7 Oktyabr 2020 17:31
4 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Köhnəqalanın bir hekayəsi var. İllər öncə oxumuşam. Yadımda belə qalıb: Qarabağ müharibəsində kontuziya alan veteran daim narahatlıq içində yaşayır. Misal üçün, yemək otağından mətbəxə çay gətirməyə gedən həyat yoldaşı bir az ləngiyəndə ona elə gəlir ki, xanımını ermənilər əsir aldılar və təşvişə düşür...

Biz, əlbəttə, döyüşçü kimi müharibədə iştirak etməmişik - döyüşməyənləri nəzərdə tuturam, amma elə biz də kontuziyalıyıq. Mənəviyyatımız, psixologiyamız kontuziya alıb. Qarabağın işğalı, qaçqınlıq, məcburi köçkünlük, dünyanın ədalətsiz münasibəti, münaqişənin 30 il uzanması... hər şey, ətrafımızda baş verən hər şey bizi sarsıdıb. Sarsılmışıq, param-parça olmuşuq, zərrələrə bölünmüşük. Çox, həddən ziyadə çox ağır, “stabil-ağır” keçib həyatımız. Sarsıntı kimi, silkələnmə kimi, zəlzələ kimi, kontuziya kimi ağır...

Bunları niyə yazıram?

Dünən Cəbrayılın işğaldan azad olunması xəbərini aldıq. Təbii, çox sevindik, ürəkləndik, qürurlandıq, bəxtiyar olduq. Amma... Davamını gözlədik. Gözümüz axtardı. Tvitterdə, Feysbukda, TV-də, onlayn mediada... cənab Prezidentin yeni tvitini aradıq. Gözləyirdik ki, müzəffər ordumuzun işğaldan azad etdiyi digər rayonlarlmızın da adı çəkilsin. Deyilsin ki, Füzuli də, Laçın da, Qubadlı da, Kəlbəcər də, Şuşa da, Ağdərə də, Xankəndi də… hamısı, bütün işğalda olan torpaqlarımız azad olunub. Hamısı bizdədir. Artıq bizdədir. Hamısı bizimdir.

Bizə Sevincin və Qürurun ən yüksək dozası daddırılıb. Artıq aşağı dozada heç nə, heç bir şey ruhumuza təsir etmir. Təsəvvür edirsizmi, Cəbrayıl şəhəri, 23 kəndimiz, bir neçə yüksəklik, Murov zirvəsi azad olunub, bizə kifayət deyil, yetərli deyil, bəs eləmir...

Cənab Prezident, lütfən, lütfən, lütfən, bizə xoş xəbərlərin Tvitini göndərin. Hər an, hər dəqiqə, hər saat... Daha haranı aldıq, haranı azad etdik, hara bizimdir... deyin, lütfən. “Bütün Qarabağ” deyin, cənab Prezidentim! Mən artıq Sizə cənab Prezident yox, QÜRURUMUZ demək istəyirəm.

Bircə kəlmə ilə: Qürurumuz! Bayrağımız! Hər şeyimiz!


Müəllif: Teleqraf.com