"Builki yaradıcı mövsüm onun üçün uğurlu olmayıb". Bunu xalq artisti Firəngiz Mütəllimova deyir. Sentyabrda tamaşaçıları yeni kino layihəsi ilə sevindirəcək aktrisanın gələn mövsümdən gözləntiləri çoxdur. Onunla qısa söhbətimiz mövsümün hesabatı, gələcək rollar, təkliflər və bir az keçmişə səyahət xarakteri daşıyır.
Xalq artisti deyir ki, bir vaxtlar jurnalist olmaq istəyib. Səbəbini özü belə izah edir: "Vaxtilə jurnalist olmaq istəyirdim. Aktrisa səhnədə insanların taleyini oynayır, jurnalist isə insanların taleyini qələmə alır. Bu iki peşənin arasında oxşarlıq tapdığıma görə fikirləşirdim ki, aktrisa ola bilməsəm, jurnalist olacam. Amma aktrisa olmağı bacardım. Ona görə də jurnalist olmadım".
"Teatrdan uzaq qaldım"
"Bu il teatrdan bir az uzaq qaldım. Yalnız bir tamaşada "Qarabağnamə"də oynadım. Uğur yalnız səhhətimlə bağlı olan əməliyyatımla əlaqədar idi. Bilirsiniz ki, beynimdəm çox ağır əməliyyat edildim. O vaxt dişlərimi düzəltdirməli idim, qəfildən əməliyyat olundum. İndi də dişlərimi müalicə edirəm. Müalicəm başa çatandan sonra istirahət edəcəm. Bu il əsas gücümü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs dediyim tələbələrimə xərclədim. Belə ki, tələbələrim sonuncu kursda olduqlarına görə, diplom tamaşası təqdim etməli idilər. Ona görə həmin tamaşa ilə bağlı tələbələrimlə birgə xeyli əziyyət çəkməli olduq. Və çox yaxşı da nəticəsini gördük. Tələbələrimdən razıyam. Bu il məni bir çox tərəfdən sevindirdilər. Əməyim hədər getmədi, məsuliyyətli olmaqları məni daha da həvəsləndirdi".
"Qurdumu belə öldürürəm"
"Nə vaxtsa özünüzü rejissor kimi sınayarsınız" sualımıza aktrisa özünəməxsus şəkildə cavab verir: "Mən rejissor kimi "qurdumu" tələbələrimlə öldürürəm (gülür). Universitetdə tələbələrim içində rejissorluq edirəm, amma teatrda yox. Təklif olsa da, qəbul etmərəm. Rejissorluq çətin işdir".
Serial
Serial çəkilişlərinin bitdiyini deyən aktrisanın fikrincə, Azərbaycanda yavaş-yavaş serial bumu yaşanır. Həmkarlarından fərqli olaraq o serialların indiki vəziyyətini qənaətbəxş qiymətləndirərək, sabahına çox ümidlidir. Hətta aralarında izlədiyini serialların olduğunu etiraf edir: "Çəkildiyim "Bacanaqlar" serialının çəkilişləri başa çatıb. Ramazan ayıdır, yaradıcı heyətin tərkibində olan uşaqların çoxu oruc tuturlar. Çalışdıq ki, Ramazan ayına qədər çəkilişlərimizi bitirək və bunu edə bildik. Amma tamaşaçılar bizi hələ efirdə görəcəklər, çünki çəkildiyim serialar hələ bir müddət efirdə yayımlanacaq. Bizdə də serial bumu yaşanmağa başlayır. Bu sahədə yavaş-yavaş inkişaf edirik. "Bacanaqlar"la yanaşı, Rövşən İsaxın "Sonuncu fəsil" serialına baxıram. Orda sənət dostum Ramiz Novruz oynayır. Vaxtım olanda "Toy gecəsi"nə baxırdım. Bilirsiniz, məni bizim seriallardan qaçıran bir xüsusiyyət var. Bizdə aktyorlar bir neçə serialda oynadıqlarına görə istər-istəməz onları qarışdırıram. Bəzən o qədər çaş-baş qalıram ki, əsəbləşib seriallara baxmıram. Dünyanın hər yerində qayda belədir ki, aktyor əgər bir serialda çəkilirsə, digərində çəkilə bilməz. Bu daha maraqlıdır və belə olan halda tamaşaçı aktyoru həsrətlə gözləyir. "Bacanaqlar"a çəkilə-çəkilə mən də neçə dəfələrlə başqa seriallardan təkliflər almışam. Amma hamısına deyirdim, "yox", mən bir seriala çəkilmək istəyirəm. Aktyorlarla müqavilə bağlanmalı ki, başqa seriala çəkilməsin. Əks təqdirdə həftədə üç ayrı serialda eyni aktyoru görən tamaşaçı əsəbləşəcək".
"Sümbül ağanı hədsiz çox istəyirəm"
Aktrisa bu təklifləri açıqlamaq istəmir. Deyir, ona təklif olunan rollara indi həmkarları, dostları çəkilir: "Mənə olan təklifləri açıqlamaq istəmirəm. Çünki dostlarım həmin seriallarda çəkilirlər, tamaşaçılar da onlara baxır. Həm də bilirsiniz, tarixi bir serial olarsa, fərqlənmək üçün orda çəkilə bilərəm". Elə bu an aktrisaya bir sual verirəm: "Biz indi tarixi serial çəkə bilərik?". "Məncə, indi də Azərbaycanda tarixi serial çəkmək olar. Yaxud Qarabağ, işğal altında olan torpaqlarla bağlı maraqlı bir serial çəkmək olar. Həmin seriallardan təklif olarsa, sevə-sevə qəbul edərəm. Daha çox Türkiyə seriallarına baxıram. "Möhtəşəm yüz il"ə isə böyük həvəslə baxırdım. Orda ən çox sevdiyim obrazlardan biri Sümbül ağa rolu idi. O rolu canlandıran aktyor Selim Bayraktar mənim yaxın dostumdur. Onunla zəngləşirəm, danışıram, o aktyoru hədsiz çox istəyirəm. Amma etiraf edirəm ki, Türkiyədən heç vaxt serialda çəkilmək üçün təklif almamışam. Bir dəfə şou verilişi olan "Varmısın yoxmusun"a məni dəvət etdilər. 6 ay orda qalmaq lazım olduğuna görə təklifi qəbul etmədim. Çünki həmin vaxt burada seriala çəkilirdim, teatrda oynayırdım, universitetdə tələbələrim var idi".
Kadir İnanır
F.Mütəllimova Kadir İnanırla görüşünün olduğunu deyib: "Yəni onun ziyarətinə getmişəm. Hətta o mənə demişdi ki, serialda "Konuk oyunçu" kimi oynayım, amma mən qəbul etməmişdim. O, Azərbaycanda filmə çəkilməli idi, həmin filmdə mən də oynamalı idim. Hələ ki, o layihə gerçəkləşməyib. Həyatım boyu Türkiyədə sadəcə görünmək xatirinə seriala çəkilmərəm. Bu o demək deyil ki, mən "konuk oyunçu" kimi orda çəkilməyə pis baxıram, qətiyyən. Sadəcə rol yaxşı rol olmalıdır. Yəni balaca bir rol olsun, amma yaddaqalan olsun. Mənim üçün rolun böyük-kiçikliyi yox, onun yadda qalan olması və onu yaradanda aldığım həzz önəmlidir. Əlbəttə, bu aktyorun rola olan münasibətindən, həmçinin rolun özündən asılıdır. Rol var ki, bir kəlmə sözü yoxdur, amma tamaşaçı onu nəfəs almadan izləyir. Yenə deyirəm, görünmək xatirinə Türkiyə seriallarında oynamaram. Amma Mahsun Kırmızıgülün Türkiyə çəkdiyi serialda azərbaycanlı aktyor və aktrisaların oynamasını çox istəyərdim. Bilirsiniz, niyə? Çünki həmin serialın baş sponsoru "Socar" idi. Bununla fəxr edirdik. Çünki serialın sonunda ekranda bayrağımız görünürdü. O baxımdan istəyərdim ki, həmin serialda Azərbaycanın bir neçə tanınmış aktyor və aktrisaları çəkilsin. Bununla onlar Azərbaycanı orda təmsil edərdi".
Söhbətin sonunda aktrisa yeni bir kino layihəsinin müjdəsini verir. Amma çox ehtiyatla: "Yeni film üzərində iş gedir. Darıxmayın, sentyabr ayında bunu açıqlayacam. Hələlik, bu qədərini deyə bilərəm".
Nərmin Muradova