12 İyul 2014 20:32
2 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Beçinci yazı)

2012-ci ilin sonlarında, daha dəqiqi, noyabr-dekabr aylarında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qələmə aldığı "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqalə ölkənin intellektual çevrələrində geniş müzakirə olundu. Həmin məqalədə Səfəvi xanədanına, Şah İsmayılın şəxsiyyətinə qaynaqlara və həmin dövrü araşdırmış samballı tarixçilərə istinadən xüsusi diqqət yetirilir, Azərbaycan bahadırına subyektiv mülahizələrlə edilən hücumlara yeri gəldikcə tutarlı cavab verilirdi.

Məqalədə cənab Mehdiyevin Şah İsmayılın qurduğu dövlətə yanaşmasındakı konseptuallıq xüsusi diqqət çəkirdi və ifadə olunan mövqe ciddi faktlara söykənməklə Azərbaycanda ictimai şüurun, tarix bilincinin inkişafı, çağdaş Azərbaycan dövlətçiliyi üçün ən başlıca siyasi və kültürəl dayağın möhkəmlənməsi baxımından son dərəcə təqdirə layiq idi.

Müəllif, həmin məqalədə, öz sözləri ilə desək, "yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini ümumi cizgilərlə" göstərməmişdi, eyni zamanda milli kodlarımızın dəyişdirilməsi üçün edilən ardıcıl cəhdlərə qarşı prinsipial mövqe sərgiləməklə dövlətçilik üçün ənənələrin əhəmiyyətinə geniş ictimai diqqət çəkmişdi. Ramiz Mehdiyevin Azərbaycanın akademik çevrələrindəki ağırlığını, dövlət ierarxiyasındakı yüksək ranqını, cəmiyyətdəki nüfuzunu nəzərə aldıqda sözügedən məqalənin yaratdığı motivasiyanı da ictimai maraqlar baxımdan faydalı olduğunu əminliklə vurğulamaq mümkündür.

"Şah İsmayılın strateji məqsədi dövlət maraqlarını müdafiə etmək idi. Dövlətin ərazisinin yeni torpaqlar hesabına genişlənməsinə, Azərbaycan dövlətinin keyfiyyətcə yeni xarakter almasına baxmayaraq, yeni türk əyaləti deyil, öz xüsusi məqsəd və maraqları olan imperiya yaradılmışdı. Bu, vahid, mərkəzləşdirilmiş, öz etnik tarixi, ərazisi və ideologiyası, bütün zəruri dövlət atributları olan Azərbaycan dövləti idi və təsir dairəsi uğrunda rəqabət aparan qonşularla münasibətlərdə özünü göstərməyə bilməzdi"- deyə Ramiz Mehdiyev Şah İsmayıla münasibətdə ali baxış sərgiləyirdi.

İndi gəlin məhz bu baxışı əsas götürərək əsrlər öncəsinə qayıdaq və gənc İsmayılın qorunmaq üçün getdiyi Lahicanı tərk etdiyi günlərə nəzər salaq.

Məlumdur ki, o, Lahicanda Mirzə Əli Karkiyanın himayəsində idi və təxminən yeddi ilə yaxın bir zamanda onun üçün ayrılmış evdə qalmış, Ərdəbil dərgahının ən bilikli, bacarıqlı, sadiq yeddi sufisi ilə yanaşı, Mövlanə Şəmsəddindən dərs almışdı.

İskəndər bəy Münşinin yazdığına görə, Ağqoyunlu dövlətində baş verən iğtişaş və çaxnaşma xəbərini eşidən İsmayıl Gilanı tərk etmək istəyir, ancaq Mirzə Əli Karkiya onun bu istəyinə qarşı çıxıb deyir:

"Hələlik dövlət gülüstanının çiçəklənmə vaxtı gəlib çatmamışdır". Yenə də İskəndər Münşinin söyləməsinə görə, Mirzə Əli Karkiya İsmayılın Gilanı tərk etməsinə qarşı çıxmaqda ondan narahat idi ki, Şeyx Heydərin oğlunun yaşı az idi, ətrafında yetərincə qüvvə yoxdu, düşmənləri isə saysız-hesabsız idi.

İsmayıl bu tövsiyəyə bir müddət əməl etsə də, sonucda Gilandan çıxmaq, babası Şeyx Cüneydin, atası Şeyx Heydərin yolu ilə yürümək qərarından daşınmadı və 1499-cu ilin avqustunda Gilandan çıxdı. Onun yanında sadəcə 7 nəfər vardı: Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar...

Bir müddət Ərdəbildə qalıb əcdadlarının məzarını ziyarət etdikdən, Azərbaycanın digər bölgələrində xalqın nəbzini tutduqdan və proseslərin gedişini izlədikdən sonra İsmayıl Ərzincan həndəvərinə gəlir və o yörələrdəki Sarıqaya yaylağına qalxır. Eşidir ki, yaxınlıqdakı mağaralarda yaşayan ayılar tez-tez obalara hücum etdiyindən əhali arasında böyük təşviş mövcuddur. O, müridlərinə ov hazırlığına başlamağı əmr edir. Qızılbaşlar arasında "halqa ovu" adlanan və əski moğol taktikası olan üsulla tərtib edilən ovlamada İsmayıl az yaşına rəğmən, iki oxla ayı öldürərək çevrədəki türkmən tayfalarına nam salır. Məhz bu ov mərasimindən sonra onun azyaşlı olduğu üçün döyüşlərə sərkərdəlik edə bilməyəcəyi və başqa bu kimi el içində mövcud olan tərəddüdlərə son qoyulur. Qaynaqların şahidliyinə görə, çeşidli türkmən tayfaları ayaqlarını yerə döyə-döyə, mahnı oxuya-oxuya onun çadırına gəlir, öz ehtiram və bağlılıqlarını bildirir, yolunda baş qoymağa and içirdilər.

İstər Şah İsmayıla ehtiram bəsləyən, istərsə də onu qaralamağa çalışan tarixçilərin üzərində yetərincə dayanmadığı bir məqam var. Bu, İsmayılın 1500-cü ilin may ayında Sarıqamışda keçirdiyi qurultaydır.
Xatırlayacaqsınız, 13- cü yüzilin başlarında Timuçin moğol tayfalarını birləşdirmiş və düzənlənən qurultayda Xan seçilmişdi. Növbəti əsrdə- 1370-ci ildə Timur qurultayda "Əmir" elan edilmişdi. 1736-cı ildə isə əfşarların lideri Nadir "Şah" titulunu məhz qurultayda qəbul etmişdi.

Qurultay çağırılması, müxtəlif boyların bir araya toplanması, ağsaqqalların, cəsur və bacarıqlı hərbi komandirlərin iştirakı ilə xanədan qurulması qədim türk ənənəsidir və Şeyx Heydərin gənc oğlu da məhz bu gələnəyə bağlı olduğu üçün türk ellərinə hay salmışdı.

Şah İsmayılın Sarıqamış dağına çağrısına təkcə Ərzincan hüdudlarında yaşayan obalar deyil, bugünkü Azərbaycanın, Anadolunun, İranın, İraqın, Suriyanın dörd bir tərəfindən nüfuzlu türk bəyləri toplaşmışdı.

Onların təmsil etdiyi türk elləri xilafətə boyun əymək istəmirdilər, Osmanlılardan narazı idilər, Ağqoyunlu xanədanındakı daxili çəkişmələrdən və bölgədəki digər iri feodalların bitməyən qovğasından cana doymuşdular. Nəticədə, etno-kültürəl baxımdan həm ərəblərdən, həm farslardan, həm də Osmanlı və digər türksoylu sülalələrin tabanından fərqlənən bir seqment ortaya çıxmışdı. Türkiyə tarixçisi Faruk Sümerin müsbət mənada "yeni ünsür" saydığı bu seqment Azərbaycan türklərinin milli identifikasiyasından doğurdu. Qurultayda iştirak edərək bu seqmentin əsas nüvəsini formalaşdıran və türklüyü şübhə doğurmayan Rumlu, Ustaclı, Təkəli, Şamlı, Zülqədər, Varsaqlı, Turqutlu, Bozcalı, Əcirli və Xınıslı kimi oymaqların əsas siyasi hədəfini isə İsmayıl Sarıqamış qurultayından dərhal sonra, 7 min nəfərlik ordu ilə fəth etməyə getdiyi Şirvanda verdiyi bir sualla aydınlaşdıracaqdı: "Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?"

Bir daha vurğulayaq, Şah İsmayıl günümüzdəki ulus dövlət anlamında bir dövlət qurmamışdı. Səfəvi dövləti, akademik Ramiz Mehdiyevin çox sərrast ifadə etdiyi kimi, "yeni türk əyaləti deyil, öz xüsusi məqsəd və maraqları olan imperiya" idi. Bu imperiyanın qurucusu olan Şah İsmayıl basdırdığı paralarda, verdiyi buyruqlarda, yazdığı məktublarda rəsmi ünvanında "Bahadır" kimi yalnız türklərə aid olan bir tituldan da istifadə edirdi.

Bütün bunlar isə bizə əsas verir ki, Şah İsmayılı Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin qurucusu kimi xarakterizə edən akademik Ramiz Mehdiyevin konsepsiyasına tərəfdar çıxaq. (ardı var)


Müəllif: Taleh Şahsuvarlı