UNEC-ə 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübü ərzində müxtəlif mənbələrdən ümumilikdə 119 221,2 min manat vəsait daxil olub. Bunun 125086,4 min manatı məxaric edilib.
Teleqraf.com Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinə istinadən xəbər verir ki, UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində 7,8% səviyyəsində artım baş verib.
Bu da dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2% və digər gəlirlərin 2,3 dəfə artımı ilə bağlı olub.
Hesabatda bildirilir ki, ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilən öhdəliklərə nəzarət tam təmin olunmayib. Eləcə də kredit haqlarının hüquqi aktların tələblərinə uyğun şəkildə yığılmaması təhsil haqqı üzrə debitor borc məbləğinin artımına səbəb olub.
Xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməyib. Nəticədə, dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.