Sülhəddin Əkbər: “Müxalifət siyasi böhran vəziyyətindədir”
Bu həftənin bazar günü Azad Demokratlar Partiyasının təsis qurultayı keçiriləcək. Artıq qurultaya hazırlıq işləri başa çatıb. Bu partiyanın qurultayı haqqında müxtəlif fikir və rəylər səsləndirilir. Partiyanın qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər bu mövzu ətrafında suallarımızı cavablandırıb. Müsahibimiz partiyanın qurultaydan sonra atacağı addımlar, əməkdaşlıq edəcəyi təşkilatlar, məsafə saxlayacağı qurumlar haqqında danışıb, Milli Şura ilə bağlı fikirlərini açıqlayıb.
- Sülhəddin bəy, qurultayınıza bir həftə qalır, hazırlıq işləri hansı səviyyədədir?
- Qarşıdan gələn bazar gününə qurultayımız təyin edilib. Qurultaya hazırlıq işləri, demək olar ki, tamamlanıb. Qurultay səhər saat 11.00-da VHP-nin qərargahında başlayacaq. Mən fürsətdən istifadə edərək media təmsilçilərini bu ali tədbirimizə dəvət edirəm.
- Qurultayda neçə nümayəndə iştirak edəcək, qonaq qismində kimləri dəvət edəcəksiniz?
- Qurultay işçi qaydada keçiriləcək. Biz heç kimi qonaq qismində tədbirə dəvət etməmişik. Ramazan bayramını və hava şərtlərini nəzərə alaraq qurultayı operativ formada keçirməyi planlaşdırırıq. Odur ki, qonaq dəvət etməmişik. Qurultayın 200 nümayəndəsi olacaq.
- Neçə müddətdir ki, Təşkilat Komitəsi fəaliyyət göstərir. Nə qədər üzvünüz var?
- Ümumi sayımız 1500 nəfərə yaxındır.
- Rayon şöbələri yaradılıbmı, neçə rayonu əhatə edirsiniz?
- Bəli, rayon şöbələrimiz yaradılıb. Biz bu günə qədər əlli rayon təşkilatında təsis konfransı keçirib, qurultay nümayəndəsi seçmişik. Bu proses hazırda davam edir.
- Sizin partiyanın strukturu necə formalaşacaq?
- Əgər Təşkilat Komitəsinin təklif etdiyi nizamnamə layihəsi qəbul ediləcəksə, bu zaman partiya klassik formada idarə olunacaq. İş ondadır ki, Azərbaycan qanunvericiliyi, eləcə də, Ədliyyə Nazirliyi qeyri-ənənəvi quruluşlu siyasi partiyaların yaranmasına imkan vermir. Yalnız klassik formada demokratik mərkəzçiliyə əsaslanan partiya strukturları təsdiq olunur. Mən xatırlayıram, partiyalardan biri tərəfdar institutunu tətbiq etmək istəyirdi, amma Ədliyyə Nazirliyi buna icazə vermədi. Bu mənada biz hüquqi baxımdan mövcud reallıqları nəzərə almaq məcburiyyətindəyik. Odur ki, partiya demokratik mərkəzçilik prinsipinə əsaslanan struktura malik olacaq. Partiyanın qurultayı ali orqan olacaq. Qurultaylar arası dövrdə əsas səlahiyyətli struktur Məclis olacaq. Partiyanın sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyası, Məclis, İdarə Heyətinin olması nəzərdə tutulur.
- Partiya sədri olaraq neçə müavininiz olacaq?
- Mən partiya sədri deyiləm. Bu məsələlər qurultaydan sonra bəlli olacaq. Amma subyektiv fikrim belədir ki, biz orta praktiki məqsədəuyğunluğu nəzərə alacağıq. Yəqin ki, burada sədr seçiləcək şəxsin də fikirləri nəzərə alınmalıdır. Həm də bunu partiyanın əsas istiqamətləri müəyyən edəcək. Burada başlıca olan istiqamətlərdir. Müavinlərin sayını istiqamətlər müəyyən edəcək. Əsas məsələ hansı istiqamətlərə üstünlük verilməsidir. Qurultaydan sonra Məclisin iclası keçiriləcək və bu məsələlər təsdiq olunacaq.
- Bir həftədən sonra qurultayınız olacaq. Sədrliyə neçə iddialı var?
- Çox təəssüflər olsun ki, hələlik iddiasını ortaya qoyan şəxslər yoxdur. Mən Təşkilat Komitəsinin bir neçə iclasında bu məsələni qaldırdım. İki gün əvvəlki toplantıda da bu mövzuya toxundum. Yəni namizədliyini irəli sürmək niyyətində olan hələlik yoxdur. Təşkilat Komitəsinin bir neçə üzvü mənim namizədliyimin məqsədəuyğun olacağı haqda fikirlər söylədilər. Hələlik vəziyyət belədir, amma hər şey qurultayda həll ediləcək.
- Tapdıq Abbas və Əlövsət Talışxanlı bu partiyada sədr müavini postunu tutacaq?
- Bu məsələlər qurultayda həll ediləcək. Mən öncədən fikir söyləsəm, doğru olmazdı. Odur ki, gəlin, bir həftə səbr edək.
- Qurultaydan sonra partiyanızın siyasi xətti necə olacaq, kimlərlə müttəfiqlik edəcəksiniz?
- Təbii ki, bu məsələ həm qurultayda, həm də qurultaydan sonra keçiriləcək birinci Məclisin toplantısında müzakirə ediləcək. Partiyanın başlıca fəaliyyət istiqamətləri, prioritetləri müzakirə ediləcək. Siyasi əlaqələrdə verəcəyimiz üstünlüklərə gəldikdə, hələlik öz şəxsi fikrimi deyə bilərəm.
- Məncə, Sizin fikriniz əsas təşkil edəcək, buyurun deyin...
- Məncə, partiya strateji baxımdan iki başlıca istiqamətə önəm verməlidir. Birinci, bizim siyasi-ideoloji xəttimizlə üst-üstə düşən partiyalarla uzunmüddətli əməkdaşlıq edə bilərik. İkincisi, demokratiya mövzusunda prinsipial mövqe ortaya qoyan bütün qüvvələrin geniş əsaslı birliyinin yaradılmasına önəm verməliyik. Odur ki, strateji baxımdan bu iki istiqamətə əhəmiyyətli üstünlük verəcəyik. Hesab edirik ki, geniş əsaslı demokratik qüvvələrin birliyinin yaranması əhəmiyyətli olardı. Elə bir birlik formatı yaradılmalıdır ki, ölkənin demokratik potensialını mobilizasiya edə bilsin. Taktiki baxımdan isə qarşıdan bələdiyyə və Milli Məclis seçkiləri gəlir. Biz buna taktiki məsələ kimi baxırıq. Seçkiöncəsi ölkədəki real situasiyaya görə addımlar atmaq daha praqmatik və siyasi baxımdan məqsədəuyğun olar.
- Azərbaycanda qeydiyyatdan keçən 50-dən çox partiya var. Amma onların 90 faizi özünü təsdiq edə bilməyib və cırtdan partiya adlanır. Sizi belə bir təhlükə gözləyirmi?
- Təbii. Mövzuya çox doğru yanaşırsınız. Siz də bilirsiniz ki, bizim partiya quruculuğu işimiz Azərbaycanda ictimai-siyasi passivliyin ən dərinləşdiyi dövrə təsadüf edir. Biz praktikada gördük ki, bu nə dərəcədə çətin və ağır əmək istəyən və maliyyə vəsaitləri tələb edən işdir.
- Maliyyəni haradan əldə edirsiniz?
- Sizə deyim ki, bizim partiya orta sinfin baxışlarını və maraqlarını ifadə edən siyasi təşkilat olacaq. Bu daha çox orta sinfə hesablanan partiyadır. Ziyalılar, kiçik və orta iş adamları, biznesmenlər üzərində qurulan siyasi təşkilat olmağı düşünürük. Bu baxımdan, partiyanın fəaliyyətində, strukturlarında, rəhbər qurumların formalaşdırılması prosesində bu faktor nəzərə alınacaq və bu qrupların nümayəndələrinə üstünlük verəcəyik. Yəni Azərbaycandakı zəif və orta təbəqə görməlidir ki, bizim qurduğumuz partiya həm də onların partiyasıdır, onların maraqlarını ifadə edir, rəhbərlikdə onların nümayəndələri təmsil olunub. Bu mənada biz kiçik və orta biznes dairələrinə hesablanan iş aparırıq. Bu biznes dairələrinin də öz partiyalarına dəstək verəcəyini düşünürük.
- Bəs bu günə qədər hansı maliyyə ilə işləmisiniz?
- Biz indiyə qədər öz hesabımıza iş aparmışıq və fəaliyyət göstəririk. Təbii ki, üzvlərimiz, xüsusilə Təşkilat Komitəsinin bir neçə üzvü maliyyə baxımdan bizə yardım edir.
- Sizin quracağınız partiya kəmiyyətə diqqət yetirəcək, yoxsa keyfiyyətə?
- Təbii ki, kəmiyyətə. Biz hələlik təsis olunma ərəfəsindəyik. Partiyanın qurultayına hazırlaşırıq. Bundan sonra partiyanın formalaşması, ölkə boyu milli təşkilata çevrilməsi prosesinə başlanılacaq. Heç şübhəsiz ki, biz keyfiyyət məsələsinə xüsusi diqqət yetirəcəyik. Məhz liberal demokratik görüşlü orta sinfin nümayəndələrindən ibarət, ictimai-siyasi şüur səviyyəsi yüksək olan bir qurum formalaşdırmaq istəyirik. Bu baxımdan, bir qədər də fərqli partiya olacağını düşünürəm. Nəzərə alsaq ki, Azərbaycanda siyasi-ideoloji yönlü partiyalar, demək olar ki, yox səviyyəsindədir, belə partiyalar azdır, olanlar isə bu istiqamətə böyük əhəmiyyət vermirlər. Mənə elə gəlir ki, Azərbaycanda açıq şəkildə orta sinfin maraq və baxışlarını ifadə edən, liberal-demokratik görüşlü bir partiyaya ehtiyac var. Biz qurultayda bu məsələyə daha geniş toxunacağıq. Bu ehtiyacı ödəmək üçün partiyanı təsis etmək qərarına gəlmişik.
- Deyirsiniz ki, əsasən kiçik və orta sahibkarların partiyası olacaqsınız. Bəs, kiçik və orta sahibkarlar bu gün siyasi məsələlərə meyl edirmi?
- İndi Azərbaycanda nəinki bitərəflərin, hətta siyasi partiya üzvlərinin özünün belə siyasi partiyalardan uzaqlaşması prosesi davam edir. Partiyalarda qalanların böyük əksəriyyəti passiv duruma keçiblər. Siyasi aktivliyin böhranlı dövrünün olduğunu etiraf etməliyik. Müxalifət siyasəti böhran keçirməkdədir. Bizim partiyanın təsis edilməsi də bir ümid yeri ola bilər. Cəmiyyətdə, xüsusilə gənclər arasında müxalif siyasi partiyaların perspektivinə inam yoxdur. Biz də istəyirik ki, bunun əksini göstərək. Əslində, Azərbaycanda siyasətlə məşğul olmağa yeni başlayırıq. Odur ki, biz keyfiyyətə üstünlük verəcəyik, cəmiyyətin şüurlu kəsiminə yönələcəyik. Orta təbəqə və ziyalılar önə düşməsə, heç bir nəticə ola bilməz. Ümumiyyətlə isə istənilən ölkədə əsas rolu orta təbəqə oynayır. Orta təbəqə olmadan heç nə mümkün olmayacaq.
- Sülhəddin bəy, deyirsiniz ki, hətta partiya üzvlərinin partiyalardan uzaqlaşması müşahidə olunur. Elə siz də Milli Şuradan uzaqlaşırsınız...
- Mən partiya quruculuğu ilə əlaqədar olaraq Milli Şuranın rəhbərliyində təmsil olunmaqdan imtina etdim. Bunu da açıq şəkildə elan etdim. Amma üzv olaraq Milli Şurada qalır və fəaliyyətimi davam etdirirəm. Lakin qurultaydan sonra Milli Şurada qalıb-qalmamaq məsələsinə partiyanın qərarına uyğun olaraq baxmalı olacağam.
- Necə Milli Şura üzvüsünüz ki, onun tədbirlərində iştirak etmirsiniz?
- Mən qeyd etdim. İndiki şəraitdə partiya quruculuğu çətin işdir. Mən də Təşkilat Komitəsinin sədri olaraq enerjimi partiya quruculuğuna sərf etmişəm. Mənim üçün öncəlik partiya quruculuğu olub.
- Qurultayda partiyanızda yeni və tanınmış simalar görə biləcəyikmi?
- Yəqin ki, həm tanıdığınız, həm də tanımadığınız insanlar olacaq. Onlar partiya rəhbərliyində təmsil olunacaq.
Nemət Hüseynli