31 İyul 2014 10:29
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu kəlamdan xəbərdar olanlar ifadədəki son sözü axtaracaq, təbii. Xəbərdar olmayanlarçün xırda bir açıqlama - veni, vidi, vici - Roma imperatoru Yuli Sezara aid bir ifadə. Eradan əvvəl 47-ci ildə Roma üzərində qələbə çalınca dostuna bu şəkildə müraciət edib - veni, vidi, vici - gəldim, gördüm, qalib gəldim. Qaynaqlara görə, bu sözlər sonradan imperatorun əsas şüarına çevrilir. Gedib gördüyü yerlərdə həm də qalib gəlməyi bacaran bir sərkərdəni ən doğru ifadə edən təqdimat kimi.

***

Trabzondayıq. Buraların insanı İstanbul türklərindən tam fərqli. Böyük əksəriyyəti mömin müsəlman. Əslində, turizm, yəni həm də xarici valyuta qazanmaq üçün coğrafi baxımdan tam münasib bir yer.

Türkiyənin sərhəd bölgəsi kimi Gürcüstandan və elə gürcülərin yoluyla post-sovet məkanından səyahətə çıxanlar üçün vaxt, həm də maliyyə baxımından sərfəli - məsafələr yaxındı çünki. Cənnət misalı bir gözəllik - yamyaşıl meşələr, uca-uca dağlar, masmavi dəniz. Üstəlik, dövlətin qurduğu mükəmməl infrastruktur. Gələn deyər bir də gəlim. Ramazan ayı olduğundan burada yaşam təqvimi bir az alayı. Otelin ən gözəl nömrəsində yatsan belə, imsaq vaxtı küçədəki dambadurumdan mütləq oyanacaqsan.

Cavan uşaqlardı - əllərində qazan-çömçə hay vurub camaatı yuxudan oyadır, imsaq vaxtını bildirib hər kəsi yeməyə səsləyir. Həmin hay-küyü bir də iftara bir-iki saat qalmış eşidirsən - dükanlar, mağazalar şarappıltıyla qapısını-pəncərəsini kilidləyir - hər kəs təmtaraqla iftar açmağa hazırlaşır. Küçə-bacadakı kafelər, restoranlar ətrafında iynə atsan yerə düşməz. Bu yerin camaatı, deyəsən, evdə qazan asmaq vərdişini çoxdan unudub. Maraqlanınca səbəbini də anlayıram. Restoranlarda yemək o qədər ucuz ki, ev yeməyilə eyni məsrəf aparır - bu halda əlavə əziyyət çəkməyə nə ehtiyac? Amma bu məkanın da bir əmması var - oruc tutmamısansa - vay sənin halına. Hər kəsin ibadət və dini görüşlərinə hörmətlə yanaşdığımı vurğulayıb da bu faktın üzərindən sükutla keçə bilmirəm. Turist qismində təşrif buyurmusansa və (demokratiyanı qoyuram bir kənara) elə dini baxımdan da oruc tutmağın məsləhət deyilsə, gün boyu bir restoranda ürəyin istəyən kimi yemək yeyə bilməyəcəksən. Lap israr etsən, bir parça yemək atacaqlar qarşına, amma restoranın ən dar köşəsində, gözdən uzaq, havasız, işıqsız bir yerdə - az qala "al boğmalan" ifadəsinə uyğun bir tərzdə. "Qardaşım, mənim haqqımı niyə yeyirsən? Normal şəraitdə nahar edə bilmərəmmi?" sualınınsa cavabı çox pis olacaq - "Bəs oruc tutanların gözü qarşısında yeyərkən onların haqqını tapdalamırsanmı?" - deyə sənə irad tutacaq, lap təhqir də edə edəcəklər. Bu məkanda din hər şeydir. Din qadağadır, qınaqdır, cəzadır burada. Bu insanların təqdimatında. Mənim təqdimatım alayı cürdü: din - sevgidi - tanrı sevgisi, şükranlıqdı - həyat üçün şükranlıq, din azadlıqdı - etiqad azadlığı, gözəllikdi - insanın daxilindən süzülən gözəllik, ruhun və əməlin gözəlliyi.

***

Trabzonun Maçka ilçəsindəyik. Tarixin ən qədim tikililərindən biri bu məkandadı - Sümela monastırı. Dördüncü əsrdə inşa edilən monastır dəniz səviyyəsindən 1150 metr yüksəklikdə sıldırım qayalıq üzərində, tarixdən də qocaman dərin meşənin əhatəsindədir. Digər xristian abidələri kimi bu abidə də tam rəsmlərlə bəzənmiş. 1700 il əvvəl çəkilən freskalarda Adəmlə Həvvanın rəvayəti, İsanın doğulması, Müqəddəs Məryəmlə bağlı hekayətlər təsvir olunub. Rəvayətə görə, İsanın həvarilərindən olan Lukanın çəkdiyi bir ikona da burada saxlanılırmış. Məkanın coğrafi gözəlliyi bir yana, 1700 il əvvəl insanların ora necə getməsi, nə çür çıxması, o rəsmləri uca-uca tavanlara necə həkk etməsini düşününcə heyran qalmaya bilmirsən. Hər il yüz minlərlə insanın ziyarət etdiyi bu maraqlı abidə YUNESKO-nun mədəni irsi siyahısındakı ən dəyərli məkanlardan biridir. Səyahət vaxtı iri molları, ticarət mərkəzlərini, restoranları hədəfləməyin lütfən. Tarixə baş vurun. İnsan oğlunun dünəni bugünündən daha maraqlıdır.

***

Veni, vidi və... tərsinə. Getdim, gördüm və məğlub oldum. Cəmiyyətin durumu - elmsizlik, fanatiklik, önyarğı. Tarixin payı və təbiətin durumu - bol səxavətlə paylanan gözəllik, bir də gözəllik. Hər iki duruma məğlub olmamaq qeyri-mümkün.


Müəllif: Afaq Vasifqızı