Dövlət İqtisad Universitetində (UNEC) təmir xərclərinin icrası prosesində təşkil olunan nəzarət fəaliyyətinin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilən işlərin dəyər və həcmi artırılıb.
Teleqraf.com xəbər verir ki, Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən UNEC-də keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinə istinadən xəbər verir ki, yerinə yetirilməyən təmir işlərinin dəyərinin ödənilməsi hallarına yol verilib.
Müvafiq nöqsanlar səbəbindən Quba tədris, idman və istirahət mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6%-i, tədris binalarının əsaslı təmiri üzrə müqavilə məbləğinin 1,6%-i və cari təmir üzrə müqavilələrin 8,8%-i qədər vəsait artıq icra edilib.
Satınalmanın planlaşdırılması ilə bağlı tələblərə əməl olunması fonunda mütəmadi olaraq təşkil olunan və eyni dövrdə keçirilən tədbir üzrə fəaliyyətin gecikdirilməsi nəticəsində təcili tələbat əsas gətirilməklə müsabiqəsiz şərtlərlə vəsait icra edilib.
Qeyd edək ki, bir mənbədən satınalmaların ümumi satınalma həcmində məbləğ olaraq xüsusi çəkisi 2022-ci ildə 8,6%, 2023-cü ildə isə 18,7% təşkil etsə də, satınalma sayında xüsusi çəkisi 2022-2023-cü illərdə müvafiq olaraq 45,5% və 47,4% təşkil edib. Bu da nəzərəçarpacaq dərəcədə çoxdur.