Bu il Gürcüstanın idxal edəcəyi təbii qazın 2,9 milyard kubmetri və yaxud 87,52%-i Azərbaycanın payına düşəcək.
Teleqraf.com xəbər verir ki, bu göstərici ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin 2025-ci il üzrə təbii qazın idxal proqnozunda əks olunub.
Azərbaycandan idxal olunacaq həcmin 1 milyard 598 milyon kub metri “Şahdəniz” yatağının, 1 milyard 308 milyon kub metri isə SOCAR şirkətinin payına düşəcək.
Sənədə əsasən, qonşu ölkənin bu il ümumilikdə, 3 milyard 322 milyon kub metr təbii qaz tədarük edəcəyi proqnozlaşdırılıb.
Gürcüstan Rusiyadan isə 400 milyon kub metr təbii qaz alacaq. Bu həcm illik müqayisədə iki dəfə çoxdur və Gürcüstanın ümumi qaz tədarükünün 12%-nə bərabərdir.
Qeyd edək ki, bu il Gürcüstanda qaz istehlakının 3,28 milyard kub metr təşkil edəcəyi gözlənilir.