Azərbaycanla Avropa Şurası arasında hüquq sahəsində olan əməkdaşlıq inkişaf edir.
Teleqraf.com xəbər verir ki, iyun ayının 4-5-də Fransanın Strasburq şəhərində Avropa Şurası tərəfindən maliyyələşən HELP (hüquqşünaslar üçün insan hüquqları üzrə Avropa təhsil proqramı) proqramının illik “İnsan hüquqları barədə məsələlərin tədrisi ilə bağlı hüquqşünas və qeyri peşə sahiblərinin qarşılıqlı fəaliyyəti” mövzsunda konfransı keçirilib.
Konfransda ölkəmizi Ədliyyə Nazirliyinin nəzdində olan Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov təmsil edib.
Anar Bağırov səfərlə bağlı Teleqraf.com-a bildirib ki, Avropa Şurası ona üzv olan dövlətlərdə hüquq sahəsinin inkişafı və demokratik təsisatların genişləndirilməsi istiqamətində ciddi işlər görür: “Təsadüfi deyildir ki, Avropa Şurası ona üzv olan dövlətlərdə, o cümlədən, Azərbaycanda hüquqşünasların, xüsusilə hakimlərin, prokurorların və vəkillərin təlim və tədrisinə xüsusi önəm verir”.
Vəkil bildirib ki, HELP proqramının da əsas məqsədi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın standartlarını Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə uyğun olaraq bütün üzv dövlətlərdə hakimlərin, prokurorların və vəkillərin milli tədris planlarına inteqrasiya etməkdən, onların gündəlik işində tətbiqinə nail olmaqdan ibarətdir. “Açıq təhsil” prinsipinə əsaslanan bu Proqram hüquq peşəsi sahiblərinin iş yükünü və vaxt məhdudiyyətini nəzərə alaraq, onlar üçün mütərəqqi və effektiv tədris vasitələrini özündə ehtiva edir.
Hacı Zeynalov