Tam əminliklə deyə bilərik ki, hələ belə bir dünya çempionatı izləməmişdik. Başdan-başa sürprizlərlə, gözlənilməzliklərlə dolu olan bu mundial uzun müddət yaddaşlardan silinməyəcək.
Sürprizləri tamamlanmış bilirdik, amma arxı tullanmamış “hop” demək caiz deyilmiş. Yarımfinaldakı dörd komandanın hər biri iddialı, dünya futbolunda xüsusi çəkisi olan yığmalar idi, bu səbəbdən istənilən nəticə normal qəbul olunacaqdı. Ancaq sən saydığını say, gör Almaniya milli komandası nə sayır...
Almanlar Braziliyaya yarımfinalda elə bir toy tutdular ki, 100 il sonra da yaddan çıxmayacaq. Hətta çempionatı qrup mərhələsindən tərk eləyən İtaliya, İspaniya, İngiltərə kimi nəhəng yığmalar da özlərini bu qədər əzilmiş hiss eləməmişdilər.
Hər şey birdən-birə oldu. Hətta ən nikbin alman azarkeşi də belə bir hesabı xəyalından keçirməzdi. Ümumiyyətlə, bu cür oyunlar yüz ildən bir meydana sıxır ki, bu dəfə onu izləmək bizim bəxtimizə düşdü.
Oyun haqqında o qədər danışlıb, o qədər deyilib ki, biz nə söyləsək kimisə təkrarlamış olacağıq. Yalnız bir qeydlə kifayətlənəcəyik. Statistikaya görə, Braziliya oyunboyu qapıya Almaniyadan daha çox, düz 18 zərbə vurub. Cəmi biri qol olub...
Sosial şəbəkələrdə də bu oyun əməlli-başlı trend oldu. Hətta həmin gecə yazılan, Braziliya ilə məzələnilən statuslardan xəbər də düzəltdilər.
İnsaf naminə deməliyik ki, ard-arda 5 qolun vurulduğu 20-25 dəqiqə istisna olmaqla Braziliya o qədər də pis oynamadı. Xüsusilə, ikinci hissənin əvvəllərində sanki 5 qol buraxmış komanda bunlar deyilmiş kimi fasiləsiz hücumlar təşkil eləyən Braziliya yığması o anlarda bircə qol vura bilsəydi, oyun tamam başqa məcrada davam edə bilərdi.
Əlbəttə, 5 qoldan sonra oyunun qayıdacağını iddia eləmək aşırı optimistlik olar, ancaq hər halda almanlar bu qədər rahat ola bilməyəcəkdilər. Hadisələrin bu şəkildə inkişafını isə alman qapıçı Noyer əngəllədi. Oyun beləcə biabırçılıqla bitdi.
Sürprizlər isə yarımfinalda da yaxamızdan əl çəkmədi.
İkinci yarımfinal oyunu nisbətən sakit, hətta çox sakit keçdi. Argentina ilə qarşılaşan Hollandiya bu dəfə meydanı məyus tərk eləyən tərəf oldu.
Cənubi amerikalılar meydana mümkün olan ən yaxşı taktika ilə çıxmışdılar. Hollandiya kimi bir komandaya boş sahə vermək, Robben kimi sprinterə isə topla çox oynamağa imkan yaratmaq olmazdı. Bütün bunları əsas tutaraq sıx müdafiə olunan “gümüşlər ölkəsi”nin komandası meydanın hər qarışı uğrunda amansız mübarizə aparırdı.
Hücumda ciddi əksikləri olan Argentinada Di Mariya və Aqueronun zədəli olması ümumi ansamblın çıxışına təsir eləyirdi. Belə bir məqamda hücumçulardan daha çox müdafiəçi və yarımmüdafiəçilərin bacarıqları öz sözünü deməli idi.
Argentinanın heyətində Masçeranonun oyununu xüsusi qeyd eləməsək olmaz. 120 dəqiqə boyunca meydanın hər yerində Robenə göz açmağa imkan verməyən dayaq yarımmüdafiəçisi komandasının qələbəsində əsas fiqurlardan biri idi.
Sonda, penalti zərbələri zamanı Lui Van Qal bundan öncəki Kosta Rika ilə oyunda olduğu kimi psixoloji gediş edə bilərdi. Ancaq görünür, baş məşqçi sonun “lotoreya”ya qalacağını güman eləməmişdi. Yoxsa bu dəfə də zərbələr öncəsi Tim Krulun oyuna daxil edilməsi rəqib üzərində əla psixoloji təzyiq yarada bilərdi. Penaltilər vurulan zaman isə artıq Van Qalın 3 oyunçu dəyişiklik limiti bitmişdi.