Bakı şəhər sakini Tovuz rayonunda əxlaqsızlıq yuvası təşkil edib və qadınları fahişəliyə cəlb edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Şəfiqə Xankişiyeva Tovuz rayonuna gedərək Qovlar kəndində “Tatar” kafesini icarəyə götürüb. O, həmin kafedə əxlaqsızlıq yuvası təşkil etmək qərarına gəlib.
Şəfiqə Xankişiyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edib. Müştərilər qadınlarla kafenin gizli otaqlarında görüşüblər. Kafedə əxlaqsızlıq yuvasının təşkil olunması ilə bağlı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub.
Məlumat əsasında kafedə əməliyyat keçirilib. Əməliyyat nəticəsində kafenin gizli otaqlarında qadınlarla kişilərin görüşməsi müəyyən olunub. Əməliyyat nəticəsində bir neçə yüngül həyat tərzi keçirən qadın saxlanılsa da, sonradan həmin qadınlar inzibati qaydada tənbeh ediliblər və sərbəst buraxılıblar.
Şəfiqə Xankişiyevanın barəsində cinayət işi başlanıb.
Hacı Zeynalov