14 İyul 2014 18:10
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğanın kürdlərin müstəqillik davasına laqeyd münasibətinin maraqlı tərəfləri üzə çıxıb

"İraqda siyasi böhran məzhəblərarası münaqişənin müharibə ilə nəticələnməsinə səbəb oldu. Proseslər ölkənin parçalanmasına, Kürdüstan dövlətinin yaranmasına səbəb ola bilər. Amma ABŞ hələ ki, bununla bağlı razılığını verməyib. Ağ Ev sözdə İraqı "bütöv və güclü" görmək istəyir. Digər tərəfdən isə kürdlərə dəstək verir. Bu ziddiyyətli siyasəti anlamaq çox çətindir. Ümumiyyətlə, bu günki İraq Qərbin arzuladığı və görmək istədiyi bir ölkədir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli İraqda Kürdüstan dövlətinin yaranma ehtimalına dair suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, İraqın şimalını ələ keçirən «İraq Şam İslam Dövləti» "Yaxın Şərqin yeni xəritəsi”ni dəyişə biləcək: "Suriya və İraqda kürdlərin kompakt yaşadığı ərazilərdə muxtar kürd vilayətinin yaradılması layihəsi tarixən var və Qərb buna dəstək verir. İsrail baş naziri Benyamin Netanyahunun kürd dövlətinin yaradılmasını dəstəkləməsi ilə bağlı fikirləri də var. İsrailin Kürdüstan dövlətinin yaradılmasına dəstək verməsi təsadüfi deyil. Ərdoğan açıqlamasında bildirib ki, İsraillə Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün Təl-Əviv qarşısında üç şərt qoyulub. Barak Obama İsraillə münasibətləri nizama salmaq üçün Ərdoğana şəxsən telefon açıb. Ərdoğan şərtlər irəli sürüb. Birinci şərt "Mavi Mərmərə" gəmisində baş verən olayla bağlı İsrailin Türkiyədən üzr istəməsidir. İkinci şərt həmin məsələyə görə kompensasiyanın ödənilməsidir. Üçüncüsü, İsrailin Fələstinə qarşı blokadanı aradan qaldırmasıdır. İsrail bunlardan ikisni yerinə yetirib. Üçüncü qalıb. Çox güman ki, Təl-Əviv blokadanı aradan qaldırmayacaq və deməli, İsrail-Türkiyə münasibətləri normallaşmayacaq. İsrail başa düşür ki, onun fələstinlilərə qarşı apardığı qeyri-insani siyasətin qarşısını yalnız Türkiyə ala bilər. Ankara bu məsələdə olduqca prinsipialdır. Bunu görən Təl-Əviv bölgəfə Kürdüstan dövlətini yaratmaqla türkləri zəiflətmək, təzyiqlərini başqa səmtə yönəltmək istəyirlər. İraqdakı Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani qəti şəkildə bildirib ki, vahid İraq dövləti geridə qalıb. Bərzaninin müavinləri bir müddət öncə Kürdüstan dövlətinə dəstək almaq üçün ABŞ-a səfər etmişdilər.

Amma onlar məyus halda geri döndülər. Benyamin Netanyahu bu arada kürdlərə təriflər yağdırmaqla məşğuldur. O, Yaxın Şərqdə Kürdüstan dövlətinin yaradılmasının tərəfdarı olduğunu deyib. Bildirib ki, müstəqil kürd dövlətinin yaranması regionun təhlükəsizliyi deməkdir. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri ilə görüşdə İsrail xarici işlər naziri Aviqdor Liberman müstəqil kürd dövləti məsələsini müzakirə edib".

Q.Hüseynli hesab edir ki, İraqda Kürdüstan dövlətinin yaradılması istiqamətində aparılan siyasətə Türkiyənin seyrici mövqe nümayiş etdirməsi hakimiyyətdə olan AKP-nin Maliki hakimiyyətini bəyənməməsilə bağlıdır: "Şiə təriqətindən olan Maliki sünniləri hakimiyyətdən tam uzaqlaşdırdıqdan sonra Ərdoğanın ona qarşı münasibəti pisləşdi. Ərdoğan indi Malikiyə qarşı olan qüvvələri ya tam dəstəkləyir ki, ya da onların hərəkətlərinə seyrici mövqe nümayiş etdirir".

Ruslan


Müəllif: