23 İyun 2021 22:26
5 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist İbrahim Nəbioğlu sosial mediada arabir gündəmə gələn maraqlı bir sualı təkrarladı:

“Məmməd Əmin Rəsulzadə; Məmməd Emin Rəsulzadə; Məhəmməd Əmin Rəsulzadə; Məhəmməd Emin Rəsulzadə; Məmmədəmin Rəsulzadə...

Bu yazılışların hansı doğrudur? Suala hərə bir cür cavab verəcək, polemika başlayacaq. Nəticədə hər məsələdə olduğu kimi bunda da ortaq məxrəcə gələ bilməyəcəyik. Ancaq həqiqətən də, düzgün olanı hansıdır? Dini etiqadı güclü olan “Məhəmməd”, qarşı tərəf isə “Məmməd” deyəcək. Yaxud “Ə” hərfinə qıcıq olanlar “Emin”i seçəcək, digərləri “Əmin”i. Məncə, bunu bir qərara, bir yazılmamış anlaşmaya, razılaşmaya bağlamaq lazımdır. Necə bilirsiz?”
Bu suala mühacirət tarixi ilə məşğul olan tədqiqatçı kimi mənim də bir cavabım var, amma təbii ki, yekun həqiqətə müzakirə nəticəsində varılacaqdır.

Başdan onu deyək ki, İbrahim bəy sualında olduqca haqlıdır. Çünki Azərbaycanda Rəsulzadə ilə bağlı tədqiqat aparmış 3 alimin hər biri fərqli şəkildə yazır.

Aydın Balayev “Məmməd Əmin”, Nəsiman Yaqublu “Məhəmməd Əmin”, Ədalət Tahirzadə “Məhəmmədəmin”.

Oxucu bu üç müəllifin kitabını oxuduğu zaman haqlı olaraq soruşacaqdır: Bunun hansı düzgündür?!

Mən bu məsələdə Ədalət bəyin versiyasını dəstəkləyirəm. Əvvəla ona görə ki, Rəsulzadəyə din xadimi olan atası peyğəmbərimizin ismini və ləqəbini qoyub. Ona görə də sağlığında adı birmənalı Azərbaycan türkcəsində “Məhəmməd” yazılıb.

“Əmin” kəlməsi 1930-cu illərin latın qrafikalı mətbuatında ayrı yazılıb. Amma dilimizin bugünkü qaydalarına görə, mürəkkəb adlar bitişik yazıldığı üçün “Məhəmmədəmin” variantı bizə görə ən doğrusudur.

Qeyd edək ki, “Məhəmməd” adı 1937-ci ilədək yazdığımız şəkildə olub. Repressiya illərindən etibarən “Məhəmmədlər” “Məmmədləşib”. Bunun səbəbinin rus dilində olan “Mamed” adının yenidən azərbaycanlılaşdırılması kimi hesab edənlər də var. Amma fakt budur ki, 1937-ci ilədək “Cəlil Məhəmmədquluzadə”, “Məhəmməd Səid Ordubadi” kimi yazılıb. Əski əlifbamızda da təbii ki “Məhəmməd” olaraq yazılıb.

Rəsulzadə mühacirətə getdikdən sonra oradakı versiyaya uyğun olaraq “Mehmet Emin” kimi adını qeyd edib. “Mehmet” kəlməsinə gəldikdə isə, ərəbcə olan “Muhamməd” adı türk dilinə uyğun olaraq əvvəlcə “Mehemmed”ə, daha sonra qısa variantı olan “Mehmed”ə çevrilib. Ən nəhayətdə isə “Mehmet” variantı qəbul edilib. İstanbulu fəth edən böyük padşahlardan Sultan Fateh Mehmedin adı öz dövrünün sənədlərində “Mehemmed Han” olaraq keçib.

Buna görə də Azərbaycanda uşaqlara ad qoyularkən “Muhamməd” variantının qəbul edilməməsi dilimiz baxımından doğrudur. Çünki neçə əsrdir ki, türk dünyasında “Məhəmməd” olaraq qəbul edilib. Yenidən ərəb dilinə uyğunlaşdırmaq yolverilməzdir.

Beləliklə, bizə görə Cümhuriyyətimizin qurucusunun adı “Məhəmmədəmin” olaraq bitişik yazılmalıdır. “Məhəmməd Əmin” variantını da qəbul etmək olar. Amma “Məmməd” variantının əsla doğru olmadığı qənaətindəyik.


Müəllif: Dilqəm Əhməd