8 İyun 2015 17:28
355

“Birinci Avropa Oyunlarında idmançılarımızın əksəriyyətindən yüksək nəticələr gözləyirik”.

Bunu Trend-ə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov deyib.

O bildirib ki, hazırda cüdoçularımız Göygöldə təlim-məşq toplanışındadırlar: “Bu, Avropa Oyunları ərəfəsində son təlim-məşq toplantısıdır. Bu məşqdən sonra idmançılarımız Bakıya qayıdacaq və hazırlıqlarını burada davam etdirəcəklər”.

E.Camalxanov vurğulayıb ki, idmançılarımız özlərini yaxşı hiss edirlər: “Ardıcıl olaraq Qran-pri turnirlərində cüdoçularımız Elmar Qasımov və Rüstəm Orucovun qızıl medallar qazanması onu göstərdi ki, idmançılarımız Avropa Oyunlarına tam şəkildə hazırdırlar. Onlar bu yarışlarda ən güclü rəqiblərini məğlub ediblər. Ona görə də bu idmançılara ümidlərimiz böyükdür. Ən azı, iki qızıl medal və digər əyarlı medallar gözləyirik”.

O, azarkeşləri də fəal olmağa və idmançılarımıza dəstək olmağa çağırıb: “Azarkeşlər idmançılara mənəvi güc, psixoloji stimul verirlər. Arzulayıq ki, azarkeşlər bütün idman növlərində idmançılarımıza dəstək olsunlar və onların qələbə sevincini yarış meydanında idmançılarla bərabər yaşasınlar".


Müəllif: