. Ümidsizlik, çıxılmazlıq, süqut. Mühitin real təqdimatı bax, bu. Təsvir və təqdim olunan Rusiya, dünyanın ərazicə, elə əhalicə də böyük dövlətlərindən biri, mahiyyətcə isə sadəcə böyük imperiyanın mənən cılız törtöküntüsü. Miqyaslarsa cılız deyil - bozluq və boşluq göz baxdıqca uzanıb gedir, nəhəng və intəhasızdır, sanki sonsuzadək elə bu biçimdə də davam edir. Operator və rejissor işi çox mükəmməl. Və bu filmə mütləq iri ekranda baxmaq lazım. TV-də baxsaz, o intəhasızlığı, inanın, görməyəcəksiniz.

***

Rusiyalı rejissor Zvyagintsevin çəkdiyi "Leviafan" Amerikanın məşhur "Qızıl qlobus" mükafatını almaqla artıq tarixə düşüb. 70 ildə ilk dəfə bu mükafat rus əsərinə verilib. Film Kann festivalından da əliboş qayıtmayıb - ən yaxşı ssenariyə görə təltif olunub, üstəlik "Oskar"a da namizədlər sırasında. Evdən bayırda - belə, evin içində isə... Filmə yanaşmalar müxtəlifdir. Mediada yayılan məlumata görə, Murmanskda təzə-təzə filmin nümayişi qadağan olunubmuş. Səbəb? Filmdə rusların hamısı içki düşkünü - adisindən vəzifəlisinə, qadınından kişisinə qədər. Filmdə rus rejimi ən qəddar, ən dəhşətli, elə rusun dilində desək, tam bir bespredel, mütləq xaos. Bu üzdən də filmə qadağa qoyublar. Hərçənd fakt sosial şəbəkələrdə müzakirəyə çıxandan sonra vilayət başçıları bir addım geri çəkiliblər. Və artıq "Leviafan" öz vətənində də ekran ömrünü yaşamaqda. Amma və lakin ömür də bir ömür ola. Gündəmə gəlmək istəyən hər kəs "Leviafan" mövzusunun peşində. Rusiyanın bir nömrəli kommunisti Züqanov "Leviafan"a "antimilli" damğası vurur. Başqa bir siyasi tələb edir ki, Zvyagintsev Qızıl meydanda diz çöküb üzr istəsin. Xırda məmurcuqlar situasiyadan faydalanıb siyasi divident qazanmaq istəyirlər.

Rusiyanın mədəniyyət naziri isə hər hansı qadağanın gülməli görünəcəyini anladığından deyib ki, ölkəsini "it günündə" (orijinalda bu ifadə çox biədəb formadadır - A.V.) göstərən filmlərə indən belə maliyyə ayırmayacaq. Filmin Moskva premyerasında Zvyagintsevə yenə maliyyə dəstəyi vəd edən nazir umacağını da gizlətməyib - kaş növbəti film belə ümidsizliyə köklənməyə. Rejissor da özünə hörmət edən sənət adamı kimi bəyan edib ki, nazirin nazıyla oynayan deyil, necə düşünürsə elə çəkəcək, filmlərində həqiqəti və yalnız həqiqəti göstərəcək. Necədir "Leviafan"dan boy verən həqiqət? Nə rəngdədir? Necə dadır? Zvyagintsevin həqiqəti bomboz, rəngsiz, bənizi solmuş, acı zəhər-zəqqutum, elə ki, bir batman balla da udmaq qeyri-mümkün. Hakimiyyət də, kilsə də - qorxunc bir cani, təpədən dırnağa korrupsiyalaşmış, tamamilə pozğun, azğın, nə qanun tanıyır, nə qadağa, burda onlardı, Bağdadın kor xəlifəsinin ağlına da gəlməyən vəhşiliklə yollarına çıxan vətəndaşı məhv edirlər. İstədiyikləri adamı müflis edir, evini başına uçurur, lazım gəlsə lap canını da alır. Həddin var dillən. Rus iqtidarı - od püskürən əjdaha, rus insanı müti, qorxaq və tam naçar. Nə yol var, nə ümid. Problemin həlli tamaşaçının öhdəsinə buraxılır. Ya döz, ya öl. Üçüncü yolu özün tapmalısan. Sən, üsyanlar və inqilablar etmiş rus xalqı, sən ki bunun yolunu bilirsən. Tarixi təkrarlasana. Filmin ictimai mesajı bax bu. Kvintessensiya bəlli. Təsiri olacaqmı? Kim bilir.

P.S. Filmə baxmaq məsləhətdi. Yaxın qonşumuzun halından xəbər tutmaq üçün.


Müəllif: Afaq Vasifqızı