09:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çətin oyun olacaq, çünki hücum futbolu sərgiləyən çox yaxşı rəqibə qarşı mübarizə aparacağıq".

Teleqraf.com xəbər verir ki, bunu Rumıniyanın FCSB klubunun futbolçusu Adrian Şut bu gün Bakıda "Qarabağ"la keçirəcəkləri UEFA Avropa Liqasının VII tur matçından əvvəl deyib.

26 yaşlı yarımmüdafiəçi qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib: "Ölkə çempionatında "Germanştadt"la görüşdə istəmədiyimiz nəticə olmuşdu. Oyunu yaxşı keçirsək də, qol imkanlarından yararlana bilməmişdik. Amma artıq o matçı unutmuşuq. Ümidvaram ki, "Qarabağ"a qol vura və qalib gələ biləcəyik".

Şut hədəflərinin Liqa mərhələsində ilk "8-liy"ə düşməkdən ibarət olduğunu da dilə gətirib: "Turnir cədvəlindəki mövqeyimiz çox yaxşıdır, "Top-8"ə can atırıq. Halbuki buna çox az adam inanardı. Lakin biz işləyirik və buna ümid edirik. Bizə "Qarabağ"ın inkişafda olduğunu düşünmək hələlik lazım deyil. Çünki daha yüksək reytinqli komandalarla da oynamışıq və onları təəccübləndirmişik".

Oyunçu "Qarabağ"la matçı zədə üzündən buraxacaq komanda yoldaşları Darius Olaru, Mihay Lixandru, Oktavian Popesku və Vlad Kirikeşin yoxluğu barədə də fikirlərini bölüşüb: "Onların hamısı bizim üçün vacib oyunçudurlar. Biz onlarlayıq və tezliklə kollektivə dönəcəklərini gözləyirik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər