5 İyul 2014 12:10
8 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Elariz Məmmədoğlu “Brifinq”in növbəti qonağıdır. İşindən dolayı oruc tutmaq ona çətin olsa da, E.Məmmədoğlu oruc tutan azsaylı sənət adamlarındandır. O, Ramazan ayında müğənnilərin iş qrafikindən, ailə həyatından, şadlıq evlərindəki akustika və səslənmədəki problemlərdən danışdı.

Aytən Həsənova: Elariz bəy, Ramazan ayıdır, bir çox sənətçilər oruc tutur. Siz oruc tutursunuz?
- Bəli, bu dəqiqə orucam. Allah bütün oruc tutanların orucunu qəbul eləsin! Bu, bizim yaşam tərzimizdir, həmişə ayinlərə riayət etməliyik. İslamdan əvvəl də oruc olub. Bu, bütün dinlərdə, xristianlarda, yəhudilərdə, biz müsəlmanlarda da var. Bu, insanın sağlamlığı, dünyamızın qənaətcil yaşaması üçündür.

A.Həsənova: Ümumiyyətlə, cənnətə və cəhənnəmə inanırsınız?
- Bu həyatda cənnət və cəhənnəm olmasaydı, insanlar elə günün günorta çağı bir-birini didib-parçalayardı. Allah cənnət və cəhənnəmi yaradıb ki, insanlar düşünsün ki, nə vaxtsa elədiyi günahın cavabını verməli olacaq. Elə pis hərəkətlər var ki, onu həmin adamdan başqa heç kim bilmir və onun cavabını bu dünyada vermir. Amma bilməlidir ki, nə vaxtsa Allah qarşısında, axirətdə cavab verəcək. Allaha və axirətə inanan insanlar düzgün yaşayır.

“Müğənnilik dinlə ziddiyyət təşkil eləmir”

Nərmin Muradova: Ramazan ayında iş qrafikiniz necədir? Əksər vaxt toylar olmur, necə fəaliyyət göstərirsiniz?
- Səhər obaşdan durub yeyirəm, gün ərzində bacardığım qədər işlə məşğul oluram ki, aclıq yadıma düşməsin. Axşama qədər bir o qədər əziyyət çəkmirəm. İftara bir-iki saat qalmış beynimdə işıq yanır ki, bir azdan yeməliyəm. Əslində aclığım olmur, sadəcə psixoloji darıxma olur. İş qrafikimə gəlincə, hansı çəkilişə və ya canlı çıxışa dəvət etsələr, gedirəm. Bu gün də sizinlə müsahibədəyəm.

N.Muradova: Mahnılar yazdırırsınız?
- Bəli, yazdırıram. Keçən il yazdırdığım mahnıların yayımlanması ilə də məşğulam.

A.Həsənova: Dindən söz düşmüşkən, bir çoxları iddia edir ki, müğənni olmaq İslama ziddir, yəni günahdır. Bu barədə Sizin yanaşmanız necədir?
- Doğrusu, Quranın tərcüməsini oxumağa hazırlaşıram. Evimizdə ərəbcə də, tərcümədə də Quran kitabı var. Köməkçim həmişə Quran oxuyur. Dində elə bir şey yoxdur. Din ayrıdır, mövhumat ayrı. Deyirlər, filan şey olmaz. Soruşursan niyə olmaz, onu əsaslandırmır. Dinin əsası Qurani-Kərimdədir. Məncə, musiqi, müğənnilik dinlə heç bir ziddiyyət təşkil eləmir. Hətta Məhəmməd peyğəmbər də ilk dəfə dini ayini Bilal adlı həbəşə tapşırmışdı. Onun çox gözəl səsi vardı. Bu gün Quranın özü də musiqi ilə, muğam üstündə oxunur. Əgər oxumaq, musiqi alətində ifa etmək haramdırsa, onda Quranı niyə musiqi ilə oxuyuruq?

“Ramazanda pul qazana bilmirik, amma soyuducumuz boş qalmır”

Sevil Hilalqızı: Ramazanda, adətən, toylar olmur. Siz çox toy sifarişləri alan müğənnilərdənsiniz. Bu, maddi durumunuza təsir edirmi?
- Bəli, Ramazan ayında toyların olmaması maddi durumumuza təsir edir. Biz pul qazana bilmirik. Amma restoranlardakı şou proqramlara, ad günlərinə, kiçik məclislərə dəvətlər alırıq. Yəni soyuducumuz boş qalmır, doldura bilirik. Konkret orucluğa gəlincə, əslində orucluqda toy eləmək olar. Sadəcə olaraq Azərbaycan müsəlman ölkəsi olsa da, bizdə məclislərdə spirtli içki verilir. İftardan sonra toy eləmək, yeyib içmək olar. Sadəcə süfrədə içki olmamalıdır.

S.Hilalqızı: Olubmu Ramazan ayında toyda iştirak edəsiniz?
- Bəli. İçkisiz toy olub. İnsanlar spirt qəbul edəndə səhər duranda “paxmel” olur, başı ağrıyır, gərək üstündən 100 qram da içsin ki, düzəlsin. O da Ramazanla düz gəlmir. İçkisiz məclislə toy eləmək olar. Bir neçə il əvvəl Ramazanda toya dəvət elədilər. Özüm də təəccübləndim ki, toy necə olacaq? Dedilər, içki vermirik. Normal da toy oldu. Apardığım bir neçə toy olub ki, məclisdə spirtli içki verməyiblər. Bəy də, gəlin də dindar olub, əvvəl fikirləşmişəm ki, bunların toyu necə keçəcək? Gördüm ki, bundan əvvəlki toy necə olubsa, elə bu da o cür oldu.

Dilqəm Əhməd: Sizin həmkarınız Nadir Qafarzadə illər öncə bir açıqlama vermişdi ki, mənim də, alimin də soyuducusunu açın, görün kim daha üstündür. Siz bu fikirlərə necə yanaşırsınız? Bizdə alimlər az maaş alır, amma müğənnilər çox qazanır. Bu dərəcədə sərt açıqlamaya ehtiyac vardı?
- Vallah, bunu siz Nadir Qafarzadənin özündən soruşun. Çünki başqalarının fikrinə cavabdeh deyiləm. Hər kəsin öz fikri var.

A.Həsənova: Niyə münasibət bildirməkdən qaçırsınız?
- Həmişə çalışıram ki, səviyyəmi qoruyum. Tutduğum səviyyədən düşməyim, bacardıqca qalxım. Müəllimin, həkimin nə qədər maaş alması mənim işim deyil.

Sevil Hilalqızı: Şadlıq evləri ilə bağlı standartlar qəbul edilib. Musiqinin səslənməsi üçün müəyyən normalar olmalıdır. Siz toylarda çox iştirak edirsiniz, özünüzün ansamblınız var. Toyda musiqinin səsləndirilməsi ilə bağlı nə fərq hiss edirsiniz?
- Mənim qrupumda səslənmə ilə bağlı heç bir dəyişiklik yoxdur. Artıq 20 ilə yaxındır ki, toylarda canlı ifa ilə iştirak edirəm. Həmişə də qrupum haqqında musiqiçilər deyir ki, ən sakit, normal səslənməsi olan qrup Elariz Məmmədoğlunun qrupudur. Bu gün nə dəyişirsə, başqa qruplarda dəyişməlidir, məndə yox.

S.Hilalqızı: Qonaqlar gurultulu səsə görə toydan qaçır... Səslənmə ilə bağlı standart necə olmalıdır?
- Bir dəfə liftlə qalxırdım, həmin gün toyda deyildim. Qonşulardan bir qadınla kişi əsəbi halda mənimlə birgə liftdə idilər. Qadın sual verdi ki, Elariz müəllim, toylarda çox səs verməyin nə mənası var? Mən başa düşdüm ki, bunlar toydan qaçıb gəlib. Saat 21:30 idi. Fikirləşdim ki, deməli, toy 18:30-da başlayır bunlar 21:00-da qaçıblar ki, səs çoxdur. Dedim ki, xanım, toyu idarə etmək üçün professionalı dəvət etmək lazımdır. Gənc müğənnidir, Allah canını sağ eləsin. Bir-iki mahnı yazdırıb populyarlaşıb, öz üzərində çalışır, çox əla. Amma onun toy aparmağına hələ çox var. Əgər populyardırsa, qoy gəlib 15 dəqiqə, yarım saat oxusun, getsin. Toyu başdan-ayağa idarə etmək üçün uzun illərin təcrübəsi lazımdır. Toyların birində toy sahibi dedi ki, ona görə Elariz Məmmədoğlunu dəvət eləmişəm ki, o, səslənməni düzgün qurur, nə az, nə çox.

S.Hilalqızı: Orta tempi tapmısınız?
- Orta səsi tapmaq da bir professionallıqdır. Yavaş səs olsa, insanların sümüyünə düşməyəcək, bərk səs olsa, baş-beyni gedəcək. Elə səs qoymaq lazımdır ki, insanlar istirahət edə bilsin.

S.Hilalqızı: Akustika üçün müəyyən hədd olmalıdır. Elə şadlıq evləri var ki, əvvəlcə hansısa idarənin binası olub, indi şadlıq evinə çeviriblər...
- Bəli, şadlıq evlərində akustika problemi var. Sadəcə olaraq heç vaxt bu barədə danışmıram. Ona görə ki, şadlıq evlərinin müdiriyyəti var, sabah onlar məndən inciyəcəklər.

S.Hilalqızı: İnciyəcəklər deyə danışmaq istəmirsiniz, amma bu problemin aradan qaldırılması Sizə də xeyirdir...
- Bilsəm ki, mən deməklə düzələcək, əlbəttə, deyərəm. Amma sonra məndən inciyəcəklər. Ona görə də bir az ehtiyat edirəm.

“Şadlıq evinin müdirləri məndən inciyir”

D.Əhməd: Bəlkə özünüz şadlıq evi tikəsiniz?
- Bilirsiniz, arzular çoxdur, arzuları həyata keçirmək üçün gərək insanın maddi durumu imkan versin. Nə vaxtsa, 50 ildən sonra, bəlkə, o imkan məndə olar. Doğrudan da, şadlıq evlərində akustika problemi var, amma axır vaxtlar bəzilərində akustikanı normallaşdıran vasitələri görürəm. Məndə bir xasiyyət var, qohum-əqrəbanın toyu olanda gedirik şadlıq evi seçməyə. Zalın tən ortasında dayanıb, əllərimi bir-birinə vururam. Əgər səsin təkrarı olursa, deməli, o zal yaxşı zal deyil. Bir gün zal seçirdim, əl çaldım, gördüm səs təkrar olunmur. Tez divarlara baxdım, deməli, təmirdən sonra divarlarda dördkünc formada parçadan balış formasında vasitə qoyublar. O, səsi udur, qoymur ki, səs divara dəyib qayıtsın. Səs dayanmır, ardı gəlir, ona görə də toylarda qarışıq bir şey alınır. Musiqiçi nə qədər də çalışsa, akustikanı yığışdıra bilmir. Amma zalda divarlarda parçadan düzəlmiş vasitələrdən istifadə edəndə səs boğulur, səs divara dəyirsə də, orada ölür, ona görə də səslənmə təmiz olur. Bundan istifadə etmək lazımdır. Bunu uzun illər heç vaxt demirdim. Söyləsəydim, şadlıq evinin sahibi deyəcəkdi ki, sənin bir kəlmə sözün bizi xərcə salır. Amma indi, deyəsən, yavaş-yavaş özləri də başa düşür.

S.Hilalqızı: Biz toyda yarım saat səs-küydə otura bilmirik. Bəs ansambl necə dözür? Sizin üçün hər gün yüklənmə deyil? Yəqin, o qüsurları desəydiniz, problem daha tez həll olunardı...
- Çox çətindir. Hərdən elə olur ki, şadlıq evinin akustikasına görə mən danlanıram. Bir ahıl kişi yaxınlaşıb ki, ay Elariz, sənin kimi müğənnini biz arxada eşidə bilmirik. Səs orada qarışıb. Qulağına dedim ki, ay ağsaqqal, deyə bilmirəm, akustika burada pis gündədir.

N.Ehlamqızı: Öz toy qiymətinizi açıqlayırsınız?
- Yox, heç vaxt açıqlamıram.

N.Muradova: Tez-tez saytlar toy qiymətinizi yazırlar. Yazılanlar doğrudur?
- Doğrudur. Orta qiymətdir, nə yuxarıdır, nə aşağı.

A.Həsənova: Bəzi müğənnilər ayın bütün günü toya getdiyinə görə özlərinə “kalendarnı müğənni” deyirlər. Azərbaycan reallığında müğənni, doğrudan da, ayın hər günü toyda ola bilər?
- Ola bilər. Şadlıq evlərində musiqiçilər və müğənnilər otururlar, hər gün toylarda olurlar.

Dilqəm Əhməd: Sizin ayda neçə toyunuz olur? Məsələn, iyunda neçə toyda iştirak etmisiniz?
- İyunda ümumiyyətlə, heç bir toyda iştirak etməmişəm.

“Heç vaxt sponsorum olmayıb”

N.Muradova: Vergi verirsinizmi?
- Mən də hamı kimi vergi ödəyicisiyəm. Bu, normaldır, belə də olmalıdır.

S.Hilalqızı: Hər gün toyda iştirak etmək “kalendarnı müğənnilər”in yaradıcılıqlarına necə təsir edir? Qazanc dalınca düşmək işin mənəvi tərəfini tənzimləyir?
- Müğənniləri qınamaq olmaz. Çünki yaşam tərzini düzəltmək üçün onlar pul qazanmalıdır. Ona görə də toylara gedirlər. Sırf yaradıcılıqla məşğul olmaq üçün gərək bütün həyat tərzin təmin olunsun. Sən də ancaq oturub rahat sənətlə məşğul olasan. Sovetlər dönəmində Rəşid Behbudov, Oqtay Ağayev vardı, həmişə bizi onlarla müqayisə edirlər ki, bəs onlar da estrada müğənnisidir, siz də, niyə onlar məsələn, 500 sənət əsəri qoyub gediblər, sizdə isə cəmisi 8 dənədir. Bəli, Rəşid Behbudov, Oqtay Ağayev toylara getmirdi. Onlar maaş alırdılar, üstəlik, xaricdə konsertlərdən qonorar yazılırdı və qəbz evə gəlirdi. “Çek” vasitəsilə pulu alırdılar, o pul da yaşamaq üçün kifayət eləyirdi. Onlara ancaq sənətə xidmət eləmək qalırdı. Mən bu gün fikirləşirəm ki, 1 mahnı yazdırım sənətə xidmət eləsin, 3 mahnı yazdırım ki, məni toylara çıxarsın. Vaxtilə Ruhəngiz Qasımova, Eldar Mansurovdan, Vaqif Gərayzadədən mahnılar oxudum, gördüm ki, bütün gün radiolarda səslənir, televiziyalara çağırırlar, müsahibələr alırlar. Amma pul qazana bilmirəm, cibim boşdur. Mən də çıxdım Bakı folklorundan bir mahnı oxudum, ondan sonra toylar gəldi. Yəni dolanmaq üçün məcbur idim.

A.Həsənova: Mətbuat xidmətiniz, meneceriniz, prodüseriniz varmı?
- Bəli, var.

N.Muradova: Prodüseriniz kimdir?
- Prodüser mən özüməm. Çünki mənim heç vaxt prodüserə ehtiyacım olmayıb. Prodüser elədir ki, o, müğənnini yönəldir, nə oxumalıdır, necə oxumalıdır. Yeri gələndə sponsor tapır ki, onun kliplərinə, konsertinə pul buraxsın. Mənim isə prodüserim olmayıb, ona görə də heç vaxt sponsorum olmayıb.

A.Həsənova: Prodüserə ehtiyac görürsünüz?
- Ehtiyacım yoxdur, ona görə ki, özüm musiqi təhsili ilə yanaşı, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq, aktyorluq fakültəsini bitirmişəm. Ona görə də bilirəm ki, bu işi necə qurmaq lazımdır. Prodüser məni başqa bir yerə yönəldə bilər. Ola bilər ki, düzgün yolda olmayım. Amma mən öz yolumu özüm yaxşı bilirəm. Ona görə də öz yolumu istədiyim kimi yönəltmişəm və bu yolda gedirəm.

A.Həsənova: Yerli şou-biznesdə nə var, nə yox?
- Vallah, xəbərim yoxdur.

A.Həsənova: Tam çəkilmisiniz kənara?
- Bilirsiniz, iki nəfər müğənninin söhbətini eşitdim, deyirdilər ki, nə edək, qalmaqaldan zaddan fikirləş, çıxaq efirə, toylarımız çoxalsın. Bu insanlar şou-biznesdə olarkən düşünülmüş qalmaqal həyata keçirib gündəmə gəlirlər. Qalmaqalla gündəmə gəlmək mənim üslubum deyil. Mənim üslubum odur ki, nəsə bir mahnı yazdırırsan, radioda səslənir, görürsən zəng edirlər ki, nə yaxşı mahnıdır. Bu, artıq gündəmə gəlməkdir. Yaxud hansısa klipi çəkdirirsən. Bu yaxınlarda “Sevgi nağılı” mahnıma klip çəkildi, zənglər gəldi ki, “Mühtəşəm Yüzil”ə baxmısan, ondan sonra bu mahnının yazıb klipi çəkmisən. Dedim, “hə”, sənətimlə gündəmə gəlmişəm, “Mühtəşəm Yüzil”ə baxanda nə olar ki, o da bir əsərdir. Yəni yalandan kiminləsə dava edib gündəmə gəlmək istəmərəm.

N.Muradova: Aygün Kazımova ilə bağlı qalmaqal düşünülmüş qalmaqal idi?
- Yox, o, təsadüf olan şey idi. Öz də o, bir günün qalmaqalı idi, ondan sonra o məsələ çözüldü.

N.Muradova: İndi Aygün Kazımova ilə münasibətiniz necədir?
- Çox yaxşı. Elə həmin gündən sonra da normal münasibətimiz olub.

“Rafael və Coşquna əhvalatlar danışmışam, səhnələşdiriblər”

N.Ehlamqızı: Belə fikirlərinizi oxumuşam ki, “Bu şəhərdə” məni parodiya eləməyəndə, zəng edirəm ki, parodiya edin, piarım getsin...
- O düzdür, onu eləmişəm. Müşfiq, Rafael, Coşqun - “Bu şəhərdə” uşaqları mənim konkret dostlarımdır. Biz vaxtaşırı süfrə arxasında oturub yeyib-içən adamlarıq. Bizim özümüzə məxsus zarafatlarımız var. Hətta bəzi hallarda məndən məsləhət alırlar ki, toyda nə baş verir, danış da. Mən də danışıram, onu sonra səhnələşdirirlər. “Sirtuş” obrazı üçün təklif etdim ki, toylarda ömrü boyu bacıoğlu, bacıqızı ilə maraqlanmayan dayı toy günü aktivləşir, gəlib havayı yeyib-içir, başlayır danışmağa. “Dayı” obrazını Coşqun çox gözəl yaratdı. Bir dəfə də məsləhət verdim ki, görürsən, toyda biri gəlir ki, mən 40 ildir Rusiyada yaşamışam, ona görə bağışlayın, rusca danışacağam. Danışmağa başlayanda görürsən ki, rusca danışa bilmir. Başlayır vətən həsrətindən danışır, axırda da deyir ki, mənim üçün “İran təranələri”ni çalın. 40 il Rusiyada yaşamısan, vətən həsrəti çəkmisən, gəlib “İran təranələri” mahnısını sifariş verirsən. Belə şeyləri görüb danışmışam, onu səhnələşdiriblər. Bu sirri yalnız sizə açdım (gülür).

N.Muradova: Kim çəkir kliplərinizi? Neçəyə başa gəlir? Özünüz də rejissorluq edirsiniz?
- Özüm kliplərimə heç vaxt rejissorluq eləmirəm.

N.Ehlamqızı: Baxmayaraq ki, rejissorluq fakültəsini bitirmisiniz...
- Bəli. “Sevgi nağılı”mahnısının sözləri, musiqisi, klipin ssenari müəllifi mənəm. Təsəvvür edin, buna rejissorluğu əlavə etsək, çox olar. Ona görə də əl dəymirəm, qoy öz yaradıcılığını göstərsin. Rəhman Əliyev rejissor kimi mənim öz yetirməmdir. Axırıncı 8 klipimi o çəkib. İncəsənət adamı kimi ssenari yazmağı öyrədiblər. Musiqi savadım olduğuna, vokal dərsi aldığıma görə bəstəkarlıq qabiliyyətim də var. Eyni zamanda mahnı üçün mətn yazıb, qafiyələndirirəm, öz fikrimi çatdıra bilirəm.

"Ərdoğanın bağışladığı hədiyyə evimdədir"

A.Həsənova: Səhv etmirəmsə, Rəcəb Tayyib Ərdoğanın Van zəlzələsi zamanı qohumunuza verdiyi maşın suveniri Sizin evinizdədir...
- Türkiyənin Van şəhərində mənim qohumlarım var. Orada zəlzələ olanda Rəcəb Tayyib Ərdoğan Vana getmişdi. Qohumlarımdan biri valiliyin qaraj rəisidir. Həmin kollektivlə görüşündə Ərdoğan uşaqlara hədiyyələr verib. Mənim qohumuma da birini verib, o da deyib ki, mənim hələ ki nəvəm yoxdur, amma Azərbaycanda bizim qohumumuz Elariz Məmmədoğlunun iki nəvəsi var, bu hədiyyəni Azərbaycana göndərəcəyəm. O balaca oyuncaq gəlib bizə çatdı.

N.Muradova: Ərdoğanı dəstəkləyənlərdənsiniz?
- Yox, mən siyasətlə maraqlanmıram. Mənim üçün maraqlı deyil, Prezident Ərdoğandır, yoxsa Abdullah Gül.

“Sabiri oxumasaydım, adımın mənasını bilməzdim”

D.Əhməd: Öz sənətinizdən başqa nə ilə maraqlanırsınız? Məsələn, kino, ədəbiyyat, rəssamlıq Sizi cəlb edir?
- Mütaliə edirəm, çünki insanların qarşısına çıxıram. Hərdən elə məclislər olur ki, orada mütləq sənin savadın olmalıdır. Toyu idarə edirsənsə, elə ziyalı insanlarla rastlaşırsan ki, gərək onların qarşısında aciz olmayasan. Hətta bir alim məclisdə mənim adımla bağlı mənə sual verdi. Mən Mirzə Ələkbər Sabiri oxumasaydım, o suala cavab verə bilməzdim. Soruşdu ki, adın niyə Elarizdir? Mən də qayıtdım ki, Sabirin “Beynəlmiləl” şeirində bu barədə var. “Ariz olmaq” arzulayan deməkdir. Yəni elini arzulayan, xalqın arzusu ilə doğulan mənasını daşıyır. Bunu deyəndə qayıtdı ki, sən nə savadlısan.

N.Ehlamqızı: Ölkəmizdə keçirilən prezident seçkilərində iştirak etmişdiniz?
- Əlbəttə. Ölkə rəhbərimizi xalqımız, özümüz seçmişik.

D.Əhməd: Yaşadığınız ərazinin deputatını tanıyırsınız?
- Yox, tanımıram.

S.Hilalqızı: Onu Siz seçməmisiniz?
- Yox, onu mən seçməmişəm (gülür).

N.Ehlamqızı: Niyə parlament seçkisinə marağınız yoxdur?
- Siyasətlə maraqlanmıram deyə maraq da yoxdur. Prezident seçkisi belədir ki, hamı getməlidir.

D.Əhməd: Facebook-da və ya Twitter-də fəalsınız?
- Facebook-da hesabım var, Twitter-də isə yoxam.

D.Əhməd: Nə qədər izləyiciniz var?
- Əvvəl 5 min idi, sonra qırdılar, indi haradasa 2-3 mindir.

S.Hilalqızı: Bəzi müğənnilər şikayətlənir ki, kliplərin efirdə verilməsi çox baha başa gəlir. Sizdə bu vəziyyət necədir?
- Bütün dünyada belədir, gənc müğənni üçün bu, təbii haldır. Gənc müğənni özünü təsdiq eləmək üçün efirə klipini verməlidir və klip də yayımlanmalıdır. İstər-istəməz televiziya rəhbəri gənci tanımır. Təbii ki, onun efirə çıxmağı çətin olur və baha başa gəlir.

S.Hilalqızı: Bəs tanınmış müğənnilər üçün?
- Tanınmış müğənnilər üçün verilişlər pulsuzdur. Kliplərin yayımlanması bəzi kanallarda pulsuzdur, bəzilərində simvolik qiymətədir. Amma mən rəqəm açıqlamayacağam.

N.Muradova: Siz də nə vaxtsa pul verib efirə çıxmısınız?
- Bəli, lap təzə başlayanda. ABA televiziyasında Əli Zahirov adlı bir xeyirxah insan oturmuşdu. Onun yanına gəlib söylədim ki, sizin kanalda klipimin yayımlanmasını istəyirəm, amma pulum çox azdır, daha doğrusu, pulum yoxdur. O da dedi ki, eybi yox, klipin maya dəyərini hesablayaq, başlayıb çəkək, efirə verək. Efirə gedəndən sonra pul qazanacaqsan, yavaş-yavaş pulu qaytararsan. Doğrudan da, elə oldu. “Tup-tup” mahnısına klip çəkildi, efirə getdi, camaat baxdı və mən toylara dəvət aldım. Əlimə pul düşdükcə, hər dəfə 100 dollar aparıb verirdim, axırda borcumu ödədim.

S.Hilalqızı: Klipin çəkilişi və efirə getməsi üçün nə qədər pul xərclədiyinizi demirsiniz?
- Pulun dəyəri ildən-ilə dəyişir. Məsələn, “Daroqa” klipi 2004-cü ildə çəkilib. Ona sərf elədiyim pulla 59 nəfər çalışdı, 6 rayon gəzdik, min kilometr məsafə maşın sürdük. İndi o, neçəyə başa gələr? Amma mən o vaxt o klipə 4 min dollar xərcləmişdim. O pul da klip üçün çatırdı.

“Elariz adı özü tituldur”

N.Ehlamqızı: Bu gün müğənnilərin bir çoxunun müxtəlif ləqəbləri var: “toylar kralı”, “əjdaha” və s. Özünüz bu ləqəblərdən çəkinmisiniz, yoxsa Sizə verməyiblər?
- Mənə ləqəb veriblər, amma mən özüm haqqımda heç vaxt deməmişəm.

A.Həsənova: İlhamə Quliyeva Sizə titul verib?
- Səməd Səmədov İlhamə xanıma dedi ki, Elariz Məmmədoğluya da bir ad verin. O da dedi ki, sonra Elarizin özü ilə məsləhətləşərəm, pıçıldaşarıq, lazım olsa, verərəm. Amma mən bu işin arxasınca getmədim.

A.Həsənova: İlhamə xanımın Sizə titul verməsini istəyirdiniz?
- Adım, Əhməd, Məmməd, Nadir, Hüseyn olsaydı, İlhamə xanımın ad verməsi uyğun olardı. Mənim öz adım Elariz bir növ tituldur. Ad almaq üçün gedib, demək lazımdır ki, İlhamə xanım, filan verilişdə deyərsiniz ki, filan müğənniyə titul verirəm. Düzdür, İlhamə xanımla bizim çox gözəl münasibətimiz var. Elə Flora xanımla da münasibətim çox yaxşıdır. Hər iki xanımın sənətinə və şəxsiyyətinə böyük hörmətim var. Onlara da demişəm ki, öz aralarında nə problemləri var, özləri bilərlər. Sülh adamıyam, ağ göyərçinəm.

“Flora ilə İlhamənin arasına girsəm, məni tapdalayarlar”

S.Hilalqızı: Onların barışması üçün cəhd eləməmisiniz?
- İki əjdahanın arasına girmək olar? Onlar məni tapdalayarlar.

“Özümü xalq artisti adına layiq bilirəm”

A.Həsənova: Bəs fəxri ad almaq istəyərdiniz? Məsələn, Səməd Səmədov xalq artisti adı alanda çox tənqidlərlə üzləşdi...
- Həm Səməd Səmədov, həm də digər sənatkarlarımız ad alanda kimlərsə tənqid edir, kimlərsə razılıq edir. O ki qaldı Səməd Səmədovun çox tənqid olunmasına, axı Siz onun həyat tərzini, çəkdiyi əziyyəti bilmirsiniz. Bu insanın 67 yaşı var və bu gün də toyları idarə edir. Əziyyət çəkib alın təri ilə pul qazanır. Bizimlə çiyin-çiyinə bölgələrimizdə dövlət konsertlərində iştirak edir. Axı bu asan iş deyil. Otur maşına, get bölgədə 1 mahnı oxu, qayıt gəl Bakıya. Dövlət yolunda bunu edən insan niyə də fəxri ada layiq olmasın? Mən özümü də bütün fəxri adlara layiq bilirəm. Dövlətimə xidmət edirəm, dövlətin də verdiyi fəxri adlara layiqəm.

D.Əhməd: Ailə başçısı kimi Sizi övladlarınız necə qəbul edir? Övladlarınız nə işlə məşğuldur?
- İki qızım, bir oğlum var. Hər üçü məktəbi bitirən kimi ali məktəbə qəbul olub. Qızlarım ailə həyatı qurub, oğlum hazırda ali məktəbdə hüquq fakültəsində oxuyur. İki nəvəm var: Əli, Davud. İkinci qızım iki aydır ailə həyatı qurub.

“Qızımın toyu qapalı oldu”

A.Həsənova: İkinci qızınızın toyu barədə dedilər ki, Elariz Məmmədoğlu hansısa məmurla qohum olub. Toy da qapalı oldu. Bu xəbərlər nə dərəcədə doğrudur?
- Birinci qızımın toyunda media işçilərinə 50 nəfərlik masa ayrılmışdı. Dedim ki, gəlin, yeyin, için, rəqs edib şənlənin, hədiyyə filan lazım deyil. Çünki bilirəm jurnalistlər maaşa baxan adamdırlar. Sağ olsunlar, çox yaxşı iştirak elədilər, gözəl sözlər də yazdılar. İkinci qızımın toyu isə məndən asılı olmayan səbəblərə görə qapalı oldu.

S.Hilalqızı: Oğlunuzun da toyu qapalı olacaq?
- Vallah, görək. Məndən asılıdırsa, qapalı olmaya bilər. Çünki mən ictimailəşmiş adamam. Mənim bütün həyatım əl içi kimi göz qabağındadır. Saat neçədə yuxudan dururam, maşınımla tədbirlərə gedirəm, evə gedirəm, yəni hamısı göz önündədir.

“Mənim Ağadadaş kimi videom ola bilməz”

N.Muradova: Bu yaxınlarda Ağadadaş Ağayevin videosu yayılmışdı. Sizin o cür videonuz yayılma ehtimalı var?
- Yox, mən özümə çox arxayın adamam. Bilirəm ki, məndə heç bir problem yoxdur.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər