11 İyul 2023 13:51
12 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox dərin bir şey demək istədim. Ondan əvvəlsə bir əhvalat danışmaq lazımıdı. Bir dəfə soyuq qış aylarının birində səhər tezdən hava hələ tam işıqlanmamış kəndimizdən çıxıb Bakıya gəlirdim: mən o mənzərəni çəkib göstərmək, mən o görüntünü çatdırmaq istərdim. Çəkib göstərsəm o olmayacaq, danışsam da həmçinin... O OLMAYACAQ.

Bu sözümü burda qoyum, keçim başqa bir sözə. Çünki daha vacib sözü hansı əhvalatın, hansı mətləbin, hansı fikrin gizlətdiyini elə asanlıqla tapa bilməzsən. Sirlər qaçır, müqavimət göstərir, aradan çıxır.

...Hə, İTV-nin canlı efirindən çıxan kimi Sədiyə zəng elədim, özü televiziyaçı olan (həm də sözün hərfi mənasında) Sədi canını qurtarırmış kimi əlüstü, sürətlə öz fikirlərini dedi, yəqin Səhiyyə TV-də montajdaydı, vaxtı qıtıydı, amma onun sözünü kəsməliydim, elə də elədim, çünki daha vacib bir şeyi çatdırmaq lazımdı; o məni başa düşdü, nəfəsini dərdi, mən ona dedim: "Darıxıram!"

"Heç nə, - dedi, - gəl ofisə..."

Sədi, heç kəsə demə. Bəlkə külək olmasa, günəş olmasa, hava, su, atmosfer, bulud, Yer kürəsi olmasa, adam bir çarə bulub var ola, yaşaya bilər, insansız - Yox!

Heç kəsə demə, Sədi. Mən yaşaya bilmərəm. Heç kəsə demərəm: Sən də.

Mən, axı, deyəsən, kəndimizdən Bakıya gələndə qəfil qarşıma çıxmış Allahın o qəribə tablosu önündə lal-dinməz qalmışdım, elə deyildimi? Eləydi.

Bilmədim, maşının hansı bucaq altında dönüşündəsə yan pəncərədə bir mənzərə açıldı: birdən-birə uzaq üfüqdə Günəşin sapsarı cismi özünü yuxarı, səmaya sarı dartdı, - buna Günəşin doğuşu deyirlər, - bir an tərpənməz qaldı; bu mənzərədən sarsıldım.

Bilirəm, bu - mən danışan yəni, gördüyümün tamı deyil, amma təxmin eləyərsiz Allah eşqinə. Nə özüdü ki?! Hər şey "kopiya" deyilmi? Mən Allahdan orijinalımı alacağıma ümidliyəm. Heç kəsə demə, Sədi.

Sən də ümidlisən!

Həmin gün axşam Bakının bütün insan əzalarını sakitliyə qovuşdurmağa qabil hansısa prestijli bir küncündə bir stol arxasında oturanda - Sədiylə üzbəüz - aydınca dərk elədim ki, təxminən 10-12 saat əvvəl gördüyüm mənzəriylə indikinin arasında olan zəncirin son həlqəsi tamamlandı: mən Sədiylə eyni yuxunu görə bilərəm, eyni filmi çəkə, eyni-əkiz düşüncəni xəyal eləyə və bütün bunları harasa, hansısa müstəviyə köçürə bilərik.

Mənim beynimdə kəndimizdən film çəkmək ideyası, deyəsən, elə beləcə yarandı. İdeyalar özünü necə cazibədar təqdim eləyir, necə, necə!.. Dörd fəsli çəkmək, dörd fəsildə kənddə olmaq, dörd fəslin işığına, günəşinə, yağışına, adamına, xəyalına bulaşmaq... Lap uzağa dalmaq, dərinə baş vurmaq: onda yəqin tam əmin olacaqsan ki, uzaq keçmişdə qalanların heç biri ölməyib! Hamı sağdı. Heç kəs getməyib! Hamı burdadı.

Heç kəsə demə, Sədi...

"Mən yoxam"da Yasəməni çəkmək eşqi də - bir qarışıq çertyoj kimi - İTV-dən çıxıb görüşdüyümüz gün, o xəfif-məxməri kafedə yarandı səhv eləmirəmsə, hələ çəngəl-bıçaq, çörək masanın üstünə gəlməmişdi: mən geniş, adamsız salonun hələlik nəfəs dəyməmiş müqəddəs havasını seyr eləyirdim.

***
Yox, özüm öz qarşımı almasam, özüm öz sözümü kəsməsəm, bu yazının kəlmələri qurtaran deyil, halbuki bitməz-tükənməz yaşantıların, ideyaların, planların, hiss-duyğuların arasından sıyrılıb, nəhayət, bugünə, bugünün qutlamasına qayıtmalıyam, yoxsa roman qədər uzanacaq bu söhbət.

Təqvimlərin qaçılmaz diqtəsi olur, həzərat!

Müqəddəs insanlar, məkanlar və zamanlar var. İnsanın yaşı - onun ən qiymətli sərvətidi. Bu gün Sədinin ömür əqrəbi dolanıb-fırlanıb bir insan həyatı üçün çox böyük rəqəm sayılan 50-nin üzərində dayanıb. Buna 50 min də demək olar, 50 milyon da... Ölçü yox, biçi yox.

Sizə düzünü deyəcəm, amma siz heç kəsə deməyin. 1999-cu ildə Sədiylə tanış olmasaydıq, ötən illərin-günlərin dolanbac yollarından keçməsəydik, Allahın mənə bəxş elədiyi bu ömür daha kasad, daha örən, daha mənasız olardı.

Allaha şükür.

Elə adamlar var, onlara açıq, kəlməbəkəlmə deməsən də, onlar sənin ürəyindən keçən fikrin tez-tez cümləyə çevrilən qutsal formasını uzaqdan oxuyurlar: "Heç vaxt məni tərk eləmə".

Sədi, 50 yaşın mübarək!


Müəllif: Qurban Yaquboğlu