9 İyul 2014 11:13
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun "Qalatasaray" klubu Roberto Mançininin boş qalmış baş məşqçi vəzifəsinə artıq yeni namizəd tapıb.

Bir italyanla yolları ayıran, əvəzində isə daha bir italyalı mütəxəssislə anlaşan "cim-bom" azarkeşlərini də bir xeyli təəccübləndirdi. Hazırda davam eləyən mundialda İtaliya yığması ilə ciddi uğursuzluq yaşayan Çezare Prandelli heç kimin gözləmədiyi bir anda "Qalatasaray"la anlaşması futbolsevərlər arasında birmənalı qarşılanmadı.

Ancaq fakt budur ki, müqavilə imzalanıb və rəhbərlik Prandelliyə güvənir.

Gəlin biz də öz aramızda aydınlaşdırmağa çalışaq, görək Prandelli "Qalatasaray"da nə edə bilər? Əgər mənim mülahizələrim sizin üçün maraqlıdırsa bundan sonrasını diqqətlə oxuyun.

1. Hər bir İtaliya futbolu təmsilçisi kimi Prandelli üçün də birinci önəmli olan taktikadır. Bəs yaxşı, görəsən həftədə ən az iki məşqi sırf taktiki məşğələlər üzərində quran bir məşqçi ilə yola getmək komandanın əsasını təşkil eləyən türk futbolçular üçün çətin olmayacaqmı? Çünki məlum məsələdir ki, türk futbolunda hətta uşaq futbol məktəblərindən başlayaraq taktika hər zaman ikinci planda olur. Erkən yaşlarından daha çox texnikaya alışdırılan futbolçular, dar macalda isə "Haydı, aslanım!", "Haydı, qoçum!" kimi milli motivasiya vasitələri ilə adaptasiya edilirlər.

2. Türkiyədə hazırda davam edən, hətta gələcək mövsümdən daha da sərtləşdirilərək 6+5+3 modelli legioner limiti də Prandellinin işinə əngəl olacaq amillərdəndir. Yuxarıda da qeyd elədiyim kimi yerli oyunçularla Avropa təfəkkürlü ideyaları həyat keçirmək olduqca çətindir. Üstəlik, komandanın maddi durumu və manevr imkanlarının da məhdud olduğu aydın məsələdir.

3. Bütün böyük liqalardan gələn baş məşqçilər kimi Prandelli də oyunlara "səfərdə heç-heçə sərfəlidir" fikri ilə yanaşsa ciddi uğursuzluq yaşaya bilər. Çünki Türkiyə çempionatı elə bir marafondur ki, kimin kimi hansı məqamda yenə biləcəyini proqnozlaşdırmaq olduqca çətindir. O səbəbdən bütün oyunlara tam bir final havası ilə yanaşmaq lazımdır. Üstəlik, oyunlara qol buraxmamaq inadı ilə yanaşsa və əlindəki xarici oyunçu seçimlərini bu xüsusda istifadə eləsə azarkeşlərlə problem yaşaya bilər.

4. Uzun müddətdir klub çalışdırmayan bir məşqçinin həftəlik qrafikə necə uyğunlaşacağı da maraqlıdır. Çünki həm Çempionlar Liqasında, həm ölkə kubokunda, həm də milli çempionatda mübarizə aparacaq "Qalatasaray" bəzən hətta üç gündən bir oyun keçirməli olacaq ki, bu templə ayaqlaşmaq bu işi yadırğamış bir məşqçi kimi Prandelliyə çətinlik yaradacaq.

Bütün bu neqativ hallarla bərabər don Çezarenin üstün cəhətləri də var.

1. Xaos vəziyyətdə olan "Fiorentina"nı qəbul edərək böyüklərlə başabaş mübarizə aparacaq bir komanda eləmək məhz Prandellinin əməyinin nəticəsi idi. Həmin komanda ilə ikinci ilində mövsümə 15 xalla başlamasına baxmayaraq ilboyu toparlanaraq komandanın mövsümü yuxarı yerdə bitirməsi də məşqçi bacarığının göstərgəsi idi.

2. İşində intizamlı olması, vahid taktiki rejimə sadiq qalması, heyətlə və oyunçu seçimləri ilə tez-tez oynamağı sevməməsi də don Çezarenin üstünlüklərindən biridir.

3. İtaliya milli komandasında Balotelli, Kassano kimi problemli oyunçularla rahatlıqla anlaşa bilən bir mütəxəssis "Qalatasaray"da da Melo və digər şıltaq xarakterli futbolçularla rahatlıqla anlaşa biləcək kimi görünür.


Müəllif: Zaur Xudiyev