7 Mart 2015 15:34
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvad sözündən zəndeyi-zəhləm gedir - cinsiyyət bildirən ümumi isimdi və hətta heyvanın cinsiyyətini bildirən müvafiq "dişi" sözü bizim bu göstəricidən daha zərif, daha incə, daha hörmətli səslənir. Bəzən xitab kimi də işlədirlər bu sözü - pis və təhqiramiz xitab kimi. Bu zay sözdən, adətən, aşağılama məqsədilə istifadə edir tərəf müqabillərimiz. Bizim dildə bu, həm də çoxmənalı söz anlamında. Yəni bəlli bir status göstəricisi. Amma olmaması olmasından daha pakizə.

***

Bir ömür yanaşı yol getdiyimiz homo-demonstranslar ki var, yol göstərən insanlar, yəni cəmiyyətin güclü varlıqları hər kəsi öz adıyla çağırdıqları halda bizə adi normal ad verməyi də özlərinə rəva bilmirlər. Bəli, hər kəsin bir adı var - bacı, qardaş, əmi, dayı, bibi, nənə, oğul, xala. Hamının adı var, tək bizdən savayı. Və bu, qlobal bəla olsaydı - dərd yarı. Xeyr, qeyri-bərabər gender siyasəti yalnız bizim millətə xas, yalnız bizə aid. Necə? Açıqlayım, baxın.

***

Rusun kişisi kəbinli halalına "jena" deyir, osmanlı türkü - "eş", ingilis - "wife". Sən nə deyirsən? "Uşaqların anası", "bizimki", "evdəki". "Həyat yoldaşı"? Sovetdən qalma bir yarlıq. Bu söz birləşməsi həm kişiyə, həm də qadına aid edildiyindən anlamı dəqiq ifadə eləmir. Ən yaxşı halda "arvadım" deyirsın - ətin tökülə-tökülə. Çünki "arvad" - bir cinsiyyət göstəricisidi, konkret və hörmətli status deyil.

"Sevgilim"? Düz gəlmir. O anda sevgilin illərlə bir yastığa baş qoyduğun insan yox, tam kənarda düşüncəni məşğul edən birisi də ola bilər. "Xanımım"? Bu da bəlli statusu tam əhatə eləmir. Sevgiliyə də, aşnaya da "xanımım" deyilə bilir. Rusun dilində elə deyil - "jena" ayrı, "lyubovnitsa" ayrı. Türk də qanuni kəbin kəsdiyi qadından başqa heç kəsə "eş" deyə bilməz. Tək sən, Azərbaycan kişisi, uşaqlarının anasına ad verməyi lazım bilməmisən. Səninsə evdə konkret statusun və dəqiq adın var - ər. Yanındakı qadın səndən başqa heç bir kişiyə "ərimdi" deyə bilməz - lap yuxusunda, xəyalında hansısa roman qəhrəmanına vurulsa belə "ər" dediyi yalnız sənsən.

Ayrı-ayrı dönəmlərdə onun da adı olub - əvvəl-əvvəl "sevgilim", sonra "adaxlım" demisən, "şirin çay" paylanandan sonra "nişanlım" adlandırmısan, ta toy gecəsinə qədər. O gecədən sonra o qız yeni ad qazanıb - "evin gəlini" deyiblər ona. Bəs sənin nəyin olub? O pis "arvad" sözünümü demisən ona? O sözü ki - anana, bacına desən, kələyini kəsərlər. Dünənəcən sevgilim dediyinə isə "arvadım" kəlməsini layiq bilmisən. Niyə? Sevginin vüsal məqamı səni niyə kompleksə salıb ki? Həmin gecə o, nə günah işlədib ki, "nişanlı" statusunu itiribən adsız qalıb? Qoşalaşıb doğmalaşdırmaq əvəzinə yalnız cinsəl ehtiyaclarını ödəyəcək birinəmi çevirmisən sevdiyini? Qonum-qonşu yanında adını da çəkməmisən. Küçədə-bacada yol gedəndə qabağa düşüb getmisən, o da müti-müti ardınca addımlayıb, aman, qoşa getdiyinizi kimsə görməsin. Uzun illər elə belə olub axı. Zifaf gecəsindən sonra qadının nəinki istəyinə və yatağına, hüququna da hakim kəsilmisən. Onu adam arasına çıxarmaqdan utanmısan elə bil. O qədər "uşaqların anası" demisən ki, günün birində o da dönüb olub məhz uşaqların anası. Daha çox uşaqlara salıb meylini - sənin təqdim etdiyin kimi. Aranızdakı bağ tamamilə kəsilib. Bu, çoxarvadlılıq ənənəsindən, ya təhtəlşüurdakı natamamlıq kompleksindən irəli gəlməz ki? Ənənə artıq yoxdu. De-yure yoxdu, de-fakto var axı. Bəlkə də, bu üzdən - "çoxarvadlı" kişinin övladına analıq etdiyimizdən bizdə qadın elə anadır? Övladının anasıdır. Bəs sənin nəyindir? Bəlkə, bu çətin günün də yoldaşına bir ad qoyasan, Azərbaycan kişisi? Təkmənalı bir söz tapasan ki, yalnız və yalnız ona aid olsun - "jena" kimi, "supruqa" kimi, "eş" kimi, "wife" kimi? Özümüz varıqsa, adımız niyə yoxdu?


Müəllif: Afaq Vasifqızı