25 İyun 2015 12:01
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əliyev: “Milli Şura üçün qırmızı cizgilər, milli maraqlar əhəmiyyət kəsb etmir”

“Unutmaq lazım deyil ki, indi bir-birinə qarşılıqlı ittihamlar yağdıran AXCP və Müsavat 2011-ci ildə Azərbaycana ərəb baharını transfer etmək istəyirdi. Şükürlər olsun ki, bu layihə baş tutmadı və Qərbdən olan dəstəkçiləri zəif çıxdılar. Beləcə, İctimai Palata xalqın dəstəyini ala bilmədi. İndi ərəb baharına cəlb edilən dövlətlərin durumu göz önündədir. Liviya dövlət kimi artıq mövcud deyil. Tunis ciddi sosial gərginlik şəraitində yaşayır, bir dövlət çevrilişi yaşandı. Yəmən hərbi münaqişəyə cəlb olunub. Suriya dövlət kimi sıradan çıxıb. Bu prosesə cəlb edilən hər bir ərəb dövləti demək olar ki, eyni aqibəti yaşayır. Əminəm ki, İctimai Palatada ərəb baharı inqilabının həvəskarları olan məsuliyyətsiz siyasətçilərin istəyi baş tutsaydı, Azərbaycanın da durumu ərəb ölkələrindən fərqlənməyəcəkdi”.

Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Müsahibəni təqdim edirik:

- Əli müəllim, artıq neçə gündür I Avropa Oyunları davam edir. Yarışları izləyirsinizmi?
- I Avropa Oyunlarının açılış mərasimini və hazırda davam edən idman yarışları ilə bağlı prosesi yüksək qiymətləndirirəm. İdmançılarımızın göstərdiyi nəticələr, idman növləri üzrə qazanılan medallar yüksək həddədir. Yəni təkcə Azərbaycanın təşkilatçılıq məsələsi deyil, əldə edilən medallar və qələbələr xüsusilə qeyd edilməlidir. Eyni zamanda, ölkə başçısının və onun ailə üzvlərinin idman yarışında idmançılarımıza verdiyi dəstəyi xüsusilə qeyd etmək lazımdır. Meydana çıxan idmançı üçün Prezidentin bu yarışı izləməsi, qalibə şəxsən özünün mükafatı təqdim etməsi böyük simvoldur və ruhlandırıcı amildir. Bu baxımdan gözləmədiyim idman nəticələri tablosu yaranıb. Belə ki, əlli Avropa ölkəsinin iştirak etdiyi yarışda ölkəmizin Rusiya və Almaniya kimi idman ölkələrinin yanında yer alması böyük uğur kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, idman böyük investisiya tələb edən, böyük dövlət qayğısı istəyən bir sahədir. Ancaq Azərbaycan kimi kiçik bir dövlətin belə mötəbər yarışlarda kifayət qədər yüksək nəticə göstərməsi yaxşı keyfiyyət kimi qiymətləndirilməlidir. Avropa Oyunlarında Azərbaycan üçün xarakterik olmayan idman növlərində nəticələrin əldə olunması idman sahəsində yaxşı siyasətin aparıldığını göstərir. Müşahidələrim onu deyir ki, bu prosesə yaxşı məşqçilərin, idmançıların legioner qismində ölkəmizə gətirilməsi və milliləşdirilməsi, gələcəkdə Azərbaycanda bu istiqamət üzrə idman məktəblərinin və ənənələrin formalaşmasına səbəb olacaq. Ümid edirəm ki, bu inkişaf gələcəkdə Azərbaycanın böyük Olimpiya Oyunlarında təşkilatçı olmasına səbəb ola biləcək.

- Sizin özünüzün xüsusi olaraq baxdığınız idman yarışı varmı?
- Əlbəttə, var. Açığı, mən daha çox bizim uda biləcəyimiz sahələrə baxıram. Bunun bir səbəbi də, baxdığım idman yarışlarının ölkəmizdə uzun illər ənənəsinin olmasından doğa bilər. Mən daha çox təkbətək döyüş növlərini izləyirəm. Konkret olaraq güləşin bütün növləri, karate, taekvondo kimi sahələrə diqqətlə baxıram. Hazırda böyük səbirsizliklə cüdo yarışlarının başlanmasını gözləyirəm. Boksda bir neçə idmançımızın yarımfinala çıxması, beləliklə, medalların təmin edilməsi sevindirici haldır.

- Komanda oyunları sizi cəlb etmirmi, axı siyasətə, əslində, komanda oyunu tələb edən peşədir...
- Komanda oyunlarında daha çox voleybolu və futbolu izləyirəm. Bizdə voleybol güclüdür və onu maraqla izləmək lazımdır. Eyni zamanda, su idman növlərində üzgüçülüyə maraq göstərirəm, artıq yarışlar iki gündür ki, başlayıb. Maraqla və ardıcıl sürətdə yarışları izləməyə çalışıram. Prosesi nəzarətdə saxlayıram.

- Hazırda müxalifət düşərgəsində yeni qarşılıqlı ittihamlar prosesi yaşanır. Bunu da izləyirsinizmi?
- Təbii ki, baş verənləri media vasitəsilə izləyirik. Bu qarşıdurma daha çox müxalifətin lideri olmaqla bağlı bir qovğadır. Uzun illərdir ki, bu iki partiya arasında qarşıdurma davam edir. Qarşılıqlı və ucuz tənqidlər, bəzi hallarda faktlar var. Onsuz da cəmiyyətin siyasi proseslərdə fəallığı yüksək deyil. Hakimiyyətdən narazı olanlar müxalifətin bu qarşılıqlı ittihamlarını müşahidə edir və bu da onlara olan etimadı bir qədər də azaldır. Açığı, siyasi proseslərin belə zəif olmasının bir səbəbi də narazı təbəqənin özünə siyasi qüvvə tapmamasıdır. Belə qarşıdurma insanların etimadını azaldır. Hər halda nəticə budur.

- Qarşılıqlı ittihamlarda Milli Şuranın Rusiyanın projesi olması məsələsi yenidən gündəmə gəlir...
- Mən o zaman da qeyd etmişdim ki, Milli Şuranın ayrı-ayrı fərdlərinin Rusiyanın agenti olması iddiasını irəli sürmürəm. Amma Milli Şura 2013-cü ildə Rusiya layihəsi kimi ərsəyə gəlmişdi. Məsələn, Milli Şura layihəsi ortaya çıxmazdan əvvəl biz bu haqda mətbuata açıqlamalar vermişdik. Mən bir neçə faktı deyə bilərəm. Milli Şuranın prezidentliyə namizədi, hazırda da qurumun fəxri sədri olan Rüstəm İbrahimbəyovun harada yaşaması məsələsi var idi. Onun Rusiya vətəndaşı olduğu bəllidir və hazırda da Rusiyada fəaliyyət göstərir. Biz bu məqamları illər əvvəl deyəndə ciddi faktlara söykənirdik. 2013-cü ilin sentyabr ayında İsa Qəmbərin özünün maraqlı açıqlaması oldu, bildirdi ki, biz Rusiya layihəsini Azərbaycan layihəsinə çevirə bildik. İsa Qəmbər Cəmil Həsənlinin Milli Şura rəhbərliyinə gətirilməsindən sonra verdiyi bəyanat idi. Həmin dövrdə İsa Qəmbər Müsavat Partiyasının başqanı idi və şurada aktiv fəaliyyət göstərirdi. Yəni buna qədər biz deyirdik ki, İbrahimbəyov Rusiyada yaşayır, bu ölkənin vergi ödəyicisidir. İsa Qəmbərin məlum bəyanatı göstərdi ki, bu, ancaq bizim mövqeyimiz deyildi. Milli Şuranın təsisçilərindən birinin ortaya belə mövqe qoyması haqlı olduğumuza işarə idi. Biz Milli Şuranın milli qurum deyil, bir layihə olduğunu deyəndə, heç bir qüvvə bunu gündəmə gətirmirdi. Bu baxımdan iddia etmirəm ki, indiki Milli Şura Rusiya layihəsi kimi çıxış edir. Çünki hazırda Moskva üçün də belə bir qurum lazım deyil. İndilikdə Milli Şura radikal xətt tutub və bu yolla davam edir.

- Belə görünür ki, bu qurum istədiyi vaxt yenidən anti-Azərbaycan layihələrdə yer ala bilər?
- Ümumilikdə, onlar hansısa mərhələdə Rusiyanın müttəfiqi ola bilərlər. Hazırda onlar I Avropa Oyunlarını gözdən salmağa cəhd edən bəzi Qərb təşkilatlarının siyasi müttəfiqi kimi çıxış edirlər. İstisna etmirəm ki, onlar gələcəkdə İranın da müttəfiqi ola bilərlər. Yəni bu təşkilat sırf siyasi maraqlardan çıxış edir və onlar üçün qırmızı cizgi, milli maraqlar məsələsi əhəmiyyət kəsb etmir. Unutmaq lazım deyil ki, indi bir-birinə qarşılıqlı ittihamlar yağdıran AXCP və Müsavat 2011-ci ildə Azərbaycana ərəb baharını transfer etmək istəyirdi. Şükürlər olsun ki, bu layihə baş tutmadı və Qərbdən olan dəstəkçiləri zəif çıxdılar. Beləcə, İctimai Palata xalqın dəstəyini ala bilmədi. İndi ərəb baharına cəlb edilən dövlətlərin durumu göz önündədir. Liviya dövlət kimi artıq mövcud deyil. Tunis ciddi sosial gərginlik şəraitində yaşayır, bir dövlət çevrilişi yaşandı. Yəmən hərbi münaqişəyə cəlb olunub. Suriya dövlət kimi sıradan çıxıb. Bu prosesə cəlb edilən hər bir ərəb dövləti demək olar ki, eyni aqibəti yaşayır. Əminəm ki, İctimai Palatada ərəb baharı inqilabının həvəskarları olan məsuliyyətsiz siyasətçilərin istəyi baş tutsaydı, Azərbaycanın da durumu ərəb ölkələrindən fərqlənməyəcəkdi.

- AXCP-Müsavat qarşıdurmasının görünməyən səbəbləri nə ilə bağlıdır?
- Bu, müxalifətin lideri olmaq uğrunda gedən mübarizədir. Parlament seçkiləri öncəsi həm hakimiyyətə, həm də Qərbə “mən daha çox aparıcı qüvvəyəm” görüntüsü yaratmaq təşəbbüsüdür. Ancaq bu gün qarşılıqlı ittihamlarda olan hər iki tərəfin dediklərində həqiqət var.

- Prosesin sonunu necə görürsünüz?
- Bu partiyalar uzun illərdir ki, bir-birinə qarşı ittihamlar yağdırır, amma sonradan müttəfiq də ola bilirlər. Mən gələcəkdə onların yenidən barışacağını və seçkilərdə birgə iştiraklarını da mümkün sayıram. Onların siyasi təcrübəsində belə hallar çox olub. Ancaq hesab edirəm ki, bu, çox yanlış siyasi xətdir. Müsavat-AXCP qarşıdurmasının kökləri 1992-ci ilə gedib çıxır. O zaman hakimiyyətdə AXC-Müsavat idi və tərəflər arasında da qarşıdurma var idi. Sonrakı dövrlərdə də bu qarşıdurma müxtəlif formalarda özünü göstərdi. Əbülfəz Elçibəy vəfat etdi, AXCP bölündü və qarşıdurma yenidən vüsət aldı. O zaman AXCP-ni kim təmsil edəcək məsələsində gərginlik yarandı. Müsavat da AXCP-dən ayrılan qüvvələrdən birini tanıdı. Bu günə qədər qarşıdurma davam edir. Onu da qeyd edim ki, müxalifət məsuliyyətini daşımalı olan bu iki qüvvənin funksionerləri ümumi maraqlardan çıxış etməyib, şəxsi maraqlarını önə çəkiblər. Təəssüflər olsun ki, bəzi hallarda qarşıdurma təhqir müstəvisinə gəlir. Bunun müxalifətə heç bir xeyri yoxdur.

Nemət


Müəllif: